Rəqabət “təmiz güc”lə aparılmalıdır

post-img

Dopinqsiz idman təkcə yarışlarda çıxış edənlər üçün deyil, həm də insanların və cəmiyyətin sağlamlığı və rifahı üçün mühüm amildir. İdmana xas olan bütün dəyərləri məhv edən dopinqdən istifadənin qarşısını almaq üçün ən təsirli tədbir isə sanksiya və cəzalar deyil, dopinqin təhlükələri haqqında cəmiyyətin bilik səviyyəsinin yüksəldilməsidir.

Elə bu məqsədlə Ümumdünya Antido­pinq Agentliyi (VADA) tərəfindən 2024-cü il 19 aprel tarixi dünyada Ədalətli İdman Günü elan olunub. VADA hər il müxtəlif şəkildə qeyd olunan əlamətdar günün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib.

WADA-nın təşəbbüsünə qoşulan Azər­baycan Milli Antidopinq Agentliyi (AMADA) isə öz növbəsində 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə Ədalətli İd­man Həftəsi elan edib və idman ictima­iyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayıb. 

AMADA-nın mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev “XQ”yə açıq­lamasında təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Gününün dopinqə qarşı mübarizənin idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıdığını bildirdi. 

– 2013-cü ildə Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə VADA-nın təsis konfransında Ədalətli İdman Gününün qeyd edilməsi təşəbbüs olaraq irəli sürü­lüb. 2014-cü ildən başlayaraq hər il aprel ayının müxtəlif günlərində bu əlamətdar gün qlobal şəraitdə qeyd edilir. Ötən il – 2023-cü ildə Ədalətli İdman Günü 161 milyondan artıq idman ictimaiyyətinin nü­mayəndəsini əhatə etmişdi ki, bu da re­kord göstəricidir. Müqayisə üçün deyək ki, 2021-ci ildə bu göstərici 87 milyon olub. 

Qeyd edilib ki, AMADA həftə çərçivə­sində öz sosial şəbəkə hesabları vasitə­silə ölkəmizdə ədalətli idman prinsiplərinin təbliğini geniş şəkildə davam etdirəcək. 

AMADA-nın rəqəmsal marketinq üzrə meneceri Mədinə Hüseyn qeyd edib ki, Ədalətli İdman Həftəsi ərzində bu qurumun müxtəlif sosial media ka­nallarında məlumatlandırıcı post və he­kayələr paylaşılır:

– İdman ictimaiyyətinin tanınmış si­malarının bu günlə bağlı fikirlərini əks et­dirən videoçarxlar da böyük marağa səbəb olub. Eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələr təşkil edilir ki, insanlar bu müsabiqələrdə iştirak etməklə, həm maariflənir, həm də AMADA-dan dəyərli hədiyyələr qazanırlar. Ədalətli İdman Günü ilə bağlı deyil, ümu­milikdə idmanda təmizliyin və dürüstlüyün qorunmasında sosial medianın rolu çox böyükdür. AMADA bu sahədə yeniliklər et­məyə və insanları maarifləndirməyə çalışır. 

Dəfələrlə, dünya, Avropa və Para­limpiya çempionu olmuş İlham Zəkiyev ötən Paralimpiadada – “Tokio-2020”­də görüşlərinin birində 2 barmağının sınmasına baxmayaraq ağrını iradəsi ilə dəf edərək qələbə qazanmışdı. Qə­zetimizə açıqlamasında dünya şöhrətli idmançı Azərbaycana təmiz qələbənin yaraşdığını dedi:

– Təmiz idmanda dopinqə yer yox­dur. Dopinq qısamüddətli qələbəyə, lakin uzunmüddətli məğlubiyyətə aparan yol­dur. İdmançılarımız həmişə ədalətli rəqa­bətə meyilli olublar. Bu, bizim əsas amalı­mızdır. Artıq Paris Olimpiadası yaxınlaşır. Əminəm ki, müzəffər ölkəmizi növbəti olimpiadada da ləyaqətlə təmsil edəcək, ədalət prinsiplərini qoruyaraq, böyük qələ­bələr qazanacağıq. Azərbaycana təmiz qələbə yaraşır.

2024-cü ilin “İdman səfiri”, taek­vondoçu Fəridə Əzizova dopinqin bu gün idman üçün ən böyük təhlükələr­dən biri olduğunu bildirdi. O qeyd etdi ki, idmançıların performansını artıran dərmanların istifadəsi nəticəsində ya­ranan böyük bərabərsizlik dərin nara­hatlıq doğurur: 

– Dopinq idmanda ədalətli rəqabə­ti məhv edir. Ədalətli idman deyəndə, təhlükəsiz idman və hamıya bərabər im­kanların yaradılması nəzərdə tutulur. Bu, idmanla məşğul olmaq istəyənlər üçün də yaxşı motivasiyadır. İdman, həm də gənclər üçün mühüm təlim vasitəsidir. İd­manda mübarizə ilə uşaqlar ədalətli oyun prinsiplərini öyrənirlər ki, bu da həyat boyu davam edən yaxşı davranış nümunələri yaratmağa kömək edir. Ona görə də, biz idmançılar həmişə ədalətli mübarizənin üstünlüyünü gənc nəslə aşılamağa çalışı­rıq. Ədalətli İdman Həftəsi də bu baxım­dan təmiz idmanı təbliğ etmək üçün yaxşı fürsətdir.

Leyla QURBANOVA
XQ

 



İdman