Ölkəmizdə iqtisadi siyasət məzənnə prosesini tənzimləyir

post-img

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) tərəfindən yayılan press-relizdə uçot dərəcəsinin 25 baza bəndi qədər artırılması, başqa sözlə, 4,75-5 faizə qaldırılması bildirilib. Xatırladaq ki, son faiz göstəricisi ilə bağlı uçot dərəcəsi 2006-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Yeri gəlmişkən, FED bu qərarını ABŞ-da inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib.

Ekspertlər tərəfindən belə bir vəziy­yətin respublikamızda manatın məzən­nəsinə edəcəyi təsir barədə fikir söy­lənilərkən əvvəlcə diqqət Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına yönəldilib. Eyni zamanda, cari il fevralın 1-nə milli valyutanın – manatın dövret­mə sürətinin 4,02 bənd təşkil etdiyi, hə­min rəqəmin 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevra­lın 1-nə nisbətən isə 0,79 bənd az olduğu bildirilib. Bu cür şəraitdə manatın dövret­mə sürətinin aşağı düşməsi isə texniki məsələ kimi qiymətləndirilib. 

Mütəxəssislərin fikirlərində, eyni za­manda, manatın dövretmə sürətinin daha çox iqtisadi aktivliklə bağlı olduğu da qeyd edilib. Bu məqamın özünü daha çox ma­liyyə bazarlarının inkişaf sürətində, turizm və kənd təsərrüfatında mövsümi fəallığın artıb-azalmasında, həmçinin pul kütləsi­nin həcmi, istehsal, idxal-ixrac məsələlə­rində büruzə verdiyi də diqqətə çatdırılıb. 

Onu da deyək ki, hökumət yaranan bu cür vəziyyəti daim diqqətdə saxlayır, manatın dövretmə sürətinin aşağı düş­məsinin iqtisadiyyat üçün müsbət amil ol­madığını nəzərə alaraq müəyyən tədbir­lərin gerçəkləşdirilməsinə mühüm önəm verir. Təbii ki, belə halda devalvasiyanın baş verməsi isə real görünmür. 

Xatırladaq ki, 2015-ci ildə neftin qiy­mətinin düşməsi nəticəsində manatın dövretmə sürətinin kəskin azalması və bunun devalvasiya ilə nəticələnməsi əsas etibarı ilə tədiyə və ticarət balansın­dakı mənfi saldonun meydana çıxmasın­dan irəli gəlmişdi. 

Ekspertlərin fikrincə, hazırda Azər­baycan manatında dövretmənin sürətin­də cüzi azalma müşahidə edilir. Azalmanı şərtləndirən amil isə daha çox inflyasiya­nın artması ilə əlaqədardır. Başqa sözlə, inflyasiya yüksəldikcə manatın dövretmə sürəti də güclənir. 

Bu məsələ ilə bağlı bildirək ki, Azər­baycanda 2022-ci ildə orta illik inflyasi­ya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şə­raitində tədiyə balansının profisitli ol­ması, valyuta bazarında tarazlıq, qəbul edilən makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb. Antiinflyasi­ya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazir­lər Kabinetinin 2022-ci il 21 fevral tarixli sərəncamına əsasən, müvafiq Tədbirlər Planı təsdiqlənib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən gö­rülən tədbirlər inflyasiya prosesinə azal­dıcı təsir göstərib.

Yeri gəlmişkən, onu da xatırladaq ki, ticarət balansı müsbət olan zaman deval­vasiya təhlükəsi yaranmır. Bu məsələdə neftin qiymətinin kəskin çöküşü ehtimalı da çox azdır. Beləliklə, bank mütəxəssis­lərinin bildirdikləri kimi, hazırda ölkədə istər strateji valyuta ehtiyatları, Mərkəzi Bankın potensial maliyyə imkanları, həm­çinin ticarət balansında müsbət saldo və nəhayət, neftin hazırkı qiymətlərinin möv­cudluğu devalvasiya ilə üzləşilməyəcəyi barədə əminlik yaradır. 

Burada bir məqamı isə xüsusi xa­tırlatmaq istərdik. Belə ki, cari il dünya bazarında neft 14 faizədək ucuzlaşaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. “Brent” markalı neftin qiyməti 74-75 dollar/barel arasında dəyişməyə başlayıb. Bununla belə, artıq “qara qı­zıl”ın qiymətində ucuzlaşmanın ilin ikinci yarısında dayanacağı, qiymət artımının yenidən müşahidə olunacağı da proq­nozlaşdırılıb. 

O da bildirilir ki, neft ötən ilin sonun­dan bir sıra amillərin təsiri altında təzyiqlə üzləşib. Qiymətlərin düşməsi Qərbin Rusiyanın neft məhsulları üçün qiymət tavanını müəyyənləşdirdikdən sonra başlayıb. Neftin qiymətinə ABŞ Mərkəzi Bankının faiz artımı da ciddi təsir göstə­rib. Belə ki, bu bankın monetar siyasəti­nin sərtləşdirilməsi ABŞ milli valyutasının möhkəmlənməsinə və nəticədə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxa­rıb. Təbii ki, bu məsələdə dün.ya bazarla­rında neftin dollarla satılması da həlledici rol oynayıb. 

Neft amilindən asılılığa gəldikdə isə, ölkəmizlə bağlı onu deyə bilərik ki, son illərdə qeyri-neft sektorunun inkişafı diqqətdə saxlanılır. Bu istiqamətdə həya­ta keçirilən tədbirlər nəticəsində mühüm uğurlar əldə edilir. Şübhəsiz ki, alternativ enerji potensialının sürətlə gerçəkləşdiril­məsi də ölkəmizi qlobal maliyyə böhranı ilə üzləşmək təhlükəsindən qoruyur. 

 

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı, iqtisadçı-ekspert

 

ABŞ-da illik 6 faiz inflyasiya dərə­cəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olun­sa da, bu, Federal Ehtiyat Sisteminin hədəflədiyi 2 faizlik intervaldan hələ də xeyli uzaqdır. Bununla yanaşı, adıçə­kilən təşkilatın ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sek­toruna neqativ təsir göstərməkdədir. Amma həmin sistem istehlak qiymət­ləri sabitləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir. 

Son artımla ABŞ-da borclanma fai­zinin yenidən yüksələcəyi gözlənilir və bütövlükdə son bir ildə Birləşmış Ştat­larda kredit faizlərində kəskin artımlar müşahidə olunur. Belə ki, bu dövrdə avtomobil kreditləri üzrə faizlər 3,86 faizdən 6,48 faizə, kredit kartları üzrə illik faiz dərəcəsi (APR) 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3,73 faizdən 4,99 faizədək yüksəlib. 

Göründüyü kimi, istehlak bazarında sabitliyə nail olmağı hədəfləyən Fede­ral Ehtiyat Sisteminin uçot dərəcəsi ilə bağlı qərarları ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb. Nəticədə ABŞ üçün heç də xarakterik olmayan yüksək faizlər fonunda bank sektorunda da volatillik artır. Bu, gələ­cəkdə sektorda toksit aktivlərin həcmi­nin artmasına gətirib çıxara bilər.

Dolların qlobal bazarlarda möh­kəmlənməsi regional valyutalara ən azı psixoloji təsir edir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hər­raclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaq­dadır. Aydındır ki, manatın məzənnə­sinə təsir göstərən əsas iqtisadi amil­lər ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyuta­nın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsin­də çox önəmlidir.

Xatırladaq ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa inter­vensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

vb10.jpg

İqtisadiyyat