ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) tərəfindən yayılan press-relizdə uçot dərəcəsinin 25 baza bəndi qədər artırılması, başqa sözlə, 4,75-5 faizə qaldırılması bildirilib. Xatırladaq ki, son faiz göstəricisi ilə bağlı uçot dərəcəsi 2006-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Yeri gəlmişkən, FED bu qərarını ABŞ-da inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib.
Ekspertlər tərəfindən belə bir vəziyyətin respublikamızda manatın məzənnəsinə edəcəyi təsir barədə fikir söylənilərkən əvvəlcə diqqət Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına yönəldilib. Eyni zamanda, cari il fevralın 1-nə milli valyutanın – manatın dövretmə sürətinin 4,02 bənd təşkil etdiyi, həmin rəqəmin 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd az olduğu bildirilib. Bu cür şəraitdə manatın dövretmə sürətinin aşağı düşməsi isə texniki məsələ kimi qiymətləndirilib.
Mütəxəssislərin fikirlərində, eyni zamanda, manatın dövretmə sürətinin daha çox iqtisadi aktivliklə bağlı olduğu da qeyd edilib. Bu məqamın özünü daha çox maliyyə bazarlarının inkişaf sürətində, turizm və kənd təsərrüfatında mövsümi fəallığın artıb-azalmasında, həmçinin pul kütləsinin həcmi, istehsal, idxal-ixrac məsələlərində büruzə verdiyi də diqqətə çatdırılıb.
Onu da deyək ki, hökumət yaranan bu cür vəziyyəti daim diqqətdə saxlayır, manatın dövretmə sürətinin aşağı düşməsinin iqtisadiyyat üçün müsbət amil olmadığını nəzərə alaraq müəyyən tədbirlərin gerçəkləşdirilməsinə mühüm önəm verir. Təbii ki, belə halda devalvasiyanın baş verməsi isə real görünmür.
Xatırladaq ki, 2015-ci ildə neftin qiymətinin düşməsi nəticəsində manatın dövretmə sürətinin kəskin azalması və bunun devalvasiya ilə nəticələnməsi əsas etibarı ilə tədiyə və ticarət balansındakı mənfi saldonun meydana çıxmasından irəli gəlmişdi.
Ekspertlərin fikrincə, hazırda Azərbaycan manatında dövretmənin sürətində cüzi azalma müşahidə edilir. Azalmanı şərtləndirən amil isə daha çox inflyasiyanın artması ilə əlaqədardır. Başqa sözlə, inflyasiya yüksəldikcə manatın dövretmə sürəti də güclənir.
Bu məsələ ilə bağlı bildirək ki, Azərbaycanda 2022-ci ildə orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilən makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb. Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli sərəncamına əsasən, müvafiq Tədbirlər Planı təsdiqlənib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya prosesinə azaldıcı təsir göstərib.
Yeri gəlmişkən, onu da xatırladaq ki, ticarət balansı müsbət olan zaman devalvasiya təhlükəsi yaranmır. Bu məsələdə neftin qiymətinin kəskin çöküşü ehtimalı da çox azdır. Beləliklə, bank mütəxəssislərinin bildirdikləri kimi, hazırda ölkədə istər strateji valyuta ehtiyatları, Mərkəzi Bankın potensial maliyyə imkanları, həmçinin ticarət balansında müsbət saldo və nəhayət, neftin hazırkı qiymətlərinin mövcudluğu devalvasiya ilə üzləşilməyəcəyi barədə əminlik yaradır.
Burada bir məqamı isə xüsusi xatırlatmaq istərdik. Belə ki, cari il dünya bazarında neft 14 faizədək ucuzlaşaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. “Brent” markalı neftin qiyməti 74-75 dollar/barel arasında dəyişməyə başlayıb. Bununla belə, artıq “qara qızıl”ın qiymətində ucuzlaşmanın ilin ikinci yarısında dayanacağı, qiymət artımının yenidən müşahidə olunacağı da proqnozlaşdırılıb.
O da bildirilir ki, neft ötən ilin sonundan bir sıra amillərin təsiri altında təzyiqlə üzləşib. Qiymətlərin düşməsi Qərbin Rusiyanın neft məhsulları üçün qiymət tavanını müəyyənləşdirdikdən sonra başlayıb. Neftin qiymətinə ABŞ Mərkəzi Bankının faiz artımı da ciddi təsir göstərib. Belə ki, bu bankın monetar siyasətinin sərtləşdirilməsi ABŞ milli valyutasının möhkəmlənməsinə və nəticədə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb. Təbii ki, bu məsələdə dün.ya bazarlarında neftin dollarla satılması da həlledici rol oynayıb.
Neft amilindən asılılığa gəldikdə isə, ölkəmizlə bağlı onu deyə bilərik ki, son illərdə qeyri-neft sektorunun inkişafı diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində mühüm uğurlar əldə edilir. Şübhəsiz ki, alternativ enerji potensialının sürətlə gerçəkləşdirilməsi də ölkəmizi qlobal maliyyə böhranı ilə üzləşmək təhlükəsindən qoruyur.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı, iqtisadçı-ekspert
ABŞ-da illik 6 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, Federal Ehtiyat Sisteminin hədəflədiyi 2 faizlik intervaldan hələ də xeyli uzaqdır. Bununla yanaşı, adıçəkilən təşkilatın ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sektoruna neqativ təsir göstərməkdədir. Amma həmin sistem istehlak qiymətləri sabitləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir.
Son artımla ABŞ-da borclanma faizinin yenidən yüksələcəyi gözlənilir və bütövlükdə son bir ildə Birləşmış Ştatlarda kredit faizlərində kəskin artımlar müşahidə olunur. Belə ki, bu dövrdə avtomobil kreditləri üzrə faizlər 3,86 faizdən 6,48 faizə, kredit kartları üzrə illik faiz dərəcəsi (APR) 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3,73 faizdən 4,99 faizədək yüksəlib.
Göründüyü kimi, istehlak bazarında sabitliyə nail olmağı hədəfləyən Federal Ehtiyat Sisteminin uçot dərəcəsi ilə bağlı qərarları ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb. Nəticədə ABŞ üçün heç də xarakterik olmayan yüksək faizlər fonunda bank sektorunda da volatillik artır. Bu, gələcəkdə sektorda toksit aktivlərin həcminin artmasına gətirib çıxara bilər.
Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsir edir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi amillər ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.
Xatırladaq ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”