“Ayrılıq”dan Xudafərinə

post-img

Yaxud mənəvi bütövlük nəğməkarı

Milli musiqimizin dünya şöhrətli ifaçısı Yaqub Zurufçunun vəfatından 2 il ötür. Onu ilk dəfə 1989-cu ilin payızında Azadlıq meydanında gördük, tanıdıq və sevdik. Məqamında gəlib, güneyli Fərhad İbrahiminin həsrət, yanğı ilə qələmə aldığı və Əli Səliminin eyni hisslərlə bəstələdiyi “Ayrılıq” mahnısını o qədər eşqlə ifa etmişdi ki, o gün, unudulmaz hadisə kimi hafizələrə həkk olunmuşdu. 

Qarabağda xain düşmənin törətdiyi haqsızlıqlara və vəhşiliklərə qarşı Azad­lıq meydanında ayağa qalxan, haqq sə­sini dünyaya çatdırmağa çalışan nəhəng izdiham qarşısında xalqımızın acı tale nəğməsini oxumaqla Yaqub Zurufçu Azər­baycanın qaysaq bağlamayan ayrılıq ya­rasının sanki hovunu aldı. Bu mahnını böyük Rəşid Behbudovun, ölməz Güla­ğa Məmmədovun ifasında da sevmişdik. Amma uzun illər Arazın o tayından didər­gin düşmüş, qürbətdə bu tay arzusu ilə ya­nan və o gün doğma xalqına qovuşan bir ifaçının avazında “Ayrılıq” nisgili mənəvi bir bütövlüyə çevrildi. 

Başı bəlalar çəkmiş Azərbaycanın 210 il əvvəl (1813-cü ildə) rus və fars şovi­nistləri tərəfindən “Gülüstan” müqaviləsi ilə Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən “Ayrılıq” mahnı­sı Yaqub Zurufçunun ifasında qulaqlar­dan qəlblərə işlədi, bizi silkələdi, ayıqları dikəltdi, yatmışları ayıltdı. İndi o günü şirin bir xatirə kimi, o tarixin qəhrəmanının 2 il əvvəl amansız pandemiyanın cəngindən xilas ola bilməməsini isə dərin hüznlə yad edirik. 

Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbrizin Çərandab məhəlləsində dünyaya gəlib. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq konsertlərində iştirak edib və məşhur “Cücələrim” mahnısı ilə tanı­nıb. 11 yaşından artıq Azərbaycan xalq və bəstəkar mahnılarını sevə-sevə ifa edib. 15 yaşında Təbriz Televiziyasında ilk dəfə “Evləri var xana-xana”, “Qoy, gü­lüm gəlsin, ay nənə”, “Dilbər” mahnılarını ifa edib.

Yaqub bəyə Azərbaycan sevgisi, onun musiqisinə, mədəniyyətinə dərin bağlılıq atasından keçib. Dediyinə görə, atası bir vaxtlar Bakıda yaşayıb. Yaqub dünyaya gözünü açandan ondan Bakı, Azərbay­can, onun tarixi, mədəniyyəti, insanları haqqında sevgi dolu hekayətlər dinləyib. Onun bütöv Vətən dünyası belə yaranıb.

Təbrizdə ilk çıxışından sonra tamaşa­çı Yaqub Zurufçunu ekranlarda, konsert salonlarında bir az da yaxından görmək istəyib. Təbrizin, Tehranın Radio və Te­leviziyaları da tamaşaçının xahişi ilə onu efirə dəvət edirdilər. 

Amma yeniyetməlik illərinin şöhrəti onun gözlərini qapatmayıb, düşünüb ki, təhsil almağın vaxtıdır. Tehran Universi­tetinin iqtisad fakültəsində təhsil almağa başlasa da, opera xorunda öz musiqi fəa­liyyətinə davam edib. 

