“Evin”dən Baydenə müraciət

post-img

İkili İran–ABŞ vətəndaşlığı daşıyan Siyamək Namazi 2015-ci ildən Tehranda həbsdədir. O, bu ölkəyə səfər edərkən həbs olunub. Məhbus CNN-in əməkdaşı Kristian Amanpur ilə telefonla danışarkən Ağ Evin onun vəziyyətinin nə qədər ağır olduğunu qiymətləndirməməsindən dərin narahatlığını bildirib.

Namazi ABŞ Prezidenti Co Baydenə müraciətində “günahsız amerikalıların azadlığını siyasətdən üstün tutmağı” və onun azadlığa buraxılması üçün səylə­ri gücləndirməyi xahiş edib. Səsi arabir boğulan Namazi deyib ki, mənim bu riski nəzərə alıb CNN-ə dünyanın ən qəddar həbsxanalarından olan “Evin”dən əlaqə yaratmağım özü sizə vəziyyətimin nə qə­dər ağır olduğunun göstəricisidir.

51 yaşlı Namazi İranda həbsdə yatan ikili vətəndaşlığı olan 3 nəfərdən ən stajlı­sıdır. Digər iki məhbus isə iş adamı Emad Sharghi və 66 yaşlı ekoloq Morad Tah­bazdır. Hər ikisi 2018-ci ildə həbs edilib. BMT Namazinin əsassız olaraq tutuldu­ğunu bildirib. O, “düşmən” dövlətlə əlaqə saxlamaqda günahlandırılır. ABŞ isə İranı ölkəyə səfər edən xarici vətəndaşları “gi­rov” götürməkdə ittiham edir.

Keçən ilin iyununda “The New York Times” qəzeti Namazinin rəy yazısı­nı dərc edib və Baydenin İrandakı ABŞ məhbuslarını xilas etmək təklifinin uğur­suzluqla nəticələndiyini yazıb. Namazi bu ilin yanvar ayında 7 günlük aclıq aksiyası keçirib və Baydenə yazdığı açıq məktu­bunda onları evə gətirmək vədini yerinə yetirməyə çağırıb. 

Ağ Ev sözçüsü İranın ABŞ məhbus­larını həbs etməsini pisləyib və bunun qeyri-insani və beynəlxalq normalara zidd olduğunu deyib. Sözçü ABŞ-ın xaricdə haqsız yerə həbs edilən ABŞ vətəndaşlarının azadlığının təmin edil­məsinə sadiq olduğunu və Namazinin ailəsi ilə müntəzəm əlaqə saxladığını bildirib.

ABŞ və digər Qərb ölkələri mütəmadi olaraq Tehranı ikili vətəndaşları Qərblə danışıqlarda siyasi üsul kimi saxlamaq­da ittiham edirlər. Tehran və Vaşinqton arasında olan danışıq qrupları isə bir ilə yaxındır ki, toplanmır. İranda davam edən iğtişaşlar danışıqlara sarsıdıcı zərbə vu­rub.

 

Hüseyn RƏHİMZADƏ

Son xəbərlər