Ölkəmiz regionun avtomobil istehsalçısına çevrilir

post-img

Azərbaycanda avtomobil istehsalı geniş yayılmasa da, son illər bu sahədə müəyyən canlanma müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə ölkəmizdə cəmi 30 minik avtomobili istehsal olunduğu halda, 2022-ci ildə bu rəqəm 2049 ədədə çatıb. Bu sahədə artım cari ilin birinci rübündə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-mart aylarında Azərbaycanda 925 ədəd minik avtomobili istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 486 ədəd və ya 2,1 dəfə çoxdur. 

Eyni zamanda, ötən il Azərbaycan­da yerli istehsal olan 2119 ədəd avtomobil satılıb. Məhz bunun nəticəsidir ki, artıq yollarımızda Naxçıvan və Neftçalada is­tehsal olunmuş minik avtomobillərinə də rast gəlmək mümkündür. Bununla yana­şı, hazırda Gəncə avtomobil zavodunda, əsasən, kənd təsərrüfatı texnikası istehsal olunur. Naxçıvan avtomobil zavodu isə bir qədər əvvəl istehsal prosesini dayandırıb.

Hazırda ölkəmizdə minik avtomobillə­rinin yeganə istehsalçısı Neftçala avtomo­bil zavodudur. Neftçala Sənaye Məhəllə­sində 10 hektar ərazidə tikilmiş “Khazar” avtomobil zavodunda müasir texnologi­yalar, avadanlıq və mexanizmlər əsasın­da “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Rena­ult-Tondar”, “Renault-Pickup” kimi avto­mobil modelləri istehsal olunur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun illik istehsal gücü 10 min avtomobildir. “Kha­zar” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təh­lükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər yerli bazarda satılmaqla ya­naşı, “Made in Azerbaijan” brendi altında xarici bazarlara da çıxarılır. 

Yaxın illərdə isə Azərbaycanda avto­mobil istehsalı xeyli artacaq. Bu, Hacıqa­bul Sənaye Məhəlləsinin ərazisində ya­radılacaq Azərbaycan-Özbəkistan birgə avtomobil zavodu işə salındıqdan sonra mümkün olacaq. Mayın 1-də Azərbayca­nın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycanın iqtisadiyyat nazirinin müa­vini Sahib Məmmədov, eləcə də “Uzav­tosanoat” Səhmdar Cəmiyyəti idarə heyə­tinin sədri Uluqbek Rozukulovun iştirakı ilə yeni zavodun təməlqoyma mərasimi keçirilib. 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mərasimdə bildirib ki, Pre­zident İlham Əliyev Özbəkistana səfəri zamanı iki ölkə arasında bir sıra sahələr­də, o cümlədən sənaye sahəsində əmək­daşlığa dair sazişlər imzalanıb. Bunun da nəticəsində Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafı üzrə ilk uğurlu hədəfə nail olunduğunu vurğula­yan nazir müavini qeyd edib ki, bu layihə təkcə Azərbaycanı inkişaf etdirməyəcək, eyni zamanda, bütün region üçün əlverişli şərait yaradacaq. 

Qeyd edək ki, Azərbaycan–Özbəkis­tan birgə avtomobil zavodunun 2025-ci ilin mayında işə salınacağı gözlənilir. İki il ərzində zavodun inşasına və bura­da istehsal prosesinə başlanmasına 88 milyon manat investisiya yönəldiləcək. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyala­rından istifadə olunmaqla “Chevrolet”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” markalı minik avtomobillərinin istehsa­lı nəzərdə tutulur. Bütövlükdə isə, zavod işə salındıqdan sonra layihə çərçivəsində burada il ərzində 30 min ədəd avtomobil istehsal olunacağı gözlənilir. Həmin avto­mobillərin isə daxili bazarda satışı ilə ya­naşı, ixrac olunması da planlaşdırılır.

Yeri gəlmişkən, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Pre­zidentinin “Hacıqabul Sənaye Məhəlləsi­nin yaradılması haqqında” 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Ərazisi 60 hektar təşkil edən sənaye məhəlləsində müxtəlif istehsal sahələrinin yaradılma­sına indiyədək 51 milyon manatdan çox investisiya yönəldilib. Sənaye rayonunun rezidentlərinin sayı 13-dür. Ötən müddət­də burada 500-ə yaxın iş yeri açılıb. Yeni avtomobil zavodunun yaradılması isə əlavə olaraq 1200 iş yerinin açılmasına imkan yaradacaq. 

Azərbaycan–Özbəkistan birgə avto­mobil istehsalı müəssisəsində ehtiyat his­sələrinin istehsal olunacağı da gözlənilir. Azərbaycan Maşın və Avadanlıq İstehsal­çıları Assosiasiyasının sədri Emin Axun­dov bildirib ki, artıq avtomobil istehsalı üzrə birgə müəssisənin tikintisinə start verilib. Avtomobil yığımını təmin edəcək ilk addımdan sonrakı mərhələdə zavodun inkişafı və əlavə istehsalat imkanlarının işə salınmasına hazırlıq işləri görüləcək. Üçüncü mərhələdə isə ehtiyat hissələrinin istehsalı planlaşdırılır.

Bütövlükdə isə, müəssisədə isteh­sal olunacaq maşınların daxili tələbatın ödənilməsi ilə yanaşı, ölkəmizin avtomo­bil parkının yenilənməsinə də mühüm töhfələr verəcəyini güman etmək olar. 

Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert

Hazırda Azərbaycanda minik avto­mobillərinə olan illik tələbat təxminən 60 min ədəd təşkil edir. Bununla belə, iqti­sadiyyat inkişaf etdikcə, əhali sayı çoxal­dıqca nəqliyyat vasitələrinə tələbat da ildən-ilə artır. Bu səbəbdən də Azərbay­canın özünün milli avtomobil sənayesi­nin qurulmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var. Düzdür, hazırda Nax­çıvan, Gəncə və Neftçala şəhərlərində avtomobillərin istehsalı həyata keçirilir. Bu müəssisələrdə istehsal olunan minik avtomobillərinin sayı isə məhdud oldu­ğundan mövcud tələbatı ödəmir. Ona görə də ölkəmizdə daha iri avtomobil istehsalı müəssisələrinin yaradılmasına ehtiyac duyulur. 

Bu baxımdan bizə dost və qonşu olan ölkələrin bu sahədəki təcrübəsin­dən yararlanmaq yaxşı olardı. Məlum olduğu kimi, bir qədər əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonala­rın İnkişafı Agentliyi, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasi­yası və Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti arasında ölkəmizdə avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında əməkdaşlıq sənədi imzalanmışdı. Daha sonra Öz­bəkistan şirkətinin əməkdaşları cənab Prezident tərəfindən qəbul edildi.

Yeri gəlmişkən, son illər Özbəkistan­da avtomobil sənayesi çox inkişaf edib. Elə Azərbaycanla memorandum imza­layan şirkətin özünün də bir neçə avto­mobil zavodu fəaliyyət göstərir. Həmin şirkətin illik dövriyyəsi isə təqribən 4 mil­yard dollara yaxındır. Onu da deyim ki, Özbəkistan şirkəti kifayət qədər sanballı və istehsal etdiyi maşınları dünyanın bir sıra ölkələrinə satan tanınmış avtomobil istehsalçısıdır. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat