Dünən Türkiyə üçün tarixi bir gün idi. Qara dənizin qardaş ölkəyə aid sektorunun “Sakarya” yatağından təbii qazın tədarükünə başlandı. Bu münasibətlə keçirilən mərasimdə məşəl alovlandırıldı. Bundan sonra isə qaz Türkiyənin BOTAŞ dövlət şirkətinin emal müəssisəsinə yönəldildi.
Qeyd edək ki, Türkiyə Qara dənizdə açıq qaz ehtiyatlarının ümumi həcmini 540 milyard kubmetr səviyyəsində qiymətləndirir. Bunun 400 milyard kubmetri Sakarya əyaləti sahillərinin yaxınlığında 2020-ci ildə kəşf olunan eyniadlı yatağın payına düşür. Yatağın işlənməsinin birinci fazası çərçivəsində gündə 10 milyon və ya ildə 3,4–4 milyard kubmetr həcmində hasilat planlaşdırılır.
Mütəxəssislərin fikrincə, 2027–2028-ci illərə qədər qazın gündəlik hasilat həcmi 40 milyon kubmetr təşkil etməlidir, illik həcmlərin isə 15 milyard kubmetrə çatacağı gözlənilir. Plana əsasən, hasilat 2026-cı ilə qədər ən pik nöqtəsinə çatmalıdır.
Yeri gəlmişkən, Türkiyə hökuməti keçən il “Sakarya” yatağından qazın tədarükünün mart ayından başlayacağını bildirmişdi. Lakin cari ilin mart ayının əvvəllərində Türkiyənin energetika naziri Fatih Dönməz həmin yataqdan qazın tədarükünün aprelin sonunadək başlayacağını açıqlamışdı. O, tədarükün gecikməsini fevralda ölkədə baş verən zəlzələlərlə əlaqələndirmişdi. “Biz plana əməl etdik, lakin zəlzələlərə görə müəyyən gecikmələr oldu. Aprelin sonuna qədər istehlakçılara qazın verilməsinə başlamağı planlaşdırırıq. Vətəndaşlarımıza verdiyimiz sözə əməl edəcəyik”, – deyə F. Dönməz vurğulamışdı.
“Sakarya” yatağından qaz tədarükü ilə bağlı onu deyək ki, bu “mavi yanacaq” potensialı qardaş ölkənin enerji təhlükəsizliyində önəmli rol oynayacaq. Xatırladaq ki, indiyədək Türkiyənin yalnız beş şəhər və 57 yaşayış məntəqəsi təbii qazla təchiz olunub. Hazırda qardaş ölkədə 81 şəhər mərkəzi və 669 yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan faydalanırlar.
Xatırladaq ki, “mavi yanacağ”ın mayın ilk həftəsində əhaliyə veriləcəyi nəzərdə tutulub. Burada bir məqama da toxunmaq istərdik. Bu da Türkiyədə qaz habının yaradılması ilə bağlıdır. Belə bir məsələdən bəhs etməzdən əvvəl qeyd edək ki, Avropanın illik qaz istehlakının 510 milyard kubmetr olduğu deyilir. Eyni zamanda, Rusiya Ukrayna ilə müharibəyə başlayana qədər bu həcmin 170-180 milyard kubmetrinin bir neçə boru xətti ilə təmin edildiyi, hazırda isə onlardan yalnız birinin – müharibə üzündən qaz nəqli həcminin çox aşağı düşdüyü Ukraynadan keçən xəttin işlək vəziyyətdə saxlanıldığı bildirilir.
Təbii ki, belə bir halda Avropa üçün qazla bağlı əsas tədarük məsələsində ən səmərəli variant Türkiyədə qaz qovşağı yaradılması layihəsidir. Bu məqamda “Türk axını”, TANAP və TAP, İrandan qardaş ölkəyə çəkilən “İTE” boru xətləri də, necə deyərlər, köməyə çatır. Ekspertlərin fikrincə, Türkiyə bütün boru xətlərinin tam həcmdə işlədiyi təqdirdə Rusiya, Azərbaycan və İrandan 90-100 milyard kubmetr qaz ala bilər. Bu isə Türkiyənin böyük qaz qovşağına çevirilməsini şərtləndirir.
