“Cümhuriyyət məfkurəsi”
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” kitabı çap olunub.
İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru və “Mənbəşünas hünəri” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Tərtib edəni Türkiyənin Fırat Universitetinin əməkdaşı Növrəstə Rüstəmlidir.
Kitab müəllifin son 10 ildə beynəlxalq elmi sistemlərə daxil olan nüfuzlu jurnallarda, dövri mətbuat orqanlarında, məcmuələrdə dərc edilmiş elmi və elmi-publisistik məqalələr toplusundan ibarətdir. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabdakı arxiv materialları və məxfi sənədlər əsasında yazılmış əsərlərin əksəriyyəti faktoloji yeniliyi, təhlil və dəyərləndirmə fərqliliyi ilə seçilir.
Toplu “Siyasətin siqləti və qüdrəti”, “Cümhuriyyət məfkurəsi”, “Elm məbədgahları”, “C.Cabbarlı irsindən araşdırmalar”, “Milli mətbuat tariximizdən”, “Milli ədəbiyyatımızın klassikləri”, “Ədəbi portretlər” başlıqlı 7 bölümdən ibarətdir.
“Dünyanın damı”
Yazıçı Kənan Hacının bu adda romanı işıq üzü görüb.
Əsərdə 37-ci il repressiyasında sürgünə məruz qalmış nakam şair Ağasəlim Fədainin acınacaqlı həyat yolundan bəhs edilir. Müəllif “Ön söz” yerində yazır ki, şairin müasirlərinin heç biri həyatda olmadığı üçün əsər üçün yetərincə material toplamaqda çətinlik çəkib. Yalnız Ağasəlim Fədaini şəxsən görmüş, onunla dostluq etmiş Abbasqulu Abdullayevin xatirələri “ipucu” olub. Amma bu fakt kasadlığı Kənan Hacıya nakam şairin bədii obrazını yaratmaqda mane olmayıb.
Əməkdar mədəniyyət işçisi Valid İmaməliyevanın “Vətənnamə” adlı Buzovna ensiklopediyası da yazıçının karına gəlib. Beləliklə, Kənan Hacı şairin yetişdiyi mühit, onun ömürlüyünün müxtəlif məqamları əsasında, bir də özünün bədii təxəyyülü hesabına romanı ərsəyə gətirib.
Romanı oxuduqca görürük ki, fikirlərini ifadə etməkdə sərbəst olan Ağasəlim Fədaini dövrün ziddiyyətləri, mühit üsyankarlığa səsləyirdi. Buna görə repressiya dalğaları ondan da yan ötməyib. Güllələməsələr də, 10 illik könüllü sürgünə məcbur etmişdilər. Əsərdə şairin sürgün həyatı ilə bağlı detalları bədii ustalıqla işləyib və qürbət həyatını tam mənada ifadə edə bilib.
İnanırıq ki, oxucular XX əsrdə izi, sözü qalmış Ağasəlim Fədaini bu əsər vasitəsi ilə daha yaxından tanıyacaqlar.
“Kilsəyə çevrilən türk abidələri”
Türkiyəli memar Emin Yılmazın “Kilsəyə çevrilən türk abidələri” üçcildliyi çap olunub.
Tədqiqat əsərində dünyanın 19 ölkəsində, o cümlədən Ermənistan ərazisində olan və sonradan kilsəyə çevrilən qədim türk memarlıq abidələri haqqında ətraflı məlumat verilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn topluda bildirilir ki, Türkiyənin soydaş və əqrəbalar yaşayan coğrafiyalarında memarlıq abidələrinin üzə çıxarılması üzrə fəaliyyət davam edir. Bu tədqiqat türklərin məruz qaldıqları köç, sürgün proseslərinə də işıq salır, həmçinin tarixin müxtəlif mərhələlərində baş vermiş faciələri daha müfəssəl şəkildə araşdırmağa imkan yaradır. Kitablar ingilis dilində də nəşr edilib.
Emin Yılmazın 13 il ərzində hazırladığı bu tədqiqat əsəri üç cilddən və 1425 səhifədən ibarətdir. Kitabın 1-ci cildində Azərbaycan, Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Əlcəzair, Ermənistan, Kipr, Xorvatiya, Monteneqro, Kosovo və Makedoniya, 2-ci cildində isə Ukrayna, Macarıstan, Moldova, Rumıniya, Serbiyadakı tarixi abidələr haqqında məlumatlar yer alıb. Əsərin 3-cü cildi bütövlükdə Yunanıstandakı türk tarix abidələrinə həsr edilib.
Ə.DOSTƏLİ
XQ