Mən tək... “Kontrabas”da...

post-img

“Birlik məkanı”ndan “Qızıl qapılar”a

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı avqustun 14-dən 20-dək Rusiyanın Vladimir şəhərində keçirilən III “Teatr. Birlik məkanı” beynəlxalq festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən bildiri­lib ki, festivalın 3-cü günündə Əməkdar artist, “Qızıl Dərviş” və “Zirvə” mükafat­ları laureatı Şövqi Hüseynovun ifasında “Kontrabas” monotamaşası nümayiş olu­nub. Alman yazıçısı Patrik Züskindin ey­niadlı pyesi əsasında hazırlanmış tama­şaya mərhum rejissor, Xalq artisti İrina Perlova quruluş verib. 

...Ensiklopedik bilikli qəhrəman hə­yatda çox sadə mövqe sahibidir. Opera ulduzuna vurulan bu şəxs həmin xanı­ma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu za­man özü üçün qısqanclıq səhnəsi, teatr qalmaqalı yaradır ki, bəlkə bunun nəticə­sində məşhur ulduzla ünsiyyət qurmaq imkanı yarana. Sarkazm və yumoristik məqamlarla zəngin tamaşada qəhrəma­nın yeganə ünsiyyət vasitəsi kontrabas­dır. Bu süjet üzərində qurulmuş səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə ke­çirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb. 

Şövqi Hüseynov özü isə bildirdi ki, musiqiçi obrazını üstün performansla ifa etdiyi monotamaşa bu dəfə də uğurla keçib. Ekspert şurası tərəfindən ona dip­lom və Vladimir şəhərində teatr fədailə­rinə qoyulmuş heykəlin miniatür forması təqdim edilib. “Kontrabas” isə gələn il elə bu şəhərdə keçiriləcək daha böyük teatr bayramına – “Qızıl qapılar” beynəlxalq festivalına vəsiqə qazanıb. 

“Xalq qəzeti”nə qısa açıqlamasın­da Əməkdar artist Şövqi Hüseynov onu da dedi ki, oktyabr ayında Almaniyanın Hannover şəhərində keçiriləcək mono­tamaşalar festivalında da iştirak edəcək. Uğurlar diləyirik!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət