Azərbaycana qələbə qazandıran parataekvondoçu

post-img

İdman onun həyatının mənasına çevrilib. Mübarizliyi, qalib gəlmək üçün güclü iradəsi sayəsində yorulmadan zirvəyə can atıb. Bəzən usansa belə, gücsüz görünmək istəmədiyi üçün bunu büruzə verməyib. Ona inanıblar, güvəniblər. O da bu etimadı doğrultmaq üçün hətta özü ilə mübarizə aparıb.

Söhbət Paris Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk qızıl medal qazandıran parataekvondoçu İmaməddin Xəlilovdan gedir. Parisdə fəxri kürsünün ən yüksək pilləsində dayandığı zaman şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilərkən xalqımız onunla qürur duydu. Bayrağımız yüksəklərdə dalğalandı. Bəs 27 yaşlı qəhrəman o zaman özü hansı hissləri keçirdi:

– Fəxri kürsünün ən yüksək pilləsində dayandığım an qalib Azərbaycanı layiqincə təmsil etdiyim üçün sözlə ifadə edilməyəcək hisslər keçirirdim. Düşünürdüm ki, bəli, insan istəsə ən yüksək zirvəni fəth edə bilər.

“Xalq qəzeti” redaksiyasında keçirilən görüşdə də paralimpiyaçımız “Paris-2024”də möhtəşəm qələbəsi ilə bağlı kövrək xatirələrini bölüşdü. Görüşdən sonra idmançıdan eksklüziv müsahibə də aldıq.

Çempiona ilk sualımız idmana gəlişi ilə bağlı oldu.

– Uşaqlığım həm yaxşı keçib, həm də pis. Dostlarım fiziki məhdudiyyətimi hiss etməyimi istəmirdilər, mənə dəstək verirdilər. Voleybol, basketbol oyunlarında, idman dərslərində turnikdə dartına, jim edə bilmirdim. Bu, bir pis xatirə kimi yaddaşımda qalıb. Atam idmançı olub, qardaşım da. Məndən böyük qardaşım taekvondo ilə məşğul olurdu. İkinci sinfə gedəndə evdən hiss edirdilər ki, çox sıxılıram. O zaman məni idmana göndərdilər ki, cəmiyyətə adaptasiya olum, daha çox sosiallaşım. Taekvondoda ilk məşqlərim çətin oldu. Məsələn, idmançılar döyüş zamanı bir-birinin əllərindən tuturdular. Mən onu edə bilmirdim. İlk həftə hətta idmandan gedəcəyimi düşünürdüm. Evdən isə mənə inandıqlarını və bunu bacaracağımı deyirdilər. Beləliklə, başlanğıcda məşqlərin ağırlığına dözərək, bir müddətdən sonra artıq nailiyyətlər əldə etməyə başladım. Ölkədaxili bütün turnirlərə qatılmağa səy göstərirdim və bu yarışlarda mükafata layiq yerlər də tuturdum. Getdikcə, sağlam idmançılardan, demək olar ki, seçilmirdim. Uşaqlar və yeniyetmələr arasında nəticələrim yaxşı olub. Yeniyetmələr arasında ölkə çempionatında medallar qazanmışam. Ümumiyyətlə, parataekvondoya gələnə kimi sağlam uşaqlar arasında məşqlər zamanı heç fiziki məhdudiyyətli olduğumu hiss etmirdim. Onlardan nəinki seçilmirdim, hətta nəticələrimlə fərqlənirdim.

– İmaməddin, idman bərabər və ədalətli rəqabəti sevir. Sağlam idmançıların yarışlarında iştirak etmək sənin üçün çətinlik yaratmırdı ki?

– 16 yaşdan sonra artıq sağlam idmançılar arasında yarışa bilmədim. Böyüklər arasında yarışlarda parataekvondoçu sağlam idmançılarla rəqabət apara bilməz. Bu, Dünya Taekvondo Federasiyasının qoyduğu qaydadır. Məsələn, mənim sol qolum biləkdən aşağı yoxdur. Başa zərbə dəyə bilər. Amma parataekvondoda başa zərbə yoxdur. Ona görə də, qeyri-bərabər mübarizə həm parataekvondoçu, həm də taekvondoçu üçün haqsızlıqdır. Çünki onlar mənimlə döyüşəndə psixoloji gərginlik keçirirlər. Fiziki məhdudiyyətli rəqibə istər-istəməz güzəştə getmək istəyirlər. Bu da, onların öz potensiallarından tam istifadə etməsinə imkan vermir. Mən isə başa zərbəni sağ əllə qoruya bilsəm də, sol əllə bunu edə bilmirəm.

