Vaşinqtonda dördgünlük sülh danışıqlarının ardından Hayastan baş naziri Nikol Paşinyan qələbə paradında iştirak bəhanəsi ilə “müəyən planları müzakirə etməkdən ötrü” Moskvaya dəvət olunub.
Hayastan baş nazirinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinə istinadla yerli saytların yaydığı rəsmi məlumatda deyilir ki, Nikol Paşinyan mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Əslində isə baş nazirin Kremldə Vladimir Putinlə heç də qələbə əhvali-ruhiyyəsində olmayan məsələləri müzakirə edəcəyi artıq məlumdur. Bunu kənar mənbələr deyil, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqlədi.
Hayastan baş nazirinin Rusiya Prezidenti Vladimir Putinlə planlasdırılan görüşünü özünəməxsus şəkildə şərh edən Peskov bəyan edib ki, “müəyyən planların müzakirə olunması” gündəmdədir. “Hələlik irəli qaça bilmərik”,- deyən Peskov bu mövzuda jurnalistlərlə söhbətində müzakirələr başa çatdıqdan sonra müvafiq məlumatın veriləcəyini bildirib.
Moskvaya səfərinin anonsunu hələ Praqada ikən verən Paşinyan orada maraqlı açıqlamaları ilə də yadda qalıb. Belə açıqlamalarının birində o, deyib ki, “dövlət barədə yetimlər evi haqqında düşünən kimi düşünmək olmaz, çünki Vətəndə yaşamaq və dəyərlər yaratmaq lazımdır”.
“Ermənistan demokratik dövlətdir, onun hökuməti seçkilər yolu ilə formalaşır. Ağıllı və güclü insanlar bu seçkilərdə iştirak edib, qalib gələ və ölkəni idarə edə bilərlər”, - deyən Hayastanın baş nazirinin Moskvaya səfəri ərəfəsində sərgilədiyi mövqe onun iki ölkə arasında son mərhələyə qədəm qoymuş sülh prosesində növbəti dəfə “nala-mıxa” vurması, əslində, gözlənilən idi. Yəni, ərazi bütövlüyü məsələsində “anklavların dəyiş-düyüş edilməsi” tezisinin sülh sazişinə daxil edilməsindən dəm vuran Paşinyan bu xəyal-arzusuna dəstəyi məhz Kremldə axtarmağa girişib.
Qələbə paradı ilə bağlı MDB üzvü olan bəzi dövlətlərin başçılarını Moskvaya dəvət edən Prezident Putinin bununla həm də özünə müəyyən sipər qurmağı planladığı versiyasını irəli sürən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Belarus lideri Aleksandr Lukaşenkodan başqa dörd prezidentin Kremldə məşvərət edəcəyini istisna etmir:
“Anklavlar məsələsinə gəldikdə, onu deyə bilərik ki, Paşinyan bizim kəndləri özlərində saxlamaları bir yana, Azərbaycan Ordusunun keçən ilin sentyabrında irəliləməsi nəticəsində azad etdiyi öz ərazilərimizi də geri istəyir. Yəni, o, artıq başından böyük danışmağa başlayıb. Bütün bu məsələlər sərhədlərin delimitasiyası prosesində öz həllini tapmalıdır. Ya onlar Qazağın yeddi kəndindən və Kərkidən çıxmalıdır, ya da hansısa formada qarşılıqlı kompromis variant tapılmalıdır”.
Ermənistanın sülh danışıqlarının sonuncu fazasında prosesi ləngitmək üçün ən müxtəlif üsullara əl atdığı hamıya məlumdur. Amma İrəvanın Bakının şərtlərini qəbul etməkdən yayınmaqla, dialoqa mane olmaq cəhdlərinə baş vurmaqla heç nəyə nail ola bilməyəcəyini də indidən söyləmək mümkündür. Tanımmış politoloqun bu məsələ ilə bağlı şərti kəskinliyi ilə seçildi:
“Biz öz şərtlərimizi irəli sürmüşük. Paşinyan qəbul etsə də, budur, etməsə də. Amma bütün hallarda Azərbaycan öz ərazisində bildiyi kimi hərəkət edəcək. Bakının mövqeyi konkret olaraq müəyyənləşib. İndi İrəvanı başa salmağa çalışırlar ki, ağlını başına topla və təklif olunan variant qəbul et. Bəli, indi o, vurnuxur. Rusiyadan da ehtiyatlanır, “yox” deməyə cürəti çatmır, “hə” deməkdən də çəkinir. Putinlə nə danışacağını özü bilər. Biz artıq Həkəri çayının üstündəki körpüdə nəzarət-buraxılış məntəqəmizi qurmuşuq. Bu vəziyyətin hansısa şəkildə dəyişə biləcəyini düşünmürəm. İrəvan reallıqla hesablaşmalı və sülhə gəlməlidir. Əgər bu olmayacaqsa, onda Azərbaycan Qarabağ iqtisadi rayonundan qeyri-qanuni erməni silahlı birləşmələrini çıxarmaqdan ötrü xüsusi əməliyyarlar keçirməyə məcbur olacaq. Bu isə bizim suveren haqqımızdır”.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”