Dünya çempionatı: Azərbaycan güləşçiləri 5 medal qazanıblar

post-img

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan komandasının uğurlu çıxışı davam edir.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın 2-ci günündə güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Qızıl medalları yığmamızın  aktivinə sərbəst güləşçimiz Orxan Abbasov (79 kq) və qadın güləşi üzrə Ruzanna Məmmədova (59 kq) yazdırıblar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçilərimiz Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qalib adına layiq görülüblər. Qadın güləşçilərimiz Elnurə Məmmədova (50 kq) 2-ci, Nərgiz Səmədova (55 kq) 3-cü yerləri tutublar. Bununla da, komandamızın mundialda qazandığı medalların sayı 11-ə çatıb.

Yarış dekabrın 3-də başa çatacaq.

İdman