Dünya çempionatının iştirakçıları: “Azərbaycan əsl nümunədir”

post-img

Bakı Atıcılıq Mərkəzində 100-dən çox ölkədən 1300-ə yaxın idmançının iştirak etdiyi mötəbər yarış – atıcılıq üzrə dünya çempionatı davam edir. 

Dünən yarışda Ukrayna komandası ikinci gümüş me­dalını qazanıb. Dairəvi stend atıcılığı üzrə qarışıq komanda növündə ukraynalı İrina Ma­loviçko və Mikola Milçev qızıl medalı ABŞ-ın Vinsent Hankok və Cuel Ostin Smit cütlüyünə 1 xalla uduzaraq əldən verib. Böyük Britaniya komandasının üzvləri Ben Levelin və Co Am­ber Ratter cütlüyü isə bürünc medala sahib olub.

Olimpiya növü olan 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında mübarizədə Çin idmançıları Qiongyu Janq və Ciayu Han müvafiq olaraq qızıl və gümüş medala sahib olublar. Yarışın bürünc medalı isə ABŞ atleti Saden Madalenaya çatıb.

Qiongyu Janq öz ölkəsinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandı­rıb. Digər lisenziyaları Almani­ya, Hindistan və Monqolustan atletləri əldə edib.

Dünyanın ən dəqiq ni­şançıları Bakıda bu mötəbər yarışın medalları ilə yanaşı, Paris Yay Olimpiya Oyunları­na lisenziya qazanmaq üçün də ciddi səy göstərirlər. Onlar müsahibələrində Bakı Atıcılıq Mərkəzində idmançıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər bir şəraitin yaradıldığını bildirirlər.

Beynəlxalq Atıcılıq İd­manı Federasiyasının (ISSF) stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi təş­kilatçılıqla bağlı yüksək fikir­lər səsləndirib: “Azərbaycan beynəlxalq yarışlara hər za­man möhtəşəm ev sahibliyi ilə diqqət çəkib. Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunlarında, həmçinin, ötən il dünya kubo­kunda gəlmişdim. Azərbaycan hər zaman möhtəşəm evsa­hibliyi ilə diqqət çəkib. Bu dəfə də həmçinin. Açılış mərasimin­dəki gözəlliyi hər kəs gördü. Atıcıların rahat hazırlaşması və atəş açmaları üçün hər cür şərait yaradılıb. Mükafatlan­dırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atı­cı cəlb edilib ki, bu da dünya çempionatının möhtəşəmliyin­dən xəbər verir”.

Əl-Hammadi onu da deyib ki, dünya çempionatı yerli atı­cılar üçün yaxşı təcrübədir. 

Yunanıstanlı atıcı Eftimos Mitas Bakıda dünya çempio­natında ilk dəfə qızıl medal qazandığına görə hədsiz sevindiyini bildirib. Üçqat dünya çempionuna finalda qalib gələn idmançı həlle­dici mərhələnin çətin keç­diyini deyib: “Finalda dəqiq olmaq üçün yarışa kökləndim və yalnız qələbəni düşündüm. Ciddi səylərim bəhrəsini verdi və qızıl medal qazandım. Eyni zamanda, Paris Yay Olimpiya Oyunlarına da lisenziya da əldə etdim ki, bu da çox vacib idi”. 

Turnirdə təşkilatçılığı yük­sək qiymətləndirən atıcı ilk dəfə 2015-ci ildə Avropa Oyun­ları zamanı Bakıda olduğunu söyləyib. 

“Bakı həmin vaxtdan mə­nim üçün doğmadır. Şəhəri çox sevirəm. Burada çoxlu dostla­rım var. Özümü paytaxtınızda çox rahat hiss edirəm. Azər­baycan Atıcılıq Federasiyası­nın baş katibi Emin Cəfərovla da yaxşı münasibətlərim var. Burada heç bir problemlə üz­ləşməmişik. Hər şey çox yax­şıdır”, – deyə o, əlavə edib.

ABŞ komandasının təc­rübəli idmançısı, dünya çempionatının qızıl medalını qazanan Vinsent Hankok isə qeyd edib ki, bundan əvvəl Bakıda keçirilmiş dünya ku­bokunda da qalibiyyət əldə edib: “Bakı möhtəşəmdir. Atı­cılıq Mərkəzi də çox gözəldir. Uzun illərdir ki, yarışlara qa­tılıram. Bura gəldikdə özümü öz evimdəki kimi hiss edirəm. Mərkəzinizdə çıxışdan çox xo­şum gəlir. Maraqlıdır ki, Bakı mənim üçün hər dəfə düşərli olur”.

O, ilk atışlar zamanı səhv­lərindən danışıb: “Final gö­rüşünün əvvəlində bir-iki atış zamanı hədəfdən yayındım. Buna görə narahat olmadım. Komanda yoldaşım məni kom­pensasiya etdi”.

Çempionatın dairəvi stend atıcılığının qarışıq ko­manda növündə gümüş me­dal qazanmış Mikola Milçev müsahibəsində ölkəmizdə bir neçə dəfə yarışda iştirak etdiyini və hər dəfə Azərbay­cana böyük məmnuniyyətlə gəldiyini bildirib. O, deyib ki, indiyə qədər bir çox dünya çempionatlarında iştirak etsə də, heç yerdə bu cür təşkilatçı­lıq görməyib: “Azərbaycan ək­sər ölkələr üçün əsl nümunə­dir. Bakıda hər şey fenomenal təşkil olunub. Təşkilatçılara xüsusi minnətdarlığımı bildi­rirəm”. 

Onun komanda yolda­şı İrina Maloviçka tribuna­dan idmançılara möhtəşəm dəstək verildiyini vurğula­yıb: “Atışa başlayanda tribu­nalardan bu cür dəstək görə­cəyimizi gözləmirdim. Yarışın gedişində azarkeşlərin səsini eşitməyə başladıq. Bu cür dəstək bizə əlavə motivasiya və özünəəminlik verdi”.

Yarış sentyabrın 1-dək da­vam edəcək. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman