2023-cü ilin birinci yarısında Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatları sabit artım nümayiş etdirib. Ancaq bu vəziyyətin səbəbləri ölkədən-ölkəyə fərqlidir. Məsələn, bu ilin ilk altı ayında Ermənistan iqtisadiyyatının artım tempi 13 faiz təşkil edib. Gürcüstanın Ümumu Daxili Məhsulu isə 2023-cü ilin yanvar–iyun ayları ərzində 7,6 faiz artıb.
Hər iki ölkədə buna tranzit ticarətinin artması və Rusiya–Ukrayna müharibəsinin səbəb olduğu maliyyə resursunun axını şərait yaradıb. Bu da erməni dramının və gürcü larisinin məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Gürcüstan iqtisadiyyatının sabitliyinə turistlərin sayının artması da təsir edib ki, onların da əksəriyyəti ruslardır. Amma burada bir nüansa da diqqət yetirmək lazımdır. Ermənistanda iqtisadi artım birbaşa Rusiya–Ukrayna müharibəsi ilə bağlıdır. Deməli, Ermənistanın iqtisadi artımı müvəqqətidir.
Bu iki ölkədə yuxarıda qeyd etdiyim kimi maliyyə resursunun axınında pul köçürmələri rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin altı ayı ərzində Rusiyadan Ermənistana fiziki şəxslərə köçürmələr ötən ilin müvafiq dövründəki 1,1 milyard dollara nisbətdə 2,1 milyard dollar təşkil edib, demək olar ki, iki dəfə artıb. Ermənistana ən çox pul köçürmələri daxil olan ikinci ölkə ABŞ olub.
Gürcüstanda isə əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ilin birinci yarısında da transfer həcminə görə, Rusiya liderlik edib. Rusiya Federasiyası - 1,125 milyard dollarla (artım 50 faiz) birinci, İtaliya isə bundan 3,5 dəfə az göstərici ilə ikinci yerdə qərarlaşıb.
2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələri, yerli ekspertlərin fikrincə, ÜDM-in 20 faizinə bərabər olub, müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu rəqəm Ermənistan ÜDM-nin 5 faizi kimi qiymətləndirilib. Eyni zamanda Rusiyadan yüksək maliyyə daxilolmaları fonunda Gürcüstanın beynəlxalq ehtiyatları 2022-ci ilin sonunda tarixi maksimumunu yeniləyərək 4 milyard 900,6 milyon dollara çatıb.
Bunların fonunda hər iki ölkənin dövlət borcu yüksəkdir və ÜDM-də yüksək faizə sahibdir. Beləliklə, Ermənistanın dövlət borcu 2023-cü ilin fevral ayının sonunda ÜDM-in 54 faizini təşkil edir. Yəni 2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu, təxminən, 11 milyard 352 milyon dollardır. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7 faiz artıb. Bildirilib ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır. Ermənistanın xarici dövlət borcu iyulun sonunda 6 milyard 663 milyon dollar təşkil edib.
Bu o deməkdir ki, yeddi ay ərzində bu rəqəm 218 milyon dollar və ya 3,4 faiz artıb. Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlər təşkil edir.
Qeyd olunur ki, sosial-iqtisadi proqramları həyata keçirmək üçün Ermənistan yeni kreditlər götürməkdə davam edir. Bu ilin aprelində hökumət Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ilə ümumi məbləği 92 milyon avro olan yeni kredit sazişi – “Yaşıl, davamlı və inklüziv inkişaf siyasəti krediti” imzalayıb.
Bu dövrdə daxili borc daha da sürətlə artıb. Cari ilin yeddi ayında daxili borc 496 milyon dollar və ya 11,8 faiz artaraq 4 milyard 688 milyon dollar təşkil edib. Əgər fikir verdinizsə, Ermənistanın dövlət borcu ÜDM-nin 54 faizini təşkil edir və bu təhlükəli həddir.
