“AzerGold” QSC-nin ali məktəb tələbələri üçün növbəti “Təqaüd proqramı” müsabiqəsi

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizin ali təhsil müəssisələri­nin tələbələri üçün üçüncü “Təqaüd proqramı” müsabiqəsi keçirir.

Səhmdar Cəmiyyətdən qəzetimizə bildirilib ki, strateji layihələrin vaxtında lazımi kadrlarla təminatı məqsədilə təsis edilən müsabiqədə 2023–2024-cü tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Ötən illərdən fərqli olaraq bu il müsabiqədə dağ-mə­dən, geologiya və metallurgiya sahələri ilə yanaşı, ekologiya, kimya, elektrik və energetika mühəndisliyi, iqtisadiyyat, inzibati idarəetmə, kommersiya, menec­ment və filologiya sahələri üzrə təhsil alan tələbələrin də iştirakı nəzərdə tutu­lub.

Müsabiqə iki test imtahanı və mü­sahibə mərhələsindən ibarətdir. Təqaüd komissiyasının aparacagı qiymətlən­dirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndir­mə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə təqaüd proqramı­na cəlb edilərək onların hər biri müva­fiq təltifnamə və 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin səhmdar cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduq­dan sonra müvafiq vəzifələr üzrə işlə tə­min edilməsi nəzərdə tutulur.

Təqaüd proqramı layihəsinin və müsabiqənin şərtlərilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-say­tında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölmə­sinə daxil olmaq lazımdır. Müsabiqədə iş­tirak etmək üçün qeyd olunan altbölmə­dəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə qeydiyyat 2023-cü il avqustun 21-dən başlanılır. Müraciət üçün son tarix 21 sentyabr 2023-cü ildir.

Xatırladaq ki, “AzerGold” QSC tərə­findən elan edilən “Təqaüd proqramı” müsabiqələrində müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və ma­gistr səviyyələrində təhsil alan 18, peşə təhsili müəssisələrində isə təhsil alan 27 tələbəyə təqaüd verilib. Proqram çərçivə­sində 2 nəfər ali təhsil müəssisələrində, 4 nəfər peşə təhsili müəssisəsində təhsil alan tələbə “AzerGold” QSC-də işə qəbul olunub.

Son xəbərlər