Azərbaycan–Macarıstan əlaqələri getdikcə genişlənir, iqtisadi sahədə yüksək nəticələr əldə edilir. Prezident İlham Əliyevin bu ölkəyə cari ilin yanvar ayında səfəri çərçivəsində imzalanan sənədlər də ikitərəfli əməkdaşlığın davamlı şəkildə möhkəmlənməsini şərtləndirir.
Dövlətimizin başçısı martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bu barədə ətraflı danışıb. Ölkə rəhbəri M.Nadın bu səfərinin əldə olunan razılığa əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını bildirib.
Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri arasında keçirilən görüşdə də iki ölkə arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait olduğu və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görüldüyü vurğulanıb.
Bütün bunlar onu göstərir ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir, müxtəlif sahələr üzrə əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Ümumiyyətlə, bu dost dövlət Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qabarıq büruzə verir. Geniş iqtisadi potensiala malik bu dövlətlərin iqtisadi əməkdaşlığının daha da genişlənməsində imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamıza 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycanın isə dost ölkəyə 18,1 milyon ABŞ dolları həcmində investisiya yatırması bunun məntiqi nəticəsidir.
Son illər ərzində iki ölkə arasında ticarət əlaqələri də dinamik şəkildə genişlənib. Belə ki, 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici 47,4 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bununla da, hesabat ilində əmtəə dövriyyəsi 2021-ci illə müqayisədə 34,81 faiz artıb.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılıb.
Hazırda Macarıstan şirkətləri tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərilir, bununla bağlı ölkəmizə müvafiq layihələr təqdim edilir. Dost dövlət düşməndən təmizlənmiş torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmasının əhəmiyyətini yüksək dəyərləndirir.
Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq. Dövlətimizin başçısı İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən 2022-ci ilin iyulun 18-də enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırıb. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair müvafiq saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara dəniz sualtı elektrik enerjisi xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutub.
Bu layihənin implementasiyası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.
Bütün bunlar onu göstərir ki, iqtisadi-geostrateji üstünlüklərdən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.
Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert
Macarıstanın Azərbaycana yatırdığı investisiyanın respublikamızın bu ölkəyə qoyduğu sərmayədən 55 dəfə çox olması (1,1 milyard dollar və 18 milyon dollar), Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması, işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə 25 min avro ianə etməsi və digər çoxsaylı məqamlar tərəflər arasında iqtisadi münasibətlərin dinamik inkişafından xəbər verir.
Amma bu ölkələr arasında iqtisadi münasibətlərin birinci göstəricisi olan ticarət dövriyyəsidir ki, bu, real potensialdan çox aşağıdır. Baxmayaraq ki, 2022-ci ildəki dövriyyə 2021-ci illə (35 milyon dollar) müqayisədə 35 faizədək artaraq 47,4 milyon dollara çatıb, amma bu mövcud potensialdan qat-qat aşağıdır. Potensialın ən böyük hissəsi isə enerji təchizatı üzrədir.
Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir, ixrac üzrə dünyanın 35-ci ən böyük ixracatçısı, idxal üzrə isə 34-cü ən böyük idxalatçısıdır. Düzdür, Rusiya–Ukrayna müharibəsi mövcud vəziyyətə mənfi təsir göstərir, müəyyən ciddi problemlər yaradır. Bu çətinliklərin aradan qaldırılmasında Azərbaycan önəmli rol oynayır. Çünki Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir.
Hazırda Yunanıstan–Bolqarıstan arasında olan konnektor 3,5 milyard kubmetr qaz ötürə bilsə də, onun 5 milyard kubmetrədək artırılması imkanı var. Bu isə digər ölkələrdən keçərək Macarıstanın da qaz təchizatını artırmağı şərtləndirir.
Macarıstan, həm də ötən ilin sonu Azərbaycanla Rumıniya və Gürcüstanın iştirakı ilə dördtərəfli saziş imzalayıb. Anlaşmaya görə, Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisinin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropya nəql ediləcəyi nəzərdə tutulub. Bu layihənin uğurlu təchizatı üçün Azərbaycanda mövcud resurslar içərisində ən böyük rolu Xəzər dənizinin 157 qiqavatlıq külək enerjisi potensialının oynayacağı proqnozlaşdırılıb.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”