Azərbaycan 171 ölkəyə qeyri-neft məhsulları ixrac edir

post-img

Xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin ötən dövründə dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər zamanı da ticarət əlaqələrinin mövcud vəziyyəti və perspektiv imkanları barədə geniş fikir mübadiləsi aparılıb. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ilin ilk rübündə Azərbay­can dünyanın 171 ölkəsi ilə 11 milyard 771 milyon 190 min dollarlıq idxal-ixrac əməliyyatı aparıb ki, bu da ötən illin eyni dövrünə nisbətən 7,3 faiz çoxdur. Xa­rici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın pa­yına düşüb. Göründüyü kimi, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsində 3 milyard 711 milyon 470 min dollarlıq müsbət saldo yaranıb. 

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki,cari ilin ilk rübündə Azər­baycanın qeyri-neft ixracı 23,2 faiz ar­taraq 912,2 milyon ABŞ dolları səviy­yəsinə çatıb. Bu da ölkəmizin apardığı ixrac əməliyyatlarının tarixində ilin bi­rinci rübü ərzində əldə olunmuş ilk belə uğurdur. 

Ötən illərdən fərqli olaraq qeyri-neft ixracının əsas hərəkətvericini qüvvəsini elektrik enerjisi təşkil edib. Belə ki, cari ilin ilk rübündə elektrik enerjisi istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisə­də 551,7 milyon kilovat-saat, yəni 7,7 faiz artaraq 7 milyard 756,2 milyon ki­lovat-saat təşkil edib ki, bunun da 16,6 faizi ixraca yönəlib. Bütövlükdə isə, bi­rinci rübdə elektrik enerjisinin ixracı 6,1 dəfə və ya 234,7 milyon artaraq 281,1 milyon ABŞ dollarına çatıb. 

Yeri gəlmişkən, 2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları təşkil etdiyi halda, cari ilin elektrik enerjisi ix­racı ötən ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, təkcə bu ilin mart ayında ölkəmizdə elektrik enerjisi isteh­salı 11,7 faiz, ixracı isə 22 dəfə artıb. 

Elektrik enerjisi ixracının əhəmiyyət­li səviyyədə artımı Türkiyəyə həyata ke­çirilən ixracın sürətli artımı ilə əlaqədar­dır. Belə ki, 2023-cü ilin yanvar–fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Təkcə fevral ayında qardaş ölkəyə ixracın dəyəri iki dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Bu sahə­də əhəmiyyətli artımın əsas səbəbi isə məhz elektrik enerjisinin ixracı ilə bağlı olub. 

Onu da qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları ərzində yeyinti məh­sullarının ixracı 5,7 faiz artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6 faizini təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. He­sabat dövründə aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4 faiz artaraq 178,9 milyon ABŞ dolları təşkil edib. Bu sahədə artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatı ilə bağlı sənaye istehsalı ilə əlaqədardır. Bütövlükdə isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkmiz­dən aqrar-sənaye məhsullarının ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3 faiz artıb. Yeri gəlmişkən, sənayenin isteh­salının artımı emal edilən heyvan mən­şəli məhsullar, eləcə də alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. 

Göründüyü kimi, Azərbaycanda strateji məhsulların idxalında və ixra­cında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, eləcə də əlverişli biz­nes mühiti və s. amillər, heç şübhəsiz, ölkəmizin xarici ticarət dövriyyəsində qeyri-neft sektorunun payının daha da artmasına səbəb olacaq.

Təbriz YADİGAROV,
Elm və Təhsil Nazirliyi İqti­sadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlən­məsi şöbəsinin aparıcı elmi işçisi 

Son illər iqtisadiyyatın dekar­bonlaşdırılması Azərbaycan üçün əsas prioritet istiqmətlərdən bi­rinə çevrilib. Bu da uzunmüddət­li inkişaf planının bir hissəsi kimi karbohidrogen ixracından asılılığı mərhələli şəkildə azaldaraq iqtisa­diyyatın şaxələndirilməsinə imkan yaradır. 

2023-cü ilin ilk rübündə neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalıb, qeyri neft-qaz sektorun­da isə 4,9 faiz artıb. Ötən üç ayda xarici ticarət dövriyyəsinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artması da bunun nəticəsidir. 

Cari ilin ilk rübündə xarici iq­tisadi fəaliyyətin mal nomenklatu­rası üzrə neft-qaz sektoruna daxil olmayan malların ümumi ixracat­da payı 11,8 faiz olmaqla 912 mil­yon 193 min dollar təşkil edib. Bu isə 2022-ci ilin müvafiq dövrünə nisbətən 25 faiz və yaxud 185 mil­yon dollar çoxdur. Həmin malların 90,9 min tonunu və yaxud 115 milyon dollarını tərəvəz və mey­vələr təşkil edir ki, bu da ümumi ixracın 1,48 faizi deməkdir. Müqa­yisə üçün qeyd edək ki, əvvəlki ilin ilk üç ayında ölkəmiz 125 milyon dollar dəyərində 97 min ton mey­və tərəvəz ixrac edib. Bununla yanaşı, cari ilin birinci rübündə Azərbaycandan xaricə 180,2 ton çay, 2677 ton bitki və heyvan mənşəli piy və yağlar, 13 min 538 ton şəkər, 6120 ton emal edilmiş tərəvəz və meyvələr göndərilib. 

Hesabat dövründə hazır və klinker formasında sement ixracı 130 min 229 ton təşkil edib. Elekt­rik enerjisinin neft-qaz sektoruna daxil olmayan malların ixracatda payı 30,8 faiz, ümumi ixracda isə 3,6 faiz olmaqla daha yüksəkdir. İlin ilk rübündə ölkəmizdən, ümu­milikdə, 208 min 473 ton kimya sənayesi məhsulları ixrac edilib ki, bunun da 99 min 634 tonunu metanol, 93 min 618 tonunu azot gübrəsi, 132 min 847 tonunu isə plastmas və onlardan hazırlanan məmulatlar təşkil edib.

Statistik məlumatlar göstərir ki, Azərbaycan dünya ölkələri ilə as­sosiativ fəaliyyətini daim genişlən­dirərək idxal sahəsində siyasətini daha çox balansladırmağa yönəl­dib. Bu isə dünya ölkələrinin Azər­baycanın xarici siyasətinə ciddi təsir etməsinin qarşısını almağa imkan verən çox mühüm göstə­ricidir. Bütövlükdə isə, ölkəmiz­də qeyri-neft sektorunun inkişafı üçün yaradılan münbit şərait və əlverişli nəqliyyat dəhlizi layihələ­rinin reallaşdırılması, xarici ticarə­tin inkişafında və iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynayaraq qeyri-neft-qaz sekto­runun inkişafını daha da sürətlən­dirəcək. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat