Zəngəzur dəhlizi bəşəri layihədir

post-img

Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistanın Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini reallaşdırmalı olduğu bildirilib. Başqa sözlə, ölkəmizin Qərb hissəsi ilə Ermənistanın ərazisindən keçərək nəqliyyat əlaqələrinin yaradılması müvafiq şəkildə tarixi Zəngəzur dəhlizinin aktuallığını ortaya çıxarıb. Bununla da sözügedən dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əlaqələrin yaranmasında və inkişaf etdirilməsində həlledici rolu şərtləndirib.

Prezident İlham Əliyev çıxışları­nın birində Zəngəzur dəhlizinin iqtisa­di əhəmiyyətindən danışaraq deyib: “Təkcə Orta Asiya ölkələrinin yükgön­dərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu la­yihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zən­gəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.

Zəngəzur dəhlizinin iqtisadi əhə­miyyətindən danışarkən bir məqama toxunmaq istərdik. Bunun üçün əvvəl­cə Orta Dəhlizin fəaliyyətinə nəzər sa­laq. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı bu dəhliz vasitəsilə 12 gün ərzində 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avro­pa arasında qlobal ticarətdə adıçəkilən infrastrukturun nə qədər sərfəli və təh­lükəsiz olduğunu göstərir. Halbuki eyni qatar Cənub Dəhlizi üzrə Süveyş ka­nalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Azərbaycan reallaşmasına töhfə verdiyi Orta Dəh­liz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi diqqət çəkir. 

Zəngəzur dəhlizinin də Orta Dəh­lizə inteqrasiya ediləcəyi nəzərdə tutu­lur. Belə halda Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün da­şınmasına imkan yaranar. 

Ötən ilin yekunları göstərir ki, res­publikamızın ərazisindən daşınan yü­kün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cüm­lədən yükdaşımalar baxımından Azər­baycana marağın artmasından xəbər verir. Region nəqliyyat habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkə­dir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi respublikamızın beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndi­rilməsi baxımından vacibdir.

Zəngəzur dəhlizinin digər bir iqtisa­di əhəmiyyəti isə Mərkəzi Asiya ölkələ­rinin bu yeni nəqliyyat dəhlizindən gələcəkdə istifadəsi ilə bağlıdır. Başqa sözlə, Zəngəzur dəhlizi “Aşqabad müqaviləsi” adı ilə tanınan anlaşmaya qoşulan ölkələrinin Avropaya reinteq­rasiyası üçün yeni perspektivləri şərt­ləndirir. Belə ki, sözügedən müqavilə Türkmənistan, Özbəkistan, Qazaxıs­tan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliy­yat əlaqələrinin inkişafını gerçəkləşdir­mək məqsədi daşıyır.

Yeri gəlmişkən, adları çəkilən ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizindən Avrasiya bazarlarına çat­dırılması Qarabağ regionunun iqtisadi potensialının artmasında xüsusi rol oy­naya bilər.

Beləliklə, 123,8 kilometrlik Hora­diz–Cəbrayıl–Zəngilan–Ağbənd, 70 kilometrlik Xudafərin–Qubadlı–Laçın, 73 kilometrlik Kəlbəcər–Laçın, 13 kilo­metrlik Füzuli–Hadrut və 45 kilometrlik Bərdə–Ağdam yollarının inşası Qa­rabağ regionunun, o cümlədən Azər­baycanın nəqliyyat dəhlizlərinə çıxışı­nı çoxşaxəli etməklə bu coğrafiyadan keçəcək xətlərin önəmini də artıracaq.

Ötən ay Baş nazir Əli Əsədov Na­zirlər Kabinetinin Milli Məclisə illik he­sabatında Zəngəzur dəhlizinin forma­laşması istiqamətində aparılan işlər barədə danışaraq Horadiz–Ağbənd yo­lunun 38, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun isə 74 faizinin tikildiyi­ni və bu yolların 2025-cü ildə istismara veriləcəyinin planlaşdırıldığını bildirib. 

Yeri gəlmişkən, hazırda bu infrastrukturun nəzərdə tutulduğu vaxtda ta­mamlanması məqsədilə tikinti layihələri sürətlə gerçəkləşdirilir. Kür çayı üzərin­də, Ələt–Osmanlı mənzilində Ələt–Ho­radiz–Ağbənd dəmir yolu xəttini bir­ləşdirən ikinci dəmir yolu körpüsünün tikintisinin artıq yekunlaşması da qarşı­ya qoyulan vəzifənin diqqət mərkəzində saxlanıldığını nümayiş etdirir. 

