Pəhləvanlarımızın gücü və gücsüzlüyü

post-img

Fiziki hazırlıqla yanaşı, özünəinam da əsasdır

 

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə yarışa yekun vurulub. 

Dünya çempionatı ərəfəsində yarışda gözlənilən nəticələrlə bağlı proqnozlar idman ictimaiyyətini xeyli ruhlandırmışdı. Mundialdan maksi­mum nəticələr və rekordlar gözləyir­dik. Əslində, komandanın heyətinə nəzər salsaq, güclü potensiala malik güləşçilər görərik. Mundial ərəfəsin­də sərbəst güləş üzrə yığmanın baş məşqçisi Xetaq Qazyumov komanda­mızın Olimpiadaya minimum 6 lisenzi­ya qazanmağı hədəflədiyini bildirmiş­di. Bu il Xorvatiyada keçirilən Avropa çempionatında millimiz böyük uğur qazanaraq komanda hesabında 1-ci yeri tutmuşdu. 

Qitə çempionatında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan millinin lideri Hacı Əliyev 4-cü dəfə Avropa çempionu adına layiq görüldü. Üçqat dünya çempionu bu nüfuzlu ya­rış əfərəsində bildirmişdi ki, daha yax­şı formadadır və dünya çempionluğu­nu hədəfləyib. Hacı Əliyevlə yanaşı, heyətdə 6 illik qızıl medal həsrətinə son qoya biləcək digər güclü pəhlə­vanlar da yer almışdılar. Yekunda mil­limiz bu nüfuzlu turniri 2 gümüş me­dal və 1 Olimpiya lisenziyası ilə başa vurdu. Komandamızın mundialda qa­zandığı nəticələri qənaətbəxş hesab etmək olarmı? 

Baş məşqçi Azərbaycan Güləş Federasiyasının rəsmi saytına mü­sahibəsində güləşçilərimizin çıxışla­rını qiymətləndirib. Yığma üzvlərinin fiziki cəhətdən çox hazırlıqlı olduqla­rına baxmayaraq, bəzi məqamlarda özünəinamın zəif olduğunu diqqətə çatdırıb: 

– Dünya çempionatına 2 gümüş medal üçün yox, daha yüksək nə­ticələr üçün getmişdik. 74 kiloqram çəkidə medal və lisenziya əldə edə bilərdik. Püşkü münasib olan Abubakr Abakarovun (86 kq) da medal və li­senziya qazanmaq şansı yüksək idi. Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) yeni dünya çempionu ola bilərdilər. Bunlar baş versəydi, nəticədən ümu­milikdə razı qalmaq olardı. Əslində, komandamızın yaxşı potensialı var. Bura gələndə böyük həcmdə iş gör­müşdük. Çoxlu təlim-məşq toplanışla­rı keçmişdik. Fiziki cəhətdən çox ha­zırlıqlıydıq. Sadəcə, bəzi məqamlarda özünəinam çatışmadı.

Xetaq Qazyumov bu il Avropa çempionatının qalibləri Əliabbas Rza­zadənin (57 kq) və Hacı Əliyevin məğ­lub olma səbəblərindən danışıb: 

– Əliabbas Rzazadə ilk görüşdə ABŞ-ın çox güclü güləşçilərindən biri, dünya çempionu və olimpiya müka­fatçısı Tomas Gilmanı məğlub edən Zeyn Riçardsa qalib gəlsə də, İranın gənc güləşçisi ilə bacarmadı. Əliabba­sın növbəti mərhələlərdə üz-üzə gələ­cəyi Albaniya və Rusiya güləşçiləri ilə görüşləri fikirləşdiyini bildiyimiz üçün onu nə qədər bu qarşılaşmaya kök­ləməyə çalışsaq da, alınmadı. Nəticə­də öz imkanlarından aşağı səviyyədə çıxış etdi. 

