Azərbaycan komandası 10-cu lisenziyasını qazanıb
Paris Olimpiadasında medal ümidlərimizdən olan boks millimiz daha bir nailiyyəti ilə Azərbaycanın idman ictimaiyyətini sevindirib. İtaliyada 113 ölkədən 602 boksçunun iştirakı ilə keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycanın kişilərdən ibarət komandası uğurla çıxış edib. Komandamızın üzvü Nicat Hüseynov (51 kq) təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə, həm də, Paris Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Bununla da, boks millimiz Parisə 3-cü lisenziyasını qazanıb. Buna qədər, millimizin üzvləri Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) “Paris-2024”ə vəsiqə alıblar.
Onu da qeyd edək ki, Busto Arsizioda keçirilən turnirdə kişilərin mübarizəsində yalnız 21 ölkənin təmsilçiləri lisenziya əldə edə biliblər. Azərbaycan yığmasının da yer aldığı “21-lik”dən yalnız Qazaxıstan və Özbəkistan 1-dən artıq vəsiqəyə sahib olub. Zəngin boks ənənələrinə malik Kuba və ABŞ təmsilçiləri, eləcə də meydan sahibləri – italiyalılar və qardaş Türkiyənin boksçuları da yalnız bir lisenziyaya seviniblər.
Təmsilçimiz Nicat Hüseynov isə İtaliyada bu uğuru qazanan yeganə qafqazlı idmançı olub. Çünki nə Gürcüstan, nə də Ermənistan təmsilçiləri vəsiqə ala bilməyiblər.
Bu nəticə ilə Azərbaycan dünyada ümumi siyahıda 7-11-ci pillələri bölüşür. Onu da qeyd edək ki, hazırda ABŞ, Türkiyə, İtaliya və İrlandiya kimi komandaların aktivində də 3 lisenziya var. Millimiz Qafqazda boks üzrə liderdir. İndiyədək Gürcüstan komandası 1 vəsiqə qazanıb, Ermənistanın isə lisenziyası yoxdur.
Nicat Hüseynov Azərbaycan Boks Federasiyasının saytına açıqlamasında keçirdiyi 4 görüşün hər birində güclü və titullu boksçularla üz-üzə gəldiyini deyib. O qeyd edib ki, yarışda yalnız yarımfinala yüksəlmək və Vətənə lisenziya ilə dönmək əsas məqsədi olub:
– İlk döyüşümdə dünya çempionatının bürünc mükafatçısı olan hindistanlı Deepak Deepakı, ardınca mundialın finalçısı, gürcüstanlı Sahil Alahverdovini məğlub etdim. 1/8 finalda Avropa çempionatının ikincisi olan erməni Rudolf Qarboyanla görüşdə qələbə qazanacağıma arxayın idim. U-22-lər arasında Avropa çempionatının finalında ona bir dəfə qalib gəlmişdim. Bu dəfə də inamlı döyüşlə mərhələ adladım. 1/4 finalda isə Rosko Hillə (ABŞ) qarşılaşmada birinci raundda uduzduqdan sonra özümü toparladım. Yalnız rəqibimi məğlub etmək və lisenziya qazanmağımı düşünürdüm. Dünya çempionatının daha bir finalçısına qarşı əzmkar döyüş keçirərək qələbə qazandım.
Gənc boksçu indi əsas hədəfin “Paris-2024”də ölkəmizi layiqincə təmsil etmək olduğunu deyib:
– Əsas hədəf daha yaxşı forma yığıb Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır. Paris Oyunlarına çempionluq üçün gedəcəyəm.
Qeyd edək ki, bununla da, Azərbaycan komandasının əldə etdiyi lisenziyaların sayı 10-a çatıb. Belə ki, indiyədək sərbəst güləş üzrə Maqomedxan Maqomedov (97 kq), yunan-Roma güləşində Sənan Süleymanov (77 kq), Həsrət Cəfərov (67 kq), gimnastika üzrə Zöhrə Ağamirova, atletikada Anna Skidan (çəkicatma), taekvondo üzrə Qaşim Maqomedov (58 kq), atıcılıqda isə Ruslan Lunyov (10 metr, pnevmatik tapança) Paris Olimpiadasına lisenziya qazanıblar.
Xatırladaq ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Leyla QURBANOVA
XQ