Seçkilər yaxınlaşır

post-img

Qardaş Türkiyə dövləti və xalqı 14 may seçkilərinə hazırlaşır. Bütün ölkə bu mühüm hadisə ilə nəfəs alıb yaşayır. Bir çoxları artıq kimə səs verəcəyi barədə qəti qərar versə də, digərləri hələ də düşünüb daşınır. Bu seçkilər qardaş dövlətin, bütövlükdə türk dünyasının taleyi üçün həlledici əhəmiyyət kəsb edir. 

Hər kəs bunun fərqindədir ki, Tür­kiyə yol ayrıcındadır. CHP rəhbəri Ka­mal Kılıçdaroğlunun başçılıq etdiyi “Mil­lət İttifaqı” bloku ölkənin siyasi kursunu Avropaya tərəf yönəltmək fikrindədir. Hazırkı iqtidarın lideri, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin gələcəyini nə Qərblə, nə də Şərqlə inteqrasiyada görür. Bu dünya şöhrətli xarizmatik si­yasətçinin baxış bucağı belədir ki, Tür­kiyənin özünəməxsus inkişaf və tərəqqi yolu var və bu istiqamətdə uğurlarını daha da artırmalıdır. İnşallah, belə də olacaq! 

Türkiyədə hər kəs öz məsuliyyətini dərk edir. Başa düşür ki, seçim edərkən səhv etmək olmaz. Çünki çağdaş dönəmdə, qərbli siyasi texnoloqların dili ilə desək, dünyanın yenidən formatlan­ması baş verir. Şərqlilər bu fikri belə ifa­də edirlər: dünya yenidən şəkillənir. An­karanın isə hədəfi bəllidir: dünyanın ən güclü on iqtisadiyyatından biri olmaq! 

Türkiyə yeni dünya düzənində ilkin olaraq bu statusla çıxış etmək niyyətin­dədir. Sonrasını necə dəyərlər, yaşaya­rıq, görərik. Bu gün dünyanın 17-ci ən güclü iqtisadiyyatına malik olan Türkiyə niyə “Böyük yeddilər”dən biri olmasın? İnanmaq istərdik ki, bu arzu da əlçatan­dır. 

Türkiyənin tərəfdaşları və dostları çox arzulayırlar ki, bu ölkə əsrin əv­vəllərində başladığı inkişaf və tərəqqi yolunu əvvəlki şövq və əzmlə davam etdirsin. Düşmən və rəqiblər isə Tür­kiyənin başını daxili problemlərə qatıb onun tərəqqisinə mane olmağa cəhd edirlər. Xoşbəxtlikdən, hər şey türkiyəli seçicilərin iradəsindən asılıdır. Qoy nə arzular, nə də imkanlar tükənsin! 

Məlum olduğu kimi, Türkiyə sivil, demokratik dövlətdir. Xalqın qədim və zəngin dövlətçilik ənənələri var. Türk in­sanı üçün dövlətin və millətin maraqları hər şeyin fövqündədir. Bu dəfə də belə olacaq. Ona görə ki, haqqa, ədalətə ta­pınan türk xalqı ruhən çox güclüdür. Bu toplumu tarix boyu yüksəldən, güclü və yenilməz edən də məhz budur! 

Türk xalqı bunu üzərinə dünyanın iyirmidən çox böyük dövlətinin əsgərlə­ri gələndə tarixi Çanaqqala döyüşündə hansı ruha sahib olduğunu külli-aləmə sübut edib. İki il əvvəl məhz həmin mü­barizlik ruhunu Şuşanın sıldırım qaya­larına əliyalın dırmaşan igid Azərbay­can əsgəri də nümayiş etdirib. 

Min ildən çoxdur ki, qoca tarix qü­rurla deyir: Yol ver türkün bayrağına! Bəşər övladı bu bayraqla, bu bayra­ğın təmsil etdiyi sivilizasiya ilə, onun bəşəriyyətə bəxş etdiyi şərəf və ədalət meyarları ilə fəxr edir. Dünya “Beşdən böyükdür!” deyir bayrağın Bayraqdarı! Bu bayraq və onun daşıyıcıları məz­lumların haray səsidir. Bu bayraq və onun təmsilçiləri susqun dünyanın gur səsidir! Bu, böyük tarixi missiyadır. Bö­yük Atatürk necə də gözəl deyib: “Nə mutlu türkəm deyənə!” 