Hacı Əliyev (65 kq) ilk 3 rəqibinə qalib gəldi. Təsnifat mərhələsində burnundan zədələndi. Bu da müəyyən qədər ona problem yaratdı. Təəssüf ki, Ermənistan idmançısına məğlub oldu. Bu yarışda Vazgen Tevanyan daha güclü idi. Görüş başlayan kimi xallar aldı, sevimli çevirmə fəndindən istifadə etdi. Hacı çox təcrübəli güləş­çidir. Həmin görüşdən sonra onunla danışmamışam. İsti-isti bu barədə danışmaqdansa, bir müddət sonra soyuq başla qarşılaşmanı təhlil etmək daha doğrudur. Hər şeyi detallı şəkildə nəzərdən keçirəcəyik. İndi Hacı həm özünə, həm də kapitan kimi koman­danın nəticəsinə görə çox məyusdur. 

Baş məşqçi komandanın digər üzvü Abubakr Abakarovun (86 kq) təəssüf ki, zədələndiyini və bunun nə­ticəyə təsir etdiyini vurğulayıb. Turan Bayramovun (74 kq) isə özünə çox inandığını, amma bu çəkidə hazırda Zaurbek Sidakov (Rusiya) və Kayl Deykin (ABŞ) çox güclü olduqlarını, təcrübə baxımından onlardan geri qaldığını deyib: 

– Məğlub olursansa, bunun sə­bəbini başqa şeylərdə yox, özündə axtarmalısan. Görüş ərzində yorul­san və əhval-ruhiyyən yaxşı olmasa belə, son anadək rəqibə diş göstər­məlisən. Maksimum gücünü ortaya qoymalısan. Bürünc medal uğrunda görüşdə sakit və taktiki baxımından savadlı güləşmək olardı. Təəssüf ki, Serbiya idmançısına qarşı müəyyən­ləşdirdiyimiz taktikayla güləşmədi. Daim hücum etməyi və rəqibi təzyiqdə saxlamağı tapşırmışdıq. Xəbərdarlıq etmişdik ki, Hetik Çabolova qarşı da­yanıb güləşməklə qələbə qazanmaq mümkün deyil. Yalnız ondan daha üstün təcrübə və səviyyədə olmalısan ki, bu qaydada qalib gələsən. Əslində Turanın funksional hazırlığı daha yax­şı idi. Taktiki səhvə yol verdi. 

Sonda funksioner qeyd edib ki, məşqçilər heyəti öz üzərinə düşən işi maksimum yerinə yetirir:

– Ancaq biz idmançının yerinə xal­çaya çıxıb, güləşə bilmərik. Dairənin içərisində olanda bütün məsuliyyəti güləşçi daşıyır. Bu zaman artıq id­mançının dözümü və xarakteri üzə çıxır. Güləşçi həm özü, həm ailəsi, həm də ölkəsi adına məsuliyyət da­şıyır və bunu dərk etməlidir. Yenə de­yirəm, güləşçilərimizin potensialı var. Sadəcə, gələcək yarışlarda özünə inanmaq və əsl çempionlara xas xa­rakter nümayiş etdirmək lazımdır. Dünya liderləri sırasında olmaq üçün bir neçə aylıq qısa müddətdə böyük işlər gördük. Çoxlu intensiv məşqlər keçdik. Ancaq bir komandanı tam for­malaşdırmaq üçün illər lazımdır. Bun­dan sonra ciddi nəticələr haqqında danışmaq olar. 

Həmişə güləşçilərə deyirik ki, sən xalçada təkcə güləşmirsən, sanki rəqiblə müharibə aparırsan. Qonq ça­lınana kimi yox, hakim səni saxlayana kimi rəqiblə mübarizə aparmalısan. Bax onda nəticə də olacaq, zədə də olmayacaq və sən qalib gələcəksən.

Qeyd edək ki, 2 gümüş medal qa­zanan yığmamız 66 xalla komanda hesabında 5-ci yeri tutub. Ötən ilki dünya çempionatında isə millimiz 2 bürünc medalla (42 xal) 8-ci pillədə qərarlaşmışdı. 

Leyla QURBANOVA
XQ

İdman