Gürcüstanda isə ümumi xarici dövlət borcu iyulun 1-nə 8,51 milyard dollar qiymətləndirilir. Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, il ərzində xarici borc 7,6 faiz artıb. 31 mart 2023-cü il tarixinə ölkənin ümumi dövlət borcu isə 12,6 milyard dollar təşkil edib. Bu, Ümumi Daxili Məhsulun 32,2 faizi deməkdir.
Gürcüstan dövlətinin ən böyük kreditorları Asiya İnkişaf Bankı (2,15 milyard dollar), Beynəlxalq İnkişaf Bankı (1,38 milyard dollar) və Avropa İnvestisiya Bankıdır (1,005 milyard dollar).
Müqayisə üçün qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5 faizi qədər olub. Azərbaycanın xarici borcu 6 milyard 576,9 milyon dollar qiymətləndirilir ki, bu da 2022-ci ilin sonundakı göstəricidən 1,7 faiz azdır. 2023-cü il üçün proqnozlaşdırılan ÜDM-in 10 faizinə bərabərdir. 2023-cü il iyulun 1-nə Azərbaycanda iqtisadi artım göstəriciləri isə 6,2 faiz təşkil edib.
Regionun hər üç ölkəsi arasında Azərbaycan ən çoxşaxəli iqtisadiyyata malikdir və sənaye sektoru ölkənin ÜDM-də aparıcı rol oynayır. Ölkənin iqtisadi artımına təsir edən əsas amil enerji resursları üçün əlverişli mühit, o cümlədən bu enerji ehtiyatlarının (neft, qaz) son istehlakçılara çatdırılması üçün vaxtında görülən tədbirlərdir.
Güləhməd TALIBOV,
professor
Xarici borcun təhlükəli həddə olmasını müəyyən edən başlıca amillərdən biri ölkənin strateji valyuta-qızıl ehtiyatlarının borca mütənasiblik əmsalıdır. Borcun həcmi ehtiyatlardan çox olduqda bu, həmin ölkənin milli iqtisadi təhlükəsizliyini təhdid altına salır. Azərbaycanın strateji valyuta ehtiyatı isə kifayət qədər çoxdur. 2023-cü il iyulun 1-ə olan göstəriciyə görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 65,9 milyard dollar təşkil edib. Xarici borcumuz isə 6 milyard 576,9 milyon dollar qiymətləndirilir. Bu o deməkdir ki, valyuta rezervlərimiz xarici borcdan 10 dəfə çoxdur. Yəni Azərbaycan borcu bu gün sıfırlaya bilər.
İkincisi də, bu borcun həcmi 2023-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 10 faizi qədər olub. Bu ilin I yarısında cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla xarici dövlət borcu 116,3 milyon ABŞ dolları və yaxud 1,7 faiz azalıb. Göründüyü kimi, Azərbaycanda xarici borc azalır və bu 5 ildir davam edir.
Bundan başqa, son illər dünyada baş verən iqtisadi və siyasi çağırışlara baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, maliyyə-bank sisteminin möhkəmləndirilməsinə nail olunub. İri layihələri öz hesabımıza maliyyələşdirmək imkanlarımız artıb.
Dünyada ölkələrinin böyük əksəriyyətinin isə strateji ehtiyatları xarici borcundan bir neçə dəfə azdır. Hətta elə ölkələr var ki, məcmu qızıl-valyuta ehtiyatları borclarını bağlaya bilmir. Bu ölkələrin siyahısında Ermənistan və Gürcüstan da var. Nə Ermənistanın, nə də Gürcüstanın strateji maliyə ehtiyatları borclarını qapatmaq imkanında deyil. Məsələn, Gürcüstanda strateji ehtiyatlarının həcmi 4,9 milyard dollar təşkil edir ki, bu da xarici borcdan (8,51 milyard dollar) azdır. Ermənistanın strateji rezervlərinin həcmi 2022-ci ilin dekabr ayında 4 milyard 103 milyon dollara bərabər olub. Xarici borc isə 6 milyard 663 milyon dollardır və beynəlxalq valyuta rezervlərinindən çoxdur.
Pünhan ƏFƏNDİYEV
XQ


