ABŞ-ın “Kolambus Kryu” klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin 2 həftədən sonra okeanın o tayına yollanacağı gözlənilir.
Bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib. O, forvardın viza işləri tamamlanan kimi sözügedən ölkəyə gedəcəyini söyləyib: “Bu proses, təxminən, 2 həftə çəkəcək. Nərimanla 2 ildən çoxdur ki, işləyirik. ABŞ klubuna transferində də yaxından iştirak etmişəm. “Kolambus Kryu” ilə danışıqlar bir ay davam edib”.
T.Əsgərov yığma üzvünün daha məşhur komandaya keçmək perspektivi barədə isə bunları söyləyib: “Ümumiyyətlə, belə proqnozlar verməyi xoşlamıram. Bu, bəzi məsələlərdən asılıdır. Gələcəkdə çox şey ola bilər. Necə olacağını birlikdə görəcəyik”.
Xatırladaq ki, Nəriman Axundzadənin ABŞ təmsilçisi ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. “Kolambus Kryu” N.Axundzadə üçün “Qarabağ”a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
Qabil YUSİFOĞLU
XQ

