Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara bilik məbədinin yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş bilgi verib, uşaqların oxu mədəniyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fiklirlərini bölüşüb.
Tədbirin aparıcısı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb. O, çıxışında çağdaş uşaq ədbiyyatının janr problemlərindən söz açıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərə toxunub.
Digər çıxışçılar – İctimai Şuranın sədr müavini Vüqar Qədirli, üzvlər –filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər, Samirə Mustafayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli, Xanoğlan Əhmədov uşaq oxusunun durumu, dünya uşaq ədəbiyyatından tərcümə problemlərindən danışıblar.
Tanınmış şair, filologiya elmləri doktoru, professor Zahid Xəlil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, uşaq yazıçısı, şair-tərcüməçi Sevinc Nuruqızı, Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi, uşaq yazarı Zahirə Dadaşova, filologiya üzrə fəlsəfə doktorları, dosent Şöhrət Məmmədova, İlhamə Ağazadə və başqaları da mövzu ilə bağlı çıxış edib, təkliflər irəli sürüblər.
Zərifə HÜSEYNOVA
XQ