Paytaxtda bu il 56 belə rekordçu qeydə alınıb
Təhsil sahəsi ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Son illərdə Azərbaycanda təhsilin yeniləşməsi ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, gələcəyimizi daha etibarlı və inamlı görmək istəyimiz uğurla gerçəkləşir.
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransındakı çıxışında qeyd edib ki, təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində görülən işlər davam edir, əsas hədəflər isə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsidir.
Yüksəlişə nail olmağın yolu isə, məlum olduğu kimi, maksimum nəticələrdən keçir. Fərəhli haldır ki, orta məktəblərin müəyyən qrup şagirdləri universitetlərə builki tələbə qəbulunun nəticələrinə görə rekorda imza ataraq, zirvə yoluna ürəklə çıxa biliblər.
Təkcə paytaxt Bakıda ötən tədris ilində 1939 şagird fərqlənmə attestatlarına layiq görülüb. XI sinif məzunlarının 18-i qızıl, 6-sı gümüş nişanla təltif edilib. Bakı məktəblərindən 56 sinif ali məktəbə qəbulda 100 faiz nəticə göstərib. İdarədən aldığımız xəbərə görə, paytaxtdakı 13, 53, 85, 95, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul ediliblər. Bundan əlavə, 287 nömrəli “Zəkalar” liseyinin 5 sinfi 100 faiz nəticəyə nail olub.
Bakı Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul edilmiş Zakir Məmmədzadənin ürək sözləri:
– Öyrəndiyimə görə, mənim daxil olduğum fakültə beynəlxalq münasibətlərdən daha çox daxili məsələlər üzrə mütəxəssislər yetişdirir. Tələbələr ictimai, siyasi, hüquqi və sair mövzularda biliklərə yiyələnir və idarəetmə sahəsində tarixi inkişafı izləyirlər. Sevinirəm ki, BDU kimi adlı-sanlı bir ali təhsil ocağına daxil olmuşam. İllərcə zəhmətimi çəkmiş əziz müəllimlərimə minnətdaram!
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbi “Qızıl medal”la bitirmiş Aqil Əlpaşayev dedi:
– Fənn Olimpiadalarının respublika turunda tarix fənni üzrə 1-ci yerə layiq görülərək imtahansız Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” fakültəsinə daxil oldum. Özümü xoşbəxt sayıram. Mənim bu uğurumda zəhməti olan hər kəsə ürəkdən “Çox sağ olun” deyirəm.
Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri də ali məktəblərə builki tələbə qəbulunun nəticələrinə görə rekord qazanıblar.
Məktəbin direktoru Kəmalə Hüseynova əməkdaşımıza bildirib ki, bu təhsil ocağının 11-A, 11-B və 11-E sinifləri 100 faiz nəticə göstərib. Ümumilikdə məktəbi 163 şagird bitirib. Məzunlar arasında ən yüksək nəticəni Niman Nuriyev əldə edib. O, 646 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.
Yeri gəlmişkən, Sumqayıtın ilk təhsil müəssisəsi olan bu məktəb yenidən tikilərək 2021-ci ildə istifadəyə verilib. Müasir bunada keyfiyyətli təhsil üçün hər cür şərait yaradılıb. Burada 1123 pedaqoji işçi çalışır. Yeni tədris ilində məktəbdə 2 min 900 şagird təhsil alacaq.
Əlavə edək ki, Sumqayıt məktəblərinin ötən dərs ilində olduğu kimi, bu il də yüksək nailiyyətlərə imza atıblar. Belə ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin şagirdləri ən yüksək nəticəyə imza atıblar. Gimnaziyanı 55 şagird bitirib. Onlardan 51-i Azərbaycanın, 4-ü isə xarici ölkələrin universitetlərinə qəbul edilib. Məzunlardan 10-u qızıl, 2-si gümüş medalla məktəbi bitirib. Adıçəkilən liseyi isə 54 şagird bitirib. Onlardan 42-si Azərbaycan, 12-si isə xarici ölkə universitetlərində təhsillərini davam etdirəcəklər. Təfəkkür liseyi də rekordu təkrarlayıb: iki sinfin bütün məzunları yüksək balla tələbə olublar. Ümumilikdə isə Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdən 172 şagird 600-dən, 37 şagird isə 650-dən yuxarı bal toplayıb.
Bu il mingəçevirli məzunlardan 17 nəfər 600-dən yuxarı bal toplayıb. Şəhər üzrə ən yüksək nəticə əldə etmiş Təbiət–Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Sənani Zeynallı (673 bal) söylədi:
– Çox şadam ki, müəllimlərimin və valideynlərimin etimadını doğrultdum. Bundan sonra da öndə getməyə, Vətən üçün gərəkli mütəxəssis olmağa çalışacağam.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11-A sinifinin məzunları da 100 faiz nəticə göstərərək, fərqləniblər. Məktəbi bitirən 19 şagirdin hamısı tələbə adının sevincini yaşayır. Onlardan Bakı və Lənkəran Dövlət universitetlərinin hərəsinə 5, Dövlət İqtisad Universitetinə 3, Azərbaycan Dillər, Bakı Slavyan, Xəzər, Azərbaycan Dövlət Pedaqoji universitetlərinə, eləcə də İdarəçilik Akademiyasına və Dövlət Sərhəd Xidmətinin Akademiyasına 1 nəfər qəbul olub.
Bir məktəbin isə 45 məzunundan 44-ü tələbə adını qazanıb. Söhbət Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyindən gedir. Bu təhsil ocağının uğurları ildən-ilə artır. Cari ildə məktəb-liseyin bir sinfinin bütün məzunları, digər bir sinfinin isə 22 məzunundan 21-i tələbə adını qazanıb. Qeyd edək ki, məzun Firanə Qurbanova FLEX proqramını (Gələcək Liderlərin Mübadiləsi) qazanaraq təhsilini ABŞ-da davam etdirəcək. O bu il FLEX proqramını qazanan 22 azərbaycanlıdan biridir.
Yüksək nəticə ilə tələbə adını qazanan gənc soydaşlarımızı – sabahımızın ən layiqli sahiblərini təbrik edirik!
Ə.ƏLİYEV
XQ