Biz, azərbaycanlılar da çox istəyirik ki, bu gur səs daha uca zirvələrdən gəl­sin. Bunu təkcə biz yox, özbək, qırğız, qazax, türkmən, bir sözlə, Türkiyəni sevən, onun hər bir qeyrətli vətəndaşını özünə “abi” bilən hər kəs arzulayır. Bu qəlbdən gələn, səmimi arzudur! 

Dünən Türkiyədə ingilis dilində nəşr olunan nüfuzlu “The Sabah Newspaper” qəzetində oxudum ki, hazırkı dövlət baş­çısı, prezidentliyə iki əsas namizəddən biri olan sayın Rəcəb Tayyib Ərdoğanın İzmirdə seçicilərlə keçirilən görüşünə yüz minlərlə insan qatılıb. Həmin insan seli bununla hazırkı iqtidarın uğurlu si­yasətinə dəstək nümayiş etdirib. 

İndiki dövlət başçısının izmirlilərə sözünü deməyə haqqı çatır. Sadəcə, bir faktı qeyd edək ki, son illərə kimi İs­tanbuldan İzmirə gedən sərnişinlər bu yolu yeddi saat yarıma qət edirdilər. İndi bu iki şəhəri birləşdirən sürətli ekspress qatarı sayəsində eyni məsafə üçün ar­tıq iki dəfə az vaxt sərf edirlər. 

Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə bir müddət əvvəl nəhəng “Men­deres” aeroportu inşa edilib ki, oradan planetin ən uzaq guşələrinə belə uçmaq mümkündür. Belə nəhəng layihələr Tək­cə İzmirdəmi icra olunub? Xeyr, bütün Türkiyədə son iyirmi ildə heyrətamiz dərəcədə böyük işlər görülüb. 

Türkiyədə sosial-iqtisadi problem­lər yox deyil. Bəlkə də az deyil desək, daha düz olar. Amma bunlar bir çox obyektiv çətinliklərdən qaynaqlanan problemlərdir. Sirr deyil ki, turizm ölkə­si olan Türkiyəyə iki ildən artıq davam edən pandemiya çox zərər verib. Bu il fevralın 6-da ölkədə baş verən dəhşət­li zəlzələlərdə onlarla şəhər, yüzlərlə, minlərlə kənd dağılıb, əlli mindən çox insan həyatını itirib. Fəlakətin yaralarını sağaltmaq üçün hökumət və xalq əl-ələ verib çalışır. 

Bəs, mayın 14-də Türkiyə vətən­daşları kimə səs verəcəklər? Əlbəttə, bu, qardaş ölkənin daxili işidir. Bizim üçün müdrik türk xalqının hər hansı bir seçimi məqbuldur. Biz onların seçiminə böyük hörmətlə yanaşacağıq. Azərbay­can–Türkiyə qardaşlığı zamanın ən çə­tin sınaqlarından keçib. Heç bir qüvvə bu sarsılmaz birliyə kölgə sala bilməz! 

Bu yerdə bir məqamı da vurğulamaq yerinə düşər. Hər il müsbət, yaxud mənfi qəbul edilməsindən asılı olmayaraq bir və ya bir neçə əlamətdar hadisə olur. Məsələn, 2022-ci il fevralın 24-də Rusi­yanın Ukraynaya gözlənilməz hücumu belə tarixi hadisələrdən biri idi. Planetdə baş verən digər irili-xırdalı proseslər bu müharibənin kölgəsində qaldı.

Türkiyədəki 14 may seçkiləri ərəfə­sində çox gərgin siyasi mübarizə ge­dir. Onun kimin qələbəsi ilə başa ça­tacağını bütün dünya gözləyir. Təbii ki, hər şeylə maraqlanan qlobal media da bu prosesdən kənarda qalmayıb. Son günlər elə bir mətbu nəşr yoxdur ki, Türkiyədə seçkilərə hazırlıq barədə reportaj və şərhlər hazılayıb öz oxucu auditoriyasına təqdim etməsin. 

Son vaxtlar Türkiyədəki seçkilər barədə bir-birini təkzib edən çox sayda rəy sorğuları barədə xəbərlər dərc olu­nur. Sorğuların bir qismi “Cümhur İtti­faqı”nın liderinin, digər bir qismi isə ona rəqib blokun qalib gələcəyini iddia edir. Əksər sorğulara görə, Rəcəb Tayyib Ər­doğan irəlidədir! 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət