Rusiya kəşfiyyatı Avropada necə işləyir?

post-img

Bu ölkənin agentləri aşkar edilib qovulurlar

Son il yarımda bir çox rus diplomatı Avropa ölkələrindən qovulub. Bu yaxınlarda isə Böyük Britaniyada 3 Bolqarıstan vətəndaşı Rusiyaya casusluq ittihamı ilə həbs edilib. 

Bəzi analitiklərin fikrincə, bu hadisə Rusiya kəşfiyyatının Avropada yeni iş metodlarından istifadə edərək artan risk­lərə necə uyğunlaşmağa çalışdığının göstəricisidir. İlk baxışdan bu 3 nəfərin sosial şəbəkələrdəki profillərində diqqə­ti çəkən məlumatlar yoxdur: adi tərcü­meyi-halları və normal həyatları var. Məsələn, Orlin Rusev rabitə və elektron siqnalların ələ keçirilməsi ilə bağlı biz­nesə sahibdir. O, karyerasının əvvəlində Bolqarıstanın Energetika Nazirliyinin mü­şaviri olub. Katrin İvanovanın profilində deyilir ki, o, özəl tibb şirkətində laborant, Bizer Dzambazov isə xəstəxanalardan birində sürücü işləyirmiş.

Bu şəxsi məlumatlar onların hansı casusluq əməli törədə biləcəyi barədə nə deyir? Öncə, Rusiya xüsusi xidmət orqanlarının iş üsullarına nəzər salaq. Bunun üçün ölkənin casus şəbəkəsinin xüsusiyyətlərinə nəzər salaq. Avropada (həmçinin bütün dünyada) Rusiya casus şəbəkələri 4 əsas kateqoriyaya bölünür: xarici səfirliklərdə diplomat adı altın­da çalışanlar; verdiyi məlumat üçün pul alan məmur və ya siyasətçilər; zahirən normal həyat sürən (rus agentləri özləri­ni, adətən, başqa ölkədən olan adamlar kimi təqdim edirlər), ola bilsin ki, bizneslə məşğul olan, ailəli, bəzən onilliklər boyu öz sığınacaqlarını gizli saxlayanlar; "yat­mış" casus yuvaları. Məsələn, Londonda bolqarlar ifşa edildi. Onların işi gözləmək və izləmək, casusluğun hədəfi ola bilə­cək insanlarla əlaqə qurmaq idi.

Xarici kəşfiyyat isə Baş Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə həyata keçirilir. 

Rusiya səfirlikləri isə kadrsız qalıb. 2022-ci ilin fevralında ölkənin Ukraynaya təcavüzündən sonra onun Avropadakı diplomatik nümayəndəliklərinin yüzlərlə əməkdaşı persona non-qrata elan edi­lib. Bəzi analitiklərin fikrincə, bu, Kremlin yerlərdə agentlərə nəzarətini zəiflədib və ya onu kəşfiyyat məlumatları əldə etmək üçün öz əməliyyatlarından məhrum edib.

Helsinkidə 33 ölkədən ekspertləri bir­ləşdirən, Aİ və NATO ilə sıx əməkdaşlıq edən Hibrid Təhdidlərlə Mübarizə üzrə Avropa Qabaqcıl Təcrübə Mərkəzinin di­rektor müavini Maksim Lebrun deyib: "Bir çox rus diplomatları, casusları Avropadan çıxarılıb. Beləliklə, indi onlar xaricdəki adi ruslara və ya başqa ölkələrdən, məsələn, Bolqarıstandan olan adamlara güvənir və onların köməyi ilə kəşfiyyat məlumatları toplamağa çalışırlar”. 

Rus agentləri hansı işlərlə məşğul­durlar? Son zamanlar Avropada rus agentlərinin cinayət başında yaxalanma­larına dair çoxlu nümunələr var. Mosk­vanın xeyrinə cəsusluq üçün cəlb edilən agentlər müxtəlif sferalarda çalışır və ya işə düzəlməyə cəhd göstərirlər. Onla­rın arasında Haaqa Beynəlxalq Cinayət Məhkəməsində işə düzəlməyə çalışan, Berlində Britaniya səfirliyində mühafizəçi işləyənlər var. Norveçdə isə Baş Kəşfiy­yat İdarəsinin polkovniki özünü Tromso Universitetində braziliyalı magistr tələ­bəsi kimi təqdim edib. Maksim Lebrun deyib: "Bu aspekt təsadüfi insanların pro­filini çıxarmaq üçün son dərəcə vacibdir. Onlar özlərini tələbə kimi göstərə, təh­lükəsizlik layihələrində iştirak edən müəl­limlər və ya katiblərlə tanış ola bilərlər. Tanınmış universitet professorlarının işini müşahidə etdik. Onların yeni tələbənin Federal Təhlükəsizlik Xidməti və ya Baş Kəşfiyyat İdarəsi əməliyyatçısı olmasın­dan xəbərləri yox idi. Belə bir casusluq hadisəsini aşkar etmək çox çətindir. Bu yaxınlarda baş verən başqa bir hadisə isə özünü Neapoldakı zərgərlik mağaza­sının sahibi kimi təqdim edən rus casusu ilə bağlıdır. On ilə yaxındır ki, bu qadın NATO-nun yüksək rütbəli məmurları ilə dostluq edib və hətta onlardan biri ilə mü­nasibətdə olub”.

Rusiya üzrə ekspert Rıqor Nijnikov deyir: "Adi təcrübə belədir ki, yüksək rütbəli Britaniya və ya NATO məmurları işə başlayanda Moskva onları cəsuslu­ğa cəlb etmək üçün müxtəlif yollar ax­tarır. Amma elə olur ki, bu insanlar təsa­düfən informasiya mənbəyinə çevrilirlər. Əməliyyat illər çəkə bilər və şəxs özü də fərqinə varmadan Rusiya kəşfiyyatının “toruna” düşər”. Nijnikov izah edir ki, “yatmış” agentlər adi insanlar, tanışlar, dostlar, ailə dostları ola bilər: “Və siz heç vaxt təxmin etməyəcəksiniz ki, burnunu­zun önündə xarici kəşfiyyat əməliyyatı gedir".

Rusiya xüsusi xidmət orqanlarına ən çox kimlər cəlb olunur? Məxfi xidmət orqanlarının işindən xəbəri olan ekspert­lər üçün Kremlin bolqarlardan agent kimi istifadəsində təəccüblü heç nə yoxdur. Maksim Lebrun deyir: "Bolqar britaniya­lıdan daha çox Rusiya üçün casusluğa meyillidir”. 

Rıqor Nijnikovun izah etdiyi kimi, Ru­siya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi potensial agent­ləri, keçmiş kommunist blokunda olan ölkələrdə daha çox axtarırlar. "Ola bilsin ki, özləri və ya ailə üzvləri kommunizm və ya post-kommunizm dövründə işə götürülüblər. Bolqarıstan və Rumıniyada rusların böyük imkanları və uzunmüddətli əlaqələri var. Bu, həmin ölkələri Rusiya üçün nisbətən asan hədəfə çevirir”.

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya