Maksimum nəticə, yeni rekordlar...

post-img

Güləşçilərimiz dünya çempionatına necə hazırlaşıblar?

Dünyanın adlı-sanlı güləşçiləri bugünlərdə öz aralarında ən güclüləri müəyyənləşdirmək üçün Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında bir araya gələcəklər. 

Bəs çempionata millimizin hazırlığı necə qiymətləndirilir? 

Builki dünya çemopionatı Paris Olim­piadasına vəsiqə qazandırmaq baxımın­dan da böyük önəm daşıyır. Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov güləşçilərin minimum və maksimum hədəflərini açıqlayıb: “Koman­damız Olimpiadaya minimum 6 lisenziya qazanmağı hədəfləyib. Qeyri-olimpiya çə­kilərində, əsasən, gənclərə üstünlük ver­mişik. Olimpiya çəkilərində isə təcrübəli güləşçilər mübarizə aparacaqlar. Avropa çempionumuz Əliabbas Rzazadədən (57 kq) minimum olimpiadaya lisenziya qa­zanmağı gözləyirəm. Maksimum nəticə göstərərsə, dünya çempionu ola bilər. Üçqat dünya çempionu Hacı Əliyevin (65 kq) böyük potensialı var. Hazırda çox yax­şı formadadır və düşünürəm ki, hansısa problem onun yenidən dünya çempionu olmasına mane olmayacaq”.

Baş məşqçi Turan Bayramov, Abu­bakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildiş­vilidən (125 kq) də yüksək nəticələr göz­lədiyini bildirib. Qeyd edib ki, istər Olimpi­ya, istərsə də qeyri-olimpiya çəkilərində maksimum nəticəni hədəfləyirlər. Bunun üçün güləşçilər potensiallarından maksi­mum istifadə etməlidirlər. 

Sərbəst güləş üzrə millinin lideri Hacı Əliyev (65 kq) Belqradda dünya çem­pionatında 6 illik medal həsrətinə son qoymağa və Azərbaycan güləşində ilk dördqat dünya çempionu kimi yeni rekor­da imza ata bilər. İstedadlı güləş ustası dördüncü dəfə qızıl medal, eyni zamanda Olimpiadaya lisenziya qazanmağı hədəf seçib. O, həm özünün, həm də koman­da yoldaşlarının yaxşı formada olduğunu deyib. Vurğulayıb ki, yığma ilboyu həm ölkə xaricində, həm də Vətəndə birlikdə təlim-məşq toplanışı keçib: “Düşünürəm ki, yarışa tam hazıram. Uğurlu nəticə əldə etmək üçün əlimdən gələni edəcəyəm”. 

Qadın güləşi üzrə millinin baş məşq­çisi Semyon Şterev də yığmanın yüksək nəticələrə iddialı olduğunu deyib: “Mariya Stadniklə (50 kq) yanaşı, Jalə Əliyeva (57 kq) və Elis Manolovadan (62 kq) da yaxşı nəticə gözləyirik. Güləşçilərimizin uğurla çıxış edəcəklərinə inanırıq”.

Dünya qadın güləşinin canlı əfsanə­si Mariya Stadnik 4 illik fasilədən sonra mundiala qayıdır. İkiqat dünya çempionu Belqradda növbəti titul və Olimpiadaya li­senziya qazanmaq üçün var-gücünü sərf edəcək. O, Olimpiya Oyunlarında 5-ci dəfə iştirak etməklə, Azərbaycan idma­nında daha bir rekorda imza ata bilər.

Ötən il Belqradda ikinci dəfə dünya çempionu titulunu qazanan Eldəniz Əziz­li bu dəfə də eyni məkanda eyni uğuru təkrarlamağa və yunan-Roma güləşində müstəqillik tariximizin ilk üçqat dünya çempionu adına sahib çıxmağa çalışa­caq. Millinin kapitanı Serbiyada titulunu qorumaq üçün yüksək səviyyədə hazırlıq keçib. 

Milli üzvlərinin hazırlığını yüksək qiy­mətləndirən yunan–Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov dünya çempiona­tında mümkün qədər çox olimpiya lisen­ziyası əldə etməyi qarşılarına məqsəd qoyduğunu qeyd edib: “Ötənilki dünya çempionatındakı nəticəni yaxşılaşdırma­ğa çalışacağıq. Dünya çempionatında qalib olmaq böyük önəm kəsb edir. Mil­limizin üzvləri yarışa yaxşı hazırlaşıblar. Güləşçilərimiz özlərinə əmindirlər. Dü­şünürük ki, istədiyimiz nəticəni əldə edə biləcəyik”. 

Beləliklə, sentyabrın 16-dan 24-dək “Stark Arena”da keçiriləcək dünya çem­pionatında güləşçilərimiz tarix yazmağa çalışacaqlar. Bunun üçün potensial da var, perspektivlər də.

Xatırladaq ki, müstəqillik illərində bö­yüklər arasında 12 dünya çempionumuz olub. Onlar ümumilikdə 17 qızıl medal qazanıblar. Hacı Əliyev 3 qızıl medalla (2014, 2015, 2017) Azərbaycan rekord­çusudur.

L.QURBANOVA
XQ



İdman