Tovuzun sərhəd kəndlərinə içməli su verilir

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Tovuz rayonunun sərhədyanı bölgəsində yerləşən 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə rayonun Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülkülü kəndlərini əhatə edir. 

Təsdiqlənmiş layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mül­külü, Yuxarı Öysüzlü və Aşağı Öy­süzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan veriləcək. Quyu sularının təmizlənməsi üçün xlorator qurğusu, nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihəyə əsasən, əhalinin ümumi istifadəsi üçün bulaqlar qu­raşdırılacaq. 

Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. İndiyədək 31 kilometr uzunluğunda magistral su kəmərlərinin 13 kilo­metrlik hissəsi inşa edilib. Eyni za­manda, 150 kilometr şəbəkə su xət­lərinin 111 kilomerlik hissəsi tikilib. Layihə çərçivəsində Tovuz rayonu­nun 7 kəndində əhalinin ümumi isti­fadəsi üçün 690 ədəd bulağın quraş­dırılması nəzərdə tutulub.

Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdı­rılması nəzərdə tutulur. Layihənin icrası Tovuz rayonunun 7 kəndində 20 minədək sakinin içməli su təchi­zatının yaxşılaşdırılmasına imkan yaradacaq. 

 

“Xalq qəzeti”

İqtisadiyyat