Türkiyədə qaz qovşağının yaradılması Azərbaycan üçün də mühüm önəm daşıyır. Bu, ilk növbədə, ölkəmizin artan qaz həcmlərini satması üçün əlverişlidir. Digər tərəfdən də Türkiyə TANAP və Bakı-Tiflis-Ərzurum kəmərləri ilə respublikamızdan qaz alır. Hər iki ölkə arasında qaz ticarəti qarşılıqlı anlaşma və güzəştlər şəraitində həyata keçirilir. Avropa İttifaqının Azərbaycan qazına ehtiyacının yüksək olması TANAP-ın ötürücülük gücünün 30 milyard kubmetrə qədər artırılması üçün əlverişli şərtlər formalaşdırır. Bundan əlavə, Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya daşıyan TAP-ın genişləndirilməsini də şərtləndirir.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Son illər Türkiyə dünyanın enerji mərkəzlərindən birinə çevrilməkdədir. İyirmi ildir ki, bu dövlət neft-qaz, elektrik enerjisi, ümumiyyətlə, enerji sektorunda çox ciddi nailiyyətlər əldə edir.
Qardaş ölkə nüfuzunu artırmaq və enerji təhlükəsizliyini təmin etmək, həmçinin digər dövlətlərdən enerji asılılığını azaltmaq üçün Qara dənizdə fəal neft-qaz axtarışlarını davam etdirir.
“Türkiyə Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində yaradılacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir. Belə ki, Filyosda yerləşən təbii qaz emalı müəssisəsinə ilk təbii qazın verilməsi də bu ilə planlaşdırılır. Hazırda son məlumat olaraq TPAO Qara dənizdəki “Sakarya” qaz yatağındakı “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin uğurla tamamlandığını açıqlayıb.
Qeyd etmək istərdim ki, Türkiyənin enerji ehtiyatları, ümumiyyətlə, karbohidrogen ehtiyatları hazırkı məlum ehtiyatlardan dəfələrlə çoxdur. Belə ki, Qara dənizdə kəşf edilmiş ümumilikdə 540 milyard kubmetrlik təbii qaz ehtiyatı da orada olan real göstəricidən ən azı iki dəfəyə qədər azdır. Məsələn, Azərbaycanda da yataq olub ki, ehtiyatı ilk öncə 500 milyard kubmetr dəyərləndirilib. Amma qısa müddət sonra artıq bir trilyon kubmetri keçməsi təsdiqlənib. Bu, təcrübədə də var. O relyefi nəzərə alsaq, düşünürəm ki, Türkiyənin kifayət qədər geniş potensialı ortaya çıxacaq.
Yunanıstan və digər ölkələr tərəfindən Türkiyəyə basqı və təzyiqlərə baxmayaraq, qardaş ölkənin Aralıq dənizində güzəştə getməməsi strategiyası çox doğrudur. Yəni təbii olaraq belə bir strategiyanın qəbulu nəticəsində Türkiyə digər istiqamətlərdə müəyyən zərərlərlə və itkilərlə üzləşə bilər. Amma Aralıq dənizində Türkiyənin güzəştə getməməsi və bu dənizdə olan ehtiyatlardan faydalanması nəticəsində əldə etdiyi mənfəət onun üzləşdiyi zərərdən daha çoxdur. Yəni strateji yanaşmada Türkiyənin bu mövqeyi birmənalı olaraq dəstəklənməlidir.
Türkiyənin coğrafi quruluşu və coğrafi yerləşməsi də elə bir koordinatlardadır ki, böyük ehtimalla, yaxın olmasa da, orta gələcək üçün bu dövlət bir karbohidrogen ehtiyatlarının habına çevriləcək.
Türkiyə daxili tələbatı ödəməklə yanaşı, enerji sahəsində asılılığa da son qoyacaq. Qeyd edim ki, “Sakarya” yatağından ilkin mərhələdə gündə 10 milyon kubmetr yanacaq çıxarılacağı, 2028-ci ilə qədər isə bu rəqəmin 40 milyon kubmetrə çatacağı proqnozlaşdırırlır. “Mavi yanacağ”a olan tələbatını, demək olar ki, bütünlüklə idxal edən Türkiyə üçün bu layihə çox mühüm önəm daşıyır.
Yeri gəlmişkən, TPAO şirkətinin prezidenti Melih Han Bilginin fikrincə, Türkiyə Qara dənizdəki “Sakarya” qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15 faiz azaltmağı planlaşdırır: “Birinci mərhələdə “Sakarya” yatağı idxal qazından asılılığı 15 faiz azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. İkinci mərhələ ilə bu asılılıq 35 faiz təşkil edəcək”.
Bütün bunlar qardaş dövlətin gəlirlərinin artmasına xidmət etməklə yanaşı, özünün və Avropanın enerji təhlükəsizliyinin formalaşmasında mövqeyinin daha da genişlənməsinə böyük təsir göstərəcək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