Böyük idman, güclülərin meydanı onu tamamilə başqa bir insana çevirdi. Artıq özünə inanırdı, bütün çətinlikləri dəf etməyə hazır idi...Hətta təhlükəli xəstəliklə belə üz-üzə qalanda zirvəyə yüksəlişindən vaz keçmədi...

Gəlin yenidən idmançımızı dinləyək:

– İdmana gedəndən sonra məndə çox böyük dəyişikliklər oldu. Əvvəl bir qədər sıxılan və kompleksli uşaq olsam da, idmanla məşğul olduqdan sonra tamamilə başqa bir insana çevrildim. Nailiyyətlərim artdıqca, özümə güvənim və inamım da artırdı.

Artıq 16 yaşdan sonra biləndə ki, taekvondo ilə məşğul ola bilməyəcəyəm, paralimpiyaçılar arasında çıxış etmək qərarı verdim. 2014-cü ildən parataekvondoda məşğul olmağa başladım. İlk dəfə o zamankı baş məşqçimiz, mərhum Əvəz Tağıyevin rəhbərliyi altında dünya çempionatında mübarizə apardım və mükafatçılar sırasına düşə bilmədim. Həmin vaxtlar sağlamlığımda bir sıra problemlər yarandı. Sifətimin yarısı iflic oldu. Həkim yoxlanışında məlum oldu ki, əsəblə bağlıdır. Ağır müalicələr 2 il davam etdi və idmandan tam kənarda qalmağa məcbur oldum. Həkimlər də tam qərarlı deyildilər ki, idmanı davam etdirə bilərəm, ya yox. Qərarım isə qəti idi. İdmanda davam etməsəydim, indiki kimi şöhrətə çatmayacaqdım. Hətta cəmiyyət üçün yararsız bir şəxsə çevrilib, ailəmdən başqa heç kimə lazım olmayacaqdım.

– Tokio Paralimpiadasında rəqiblərlə bərabər mübarizə aparsan da, medal qazana bilmədin.

– 2014–2021-ci ilədək heç bir yarışda nəticə verə bilməmişdim. Çünki sağlamlığımla bağlı fasilələr olmuşdu. Tokio Paralimpiadasına lisenziya xarakterli Avropa turnirində qalib adını qazanmağım mənim üçün yeni stimul oldu. 2021-ci ildə ilk dəfə Yay Paralimpiya Oyunlarında iştirak etdim. Yarış ərəfəsində 6 kiloqram çəki salmışdım ki, bu da bəzi problemlər yaratdı. Əsas səbəb isə qələbə əzminin yetərincə olmaması idi. Fəxri kürsüdə rəqiblərimi görəndə, düşündüm ki, onların yerində mən də ola bilərdim. Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıra bilərdim. O vaxt özümə söz verdim. Hətta sosial media hesablarımda da paylaşdım ki, 3 ildən sonra olimpiadadan Vətənə medalla qayıdacağam. Düz 3 ildən sonra fəxri kürsünün ən yüksək zirvəsinə qalxa bildim.

– Bəs o 3 il necə keçdi. Qələbəyə aparan yolda hansı çətinliklərlə üzləşdin?

