Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı cəmiyyətdə böyük rəğbətlə qarşılanmaqla yanaşı, özündə Ulu öndərin ruhuna müstəsna dəyəri, sayğını təcəssüm etdirən alicənablıq nümunəsidir. Bu, müstəqillik dövrünün ən böyük əfvidir.
Qətiyyətlə söyləyə bilərik ki, Azərbaycan dövləti humanizm prinsiplərinin bərqərar olmasına xidmət edən, xalqın hakimiyyətə və ədalətə etimadını artıran ənənəvi siyasəti davam etdirir. Müstəqillik dövründə insan haqlarının qorunmasına, ümumbəşəri dəyərlərin möhkəmlənməsinə və onların daha da inkişafına xidmət edən əfv və amnistiya aktları cəmiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir. Hər bir vətəndaşın həm də bir fərd kimi mənafeyinin əsas götürüldüyü hüquqi və sivil dövlət prinsiplərinə həssas yanaşmanın təcəssümü sayıla biləcək bu mühüm sənədlərin ərsəyə gəlməsi artıq ənənə halını alıb.
Dövlət başçısının müstəsna hüququ sayılan əfv etmək kimi humanizm və mərhəmət nümunəsi, insanpərvərlik aktı bayram ərəfəsində, əlamətdar tarixi günlərdə minlərlə ailəyə sevinc bəxş edib. Bu xeyirxahlığın və humanistliyin təməli isə sabah 100 ilik yubileyini dünya azərbaycanlılarının böyük iftixar və qürur hissi ilə qeyd edəcəkləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan dövlətçiliyinin memarı, dahi siyasətçi və müdrik rəhbərin yubileyi ilə bağlı ən böyük əfv sərəncamının onun yolunun layiqli davamçısı, o böyük şəxsiyyətin yetirməsi və siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən imzalanması qətiyyən təsadüf sayıla bilməz. Bu qanunauyğunluğun özündə hakimiyyət estafetinin ali dövlətçilik prinsiplərinə söykənməsi, ataların başladığı yolu övladların qətiyyətlə davam etdirməsi kimi milli qan yaddaşımızdan irəli gələn köklər var. Bu, həm də ata vəsiyyətini ardıcıl yerinə yetirən layiqli övladın onun ruhuna ən gözəl töhfəsidir. Şuşamızı azad görmək istəyən ümummilli liderimizin arzusunu gerçəkləşdirən İlham Əliyevin bu diləyin cəmiyyətin sosial həyatında da əks-sədasını təmin etməsidir, – desək, yanılmarıq.
Müstəqillik tariximizə nəzər salsaq görərik ki, 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən 32 əfv fərmani, 7 amnistiya aktı imzalanıb. Bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanıb, cəzadan azad edilib, 78 mindən çox insana amnistiya şamil edilib, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin möhkəm və sağlam təməllər üzərində ucaltdığı siyasi olimpin bayraqdarı İlham Əliyev əfvetmə institutunu daimi fəaliyyət göstərən işlək mexanizmə çevirməyi bacarıb. Prezident tərəfindən imzalanmış, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş əfv və amnistiya aktları minlərlə ailəyə sevinc, on minlərlə məhkuma yenidən azadlıq bəxş edib. 2003-2022-ci illər ərzində Azərbaycanda 36 əfv, 5 amnistiya elan edilib. Ümumilikdə, müstəqillik dövründə ölkəmizdə 12 amnisiya aktı, 68 əfv sərəncamı imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə bağlı rəsmi məlumatda qeyd olunur ki, bu məqsədlə cari ilin yanvar ayından etibarən Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilib və həmin iclaslarda 2400-ə yaxın sənədə baxılıb. Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463-ü azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Cənab Prezidentin əfv sərəncamında qeyd olunur ki, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ulu öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkum edilmiş bir sıra şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunur.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 2018-ci il 24 may tarixli əfv sərəncamı 634 məhkuma şamil edilmişdi. Azərbaycanın müstəqillik tarixinin ən böyük əfv aktı sayılan ümummilli liderin doğum günü ilə bağlı azadlığa çıxacaq məhkumların sayı isə 801 nəfərdir. Bu o deməkdir ki, 100 illik yubileyini bayram edəcəyimiz ulu öndərin anadan olduğu gün - may ayının 10-dək sərəncam tam icra olunacaq və 801 ailə sevinəcək.
İlham Əliyevin budəfəki əfv sərəncamı ulu öndərin ruhuna ən böyük sayğının təcəssümü olmaqla yanaşı, həm də hakimiyyətin cəmiyyətin rəğbətinə səbəb olmuş humanist və mərhəmətli addımlarından biri kimi tarixə yazılacağı şübhəsizdir.
Mərhəmət göstərmək, bağışlamaq ən ali insani keyfiyyətlər kimi bütün dövrlərdə yüksək qiymətləndirilib. Bu keyfiyyətlər adil dövlər adamına, ictimai-siyasi xadimə xas olanda cəmiyyət üçün örnək mənbəyinə çevrilir. Həm də bu zaman özümüzdən əvvəlkilərin - atalarımızın yoluna hörmət, əməllərinə dəyər vermək nümunəsi formalaşır. Nəcə ki, dünən buna milyonlarla soydaşımız, bütün dünya azərbaycanlıları növbəti dəfə şahid oldu.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Sərəncamın icrasına başlayıb. Aksiyanın icrası mayın 10-dək başa çatdırılacaq.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”