2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük və sərnişin daşınmalarından 778 milyon 348,3 min manat gəlir əldə olunub. Bu isə əvvəlki illə müqayisədə 35,6 faiz və ya 204 milyon 350,7 min manat çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 734 milyon 912,5 min manat, sərnişin daşınmasından isə 43 milyon 435,8 min manat gəlir əldə olunub. Bu da əvvəlki ilin göstəricilərini müvafiq olaraq 36,1 faiz və 27,9 faiz üstələyib.
Xatırladaq ki, 2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton təşkil edib, bu da illik müqayisədə 29,8 faiz çoxdur. Yüklərin 27 milyon 966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16 milyon 841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6 milyon 612,6 min tonu və ya 12,9 faizi isə dəniz nəqliyyatı ilə daşınıb. Yeri gəlmişkən, adıçəkilən dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizi və ya 13 milyon 634,6 min tonunu tranzit yüklər təşkil edib.
“Xalq qəzeti”