Yaqub Zurufçunun azad düşüncəsi ifalarına qanad taxıb. 1979-cu ildə İran­da Xalq İnqilabından 1 il sonra sənətkar Almaniyaya köçməli olub. Elə orada da peşəkar musiqi təhsili alıb. Əvvəl Ham­burqda, sonra isə Amerikanın Florida şta­tının Myami Universitetində vokal sənətini dərindən mənimsəyib. 

Azərbaycana ilk gəlişi isə xalq hərə­katının kükrədiyi 1989-cu ilə təsadüf edib. Almaniyada konsert zamanı tanış olub dostlaşdıqları Gülağa Məmmədovun dəvəti ilə Bakıya gəlib. Elə həmin il Yaqub Zurufçu ilk konsertlərdən yığılan bütün vəsaiti doğma torpaqlardan - Qərbi Azər­baycandan və Qarabağdan qovulmuş, didərgin salınmış evsiz-eşiksiz həmvətən­lərimizə yardım fonduna köçürüb. 

Xatırladaq ki, hələ 1985-ci ildə Alma­niyada konsertdə Gülağa Məmmədovun təklifi ilə Rəşid Behbudov öz konsertində 29 yaşlı Yaqub Zurufçunun çıxışına icazə verib. “Ayrılıq” mahnısını onun ifasında dinləyən sənətkar gənc soydaşımızı qu­caqlayaraq ona xeyir-dua verib: “Daha arxayınam ki, məndən sonra davamçım var!”

Yaqub Zurufçu milli musiqimizi Avropa­da – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı, ABŞ-da, Kanadada, Braziliya­da, Cənubi Afrikada, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla səsləndirib və sevdirib. 

2015-ci ilin sentyabrında yurdsevər müğənni Azərbaycan professional mu­siqisinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə onun və davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət ma­raqlı mahnı albomu hazırlayıb və dahi bəstəkarın ev muzeyində təqdimatını ke­çirib. 

Ulu öndər Heydər Əliyev Amerikada müalicə olunarkən müğənni ona baş çə­kib, böyük rəhbərin sevdiyi mahnıları pia­ninoda ifa edib. Müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Apara­tında Yaqub bəyi qəbul edərkən demişdi: “Mən səni, sənin sənətini çox sevirəm. Təbiidir, səni məndən başqa da Azər­baycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur ver­misən, mənəvi dayaq olmusan!”

Otay–butayın ortaq nəğməkarı Yaqub Zurufçunun Almaniyada, ABŞ-da, Kana­dada, Azərbaycanda və digər ölkələrdə 30-dan çox musiqi albomu işıq üzü gö­rüb. O, 1995-ci ildə respublikada ilk pro­fessional səsyazma studiyasını yaradıb. Müstəqillik illərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi hissələrdə geniş konsert proqramı ilə çıxış edib. Şəhidlərin xatirəsinə “Ağlama, anam, mənə…” mah­nı-elegiyasını bəstələyib. 

Yaqub Zurufçunun 2019-cu il oktyab­rın 12-də Heydər Əliyev Sarayında so­lo-konserti oldu. Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilmiş musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəm­li mədəniyyət və incəsənət xadimlərinin, çoxsaylı pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert, sanki, Yaqub Zurufçu­nun sevimli xalqı ilə vida konserti oldu.

Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda amansız pande­miya ilə savaşda dünyasını dəyişdi. Ar­zusunda olduğu klip isə onun vəfatından sonra işıq üzü gördü. Söhrab Tahirin sözlərinə bəstələdiyi “Daha” mahnısının video çəkilişi Xudafərin körpüsü üzərində sənətkarın 11 yaşlı oğlu Atillanın iştirakı ilə aparıldı. Bir milləti ikiyə bölən tikanlı məf­tillər fonunda “Ayrılıq” mahnısına çəkilən klipi birlik rəmzi olan Xudafərin körpüsü üzərində lentə alınan “Daha” mahnısı ta­mamladı. 

Ramilə QURBANLI

Mədəniyyət