– Uzun illər müəyyən problemlər üzündən idmandakı fasilələr zamanı yaranan boşluqları doldurmaq çətin idi. Bu baxımdan 3 il mənim üçün çox ağır keçdi. Özüm Gəncədənəm. Ailədən uzaqda, kirayədə yaşayıram. Məşqdən yorğun-arğın gəlib özünə yemək hazırlamalı, paltarlarını yumalı və digər işləri görməlisən. Təbii ki, əlimə görə yemək hazırlamaq və digər işləri görmək çətinlik yaradırdı. Fasiləsiz gərgin məşqlər də məni çox yorurdu. 2022-ci ildən artıq ilk böyük nailiyyətlərimi qazanmağa başladım. Çəkimi dəyişdim. Əvvəl 61 kiloqram çəki dərəcəsində çıxış edirdim. Sonradan 70 kiloqramda döyüşməyə başladım. İlk böyük nəticəmi Avropa çempionatında qazandım, 2-ci yeri tutdum. Mənə görə, 2-ci yeri tutmaq pis hissdir. Zirvənin bir addımlığında dayanırsan. Özümü motivasiya etdim ki, qalib ola bilərəm. 2022-ci ildə dünyanın ən güclü 8 idmançısının iştirak etdiyi Qran-Prinin finalında çempion oldum. 2023-cü ildən daha güclü nəticələr verməyə başladım. Avropa, Dünya çempionatlarının qalibi oldum.

2024-cü il də mənim üçün uğurla başladı. Belqradda Avropa çempionu oldum. Artıq heç zaman olmayan kimi özümə güvənirdim. Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva ilə birgə komandamızın bayraqdarı seçilməyim məsuliyyətimi daha da artırırdı. Yarışqabağı, bu, məni çox həyəcanlandırırdı. Digər tərəfdən demişdilər ki, bizim ailədə çəkiliş olacaq. Ailəmiz döyüşümü canlı izləyəcək. O zaman düşündüm ki, məğlub olsam evdə pis olacaqlar. Həmin anda xatırlamayacaqlar ki, buna qədər böyük nəticələrim var. Ancaq məğlubiyyət yadda qalacaq. Bilirdim ki, rəqiblərimi məğlub etməyə gücüm var. Mübarizə əzmi də o qədər yüksək idi ki, uduzacağım ağlıma belə gəlmirdi. Sonda qələbə əzmi, güclü mübarizə ruhu qalib gəldi.

Paralimpiyaçı gələcək hədəflərini də açıqladı. Növbəti Paralimpiya Oyunlarına qədər nüfuzlu yarışlarda, eləcə də paralimpiadada böyük nailiyyətlər qazanmaq üçün bütün gücünü toplayacağını bildirdi:

– Dünya reytinqinin lideriyəm. Rəqiblərimlə xal fərqim o qədər böyükdür ki, heç bir yarışda çıxış etməsəm belə, “Los-Anceles-2028”də iştirak edə bilərəm. Amma yarışlarda iştirak edib, nailiyyətlərimi yeniləmək istəyirəm.

Qarşıda yeni hədəflər var. Paralimpiya çempionu olduqdan sonra fiziki məhdudiyyətli uşaqlar mənə yazaraq böyük nailiyyətlər qazanmaq istədiklərini bildirirlər. Bəzi valideynlər yazırlar: “Uşağım 1-ci sinfə gedir, sıxılırdı. Sizin videolarınızı görəndən sonra onlar da dəyişmək, sizin kimi olmaq istəyirlər”.

Düzü, bu, məndə qürur hissi yaradır. Ona görə yox ki, böyük nəticəm olub. Bütün çətinlikləri dəf edə bildiyimə görə fəxarət hissi duyuram. İndiyə qədər özüm üçün məşq etmişəmsə, bundan sonra məndən örnək götürən uşaqlara görə döyüşəcəyəm. Bu, mənim üçün 5 qat paralimpiya çempionu olmaqdan da önəmlidir. Qoy onlar da, mübariz olsunlar, hər bir maneənin, əngəlin öhdəsindən layiqincə gəlmək üçün səy göstərsinlər. Uşaqların idmanla məşğul olaraq əzmkar, cəsarətli olmaları da mənim üçün çox vacibdir. İstər fiziki məhdudiyyətli, istərsə də sağlam uşaqların əksəriyyəti idmana getmir. Valideynlər bəzən düşünürlər ki, bu, onların təhsilinə mane olur. Bu, heç də belə deyil. Həftədə 5-6 saat idmanla məşğul olmaqla təhsildən geri qalmaq olmaz. Hər bir işin başlanğıcı çətin olur, eləcə də idmanda. Həyat mübarizədir. Onu layiqincə yaşamaq üçün isə kifayət qədər iradəli və əzmkar olmalısan.

Leyla QURBANOVA
XQ



İdman