İki gün idi ki, ölkənin ünlü qələm sahibləri Şahdağın ətəklərində – Qubada əsrarəngiz təbiətin qoynunda toplaşmışdılar. Orada Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum keçirilirdi. Konfrans dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyevin təqdimatından sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ulu öndər haqında özəl xatirələrini danışıb. Qeyd edib ki, Heydər Əliyevin sayəsində Azərbaycan ədəbiyyatı mükəmməl tarixi yol keçərək bugünkü səviyəsinə gəlib çatıb. “2023-cü il tariximizdə “Heydər Əliyev İli” kimi qalacaq. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub”.
Xalq yazıçısı bildirib ki, ulu öndər Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, mədəniyyətin bütün sahələrinə məhz dövlətçilik mənafeləri prizmasından yanaşırdı. Bu baxımdan Heydər Əliyevin Azərbaycan ədəbi mühitinin inkişafında xidmətləri misilsizdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərdən danışıb. Millət vəkilləri – Xalq şairi Sabir Rüstəmxanlı, Aqil Abbas, Jalə Əliyeva, həmçinin Xalq yazıçısı Elmira Axundova, AYB sədrinin müavini Rəşad Məcid, AYB katibi Elçin Hüseynbəyli və başqaları ümummilli liderin ədəbiyyatımıza verdiyi töhfələrdən konkret faktlar əsasında söhbət açıblar.
Yazarlar Səyyad Aran, Firuz Mustafa, Əkbər Qoşalı, Orxan Fikrətoğlu, Qəşəm Nəcəfzadə, Sayman Aruz, İbrahim İlyaslı, Ramiz Qusarçaylı və başqaları ətraflı məruzələr ediblər.
İki günlük konfrans zamanı həm də AYB-nin Heydər Əliyevə həsr etdiyi "Əbədi ömrün 100 ili" kitabının təqdimatı olub. Qeyd edək ki, daha öncə kitab AYB-nin Natəvan klubunda təqdim olunmişdu və nəşrin bir çox bölgələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”