Xatırladaq ki, yaxın günlərdə kör­pünün istismara verilməsi gözlənilir. Bu gün körpüdə dəmir yolu xətti quraşdı­rılır, ətraf ərazilər abadlaşdırılır və ye­nilənir. 

Körpüdən keçən dəmir yolu xəttin­də həm böyük həcmli yükdaşımalar, həm də sərnişindaşıma həyata keçi­riləcək. Bu, Naxçıvan və Türkiyə is­tiqamətində intensiv iqtisadi əlaqələrin yaranmasına öz töhfəsini verəcək. Ən əsası isə 30 il iqtisadi blokadada qalan Naxçıvanın iqtisadi inkişafına, insanla­rın gediş-gəlişinə əlverişli imkan yara­dacaq.

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Zəngəzur dəhlizinin istismara verilməsi ilə, ilk növbədə, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı milli iqtisadi proseslərə inteqrasiya olunacaq. Bu, Naxçıvanda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarının istər ölkəmizin pay­taxtına, istərdə də digər regionlara maneəsiz, eyni zamanda, vaxt itkisi olmadan çatıdırlmasını şərtləndirə­cək. Bununla yanaşı, respublika­mızın digər bölgələrində fəaliyyət göstərən iş adamlarının naxçıvanlı sahibkarlarla ortaq istehsal və biz­nes layihələrinin həyata keçirilmə­sinə əlverişli şərait yaranacaq. 

Dəhliz Asiya ilə Avropa ara­sındakı əlaqələndirici imkanların təşəkkülündə mühüm rol oynaya­caq, region dövlətləri, eyni zamanda dünya ölkələri arasında iqtisadi-tica­ri əlaqələrin şaxələnməsinə təminat yaradacaq. Bütün bunlarla yanaşı, Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlıq münasibətlə­rinin yeni perspektivlər əsasında inkişafına, daha yeni layihələrin re­allığa çevrilməsinə, ölkəmizin ərazi bütövlüyünün daha da möhkəm­lənməsinə, respublikamızın müəl­lifi olduğu layihələrin meqaiqtisadi əhəmiyyətinin daha da artmasına müsbət təsir göstərəcək, yeni priori­tetlər müstəvisində turizm mobilliyini gerçəkləşdirəcək. 

Göründüyü kimi, Zəngəzur dəh­lizi böyük iqtisadi əhəmiyyət daşı­maqla Qarabağ və Şərqi Zəngə­zur iqtisadi rayonlarının, eləcə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın inkişafını müsbət təsir göstərməklə bərabər, ölkəmizin yer­ləşdiyi regionun, o cümlədən Asiya və Avropanın iqtisadiyyatına inteq­rasiyanı sürətləndirmək gücündədir.

Bu coğrafiyada belə bir kom­munikasiyanın–dəhlizin fəaliyyətə başlaması, ümumiyyətlə, region ölkələrinin–Azərbaycan, İran və Türkiyənin də sosial-iqtisadi yüksə­lişinə əsaslı töhfə verəcəyi heç bir şübhə doğurmur. Dəhlizin Qərb ilə Şərq arasında olan iqtisadi əlaqələ­rin dərinləşməsinə, yaranan ticarət həlqəsinə əlavə dəyər verməsinə önəmli təsir göstərəcəyi də böyük əhəmiyyət daşıyan bir faktdır. 

Transregional önəmə malik olan Zəngəzur dəhlizi layihəsinin həya­ta keçirilməsi istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında ticarət əlaqələrinin diversifikasiyalaşma­sına xidmət edəcək. Bir sözlə, re­gional əməkdaşlığın gücləndiril­məsi və region ölkələrinin iqtisadi təhlükəsizliyin artırılması fonunda adıçəkilən dəhliz layihəsinin icrası nəzərəçarpacaq dərəcədə dəyişik­liyə gətirib çıxaracaq.

Beləliklə, Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin ge­nişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək. Da­yanıqlı iqtisadi inkişaf və sülh isə gələcəkdə təhlükəli millətçi düşün­cələrin yayılmasının, regionda yeni münaqişələrin yaranmasının qarşı­sını alacaq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat