Ukraynada “azadlıq əməliyyatı”na hazırlıq davam edir

post-img

Dünən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkə hərbçiləri ciddi şəkildə hazırlıqlarını davam etdirirlər. O, eyni zamanda, Qərb mətbuatının əks-hücumun iflasa uğrayacağı ilə bağlı məlumatlarına fikir verməməyə çağırıb. Odur ki, “azadlıq əməliyyatı”na hazırlıqlar sürətlə davam edir. Məlumatı UNİAN yayıb. 

Kuleba deyib: “Müharibə ilə məş­ğul olmaq lazımdır – bu, gündəlik iş­dir. Zalujnının zənglərinə baxın: dünən Milli ilə, srağagün NATO-nun Avropa­dakı qüvvələrinin komandanı ilə da­nışıb. Prezidentin beynəlxalq səfər­lərinə baxın. Elə bir zəng yoxdur ki, silah məsələsini qaldırmasın, hamısı əks-hücuma hazırlaşan briqadalarımız üçündür”.

Ukrayna Prezidenti Volodimir Ze­lenski də ölkədə hərbi vəziyyətin uza­dılmasını qərara alıb. O, Ali Radaya bununla bağlı qanun layihəsini təqdim edib. Ukraynada 2022-ci il fevralın 24-də Rusiyanın xüsusi hərbi əməliyyatı­nın başlaması ilə hərbi vəziyyət rejimi tətbiq olunub. Zelenski həm də ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Vaşinqtonda isə hesab edirlər ki, Rusiya Ukraynada, xüsusən Baxmut ətrafında çox böyük itkilər verir, strateji əhəmiyyətli şəhər uğrunda hücumlar iflasa uğrayıb. Ukrayna əsgərləri Bax­mut ətrafında səngərlər qazır, ancaq iş tez-tez dayanır. Çünki qoşun faktiki olaraq Rusiya ordusunun atəşləri altın­da işləməli olur. 

ABŞ rəsmiləri təsdiqləyirlər ki, Moskvanın Baxmuta hücumu dalana dirənib və iflasa uğrayıb. Son beş ay ərzində davam edən hərbi əməliyyatlar müddətində Rusiya ordusunun itkiləri həddən artıq çox olub. 

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib: “Rusi­ya təkcə dekabrdan bəri, bizim hesab­lamamıza görə, 100 min insan itirib. Onların 20 mindən çoxu birbaşa dö­yüşlərdə həlak olub. Onların təxminən yarısı kifayət qədər döyüş hazırlığı keç­mədən, hərbi rəhbərlik, yaxud hansısa nizami komandanlıq və idarəçilik gör­mədən müharibəyə atılmış “Vaqner” döyüşçüləridir”. 

Dünən, həm də Rusiya rəhbərli­yi Bryansk vilayətində dəmir yolunu partlatmaqda günahkar olan şəxslərin axtarışı ilə məşğul olub. Hadisə nəticə­sində, məlumata görə, Belarusa yana­caq və tikinti materialları daşıyan yük qatarı relsdən çıxıb. Onu da qeyd edək ki, Ukrayna ilə həmsərhəd olan region mütəmadi olaraq pilotsuz uçuş aparat­larının hücumuna məruz qalır. 

“Xalq qəzeti”

Son xəbərlər