SABİS SUN-da 123 nəfər oftalmoloji müayinədən keçib

post-img

Bu gün– noyabrın 30-da Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABIS SUN Beynəlxalq məktəbdə Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirib. Aksiya çərçivəsində 123 nəfər müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, allergik konyunktivit və s. diaqnozlar aşkar olunub.

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasientləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Tibbi aksiya mərkəzin həkim heyəti Leyla Əliyeva, Nərgiz Əhmədova və rezident Emin Ərəbov tərəfindən həyata keçirilib. Bununla yanaşı, aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, Səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin əməkdaşları Leyla Qurbanova və Zuleyxa Yusifova iştirak ediblər.

Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən XQ-yə biliriblər ki, respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə mərkəzdə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Həmçinin qeyd edək ki, mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən mərkəzin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb.

Hazırda dünyada 7 milyard 800 milyon insanın 2 milyard 200 milyonu görmə zəifliyi və görmə  qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Oftalmologiya mərkəzinin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir. 

 

Z.HÜSEYNOVA

XQ

 

Səhiyyə