BRİKS genişlənmək istəyir

post-img

Bu qurumun güc mərkəzi kimi perspektivi varmı?

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa və Çin Xarici İşlər Nazirliyi BRİKS sammiti ərəfəsində birliyin genişlənməsinə dəstək verdiklərini açıqlayıblar. Yeni üzvlərin daxil olması məsələsi əvvəllər ittifaqın digər ölkələri tərəfindən də dəstəklənirdi. “Financial Times”ın məlumatına görə, Cənubi Afrikada keçirilən sammitdən sonra bir neçə ölkə BRİKS-ə qəbul oluna bilər. Bəs bu genişlənmə BRİKS-i yeni güc mərkəzinə çevirə bilərmi?

Avqustda BRİKS sammitinə ev sahib­liyi edən CAR Prezidenti Siril Ramafosa xalqa müraciəti zamanı onu genişləndir­məyə çağırıb: “20-dən çox ölkə BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib və daha bir neçə ölkə BRİKS ailəsinin bir hissəsi olmaqda maraqlı olduğunu bil­dirib. Cənubi Afrika BRİKS üzvlüyünün genişləndirilməsini dəstəkləyir”. S.Rama­fosanın çıxışı dövlət başçısının saytında yerləşdirilib. CAR Prezidentinin sözlərinə görə, genişləndirilmiş BRİKS “daha taraz­laşdırılmış qlobal nizam üçün ümumi arzu­ları bölüşən fərqli siyasi sistemlərə malik müxtəlif ölkələr qrupuna” çevriləcək.

Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi “RİA Novosti”yə şərhində ge­nişlənməni dəstəkləyib: “Çin həmişə əmin olub ki, BRİKS açıq və əhatəli mexanizm­dir, Pekin BRİKS-in genişlənmə prosesini dəstəkləyir və daha çox həmfikir olan tərəf­daşların BRİKS-in böyük ailəsinə erkən daxil olmasını alqışlayır”. Pekin, həmçinin vurğulayıb ki, Çin BRİKS əməkdaşlığının keyfiyyətcə inkişafına kömək etmək və bütün dünyada sülhün, sabitliyin və rifa­hın möhkəmlənməsinə daha böyük töhfə vermək üçün təşkilatdakı tərəfdaşları ilə işləməyə hazırdır. “Financial Times” yazır ki, Çin BRİKS alyansını G7-yə rəqib olma­ğa çağıra bilər. Qəzet müəyyən edib ki, BRİKS sammitində ölkələrin liderləri qru­pun son on ildə ən böyük genişlənməsini müzakirə etməyi planlaşdırırlar. “Financi­al Times”ın Çin nümayəndə heyətindəki həmsöhbəti qeyd edib ki, uğurlu genişlən­mə halında BKİRS-in dünya ÜDM-də payı G7-nin mövcud payına bərabər olacaq: “Belə olan halda, dünyadakı kollektiv sə­simiz daha əhəmiyyətli olacaq”.

Rusiya da təşkilatın genişlənməsində maraqlıdır. Avqustun əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da BRİKS-ə yeni üzvlərin daxil edilməsinin le­hinə danışmışdılar. S.Lavrov vurğulamışdı ki, genişlənmə BRİKS-i əhəmiyyətli dərə­cədə gücləndirəcək və dünya işlərində çə­kisini artıracaq. D.Peskov isə demişdi ki, genişlənmə təşkilatın gələcək inkişafına və güclənməsinə töhfə verəcək. 

Braziliya da genişlənmə məsələsinə müsbət yanaşır. Prezident Luiz İnasio Lula da Silva avqustun əvvəlində ölkəsi­nin BRİKS-in genişləndirilməsini dəstək­lədiyini bildirmişdi. Onun fikrincə, Argenti­na və Səudiyyə Ərəbistanı birliyə qoşula bilər. Hindistan da eyni mövqedən çıxış edir. Ölkənin Xarici İşlər Nazirliyinin söz­çüsü Arindam Baqçi avqustun əvvəlində qeyd etmişdi ki, Hindistan məsələyə “açıq fikir və müsbət münasibətlə” yanaşır. Hin­distannın “Business Standard” qəzeti öz mənbələrinə istinadən Yohannesburqda Səudiyyə Ərəbistanından başqa daha dörd ölkənin BRİKS sıralarına qəbulun­dan sonra “beşliy”in “onluğa” çevriləcəyini proqnozlaşdırır. Bunlar Argentina, Misir, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri­dir. Yeni üzvlərin Qlobal Cənubun müxtəlif qitələrini təmsil etmələri diqqətəlayiqdir.

Cənubi Afrika rəsmiləri 23 ölkənin BRİKS-ə qoşulmaq üçün rəsmi mürəciət etdiyini bildirirlər. “Financial Times”ın mən­bəsi hesab edir ki, onların hamısının dər­hal təşkilata dəvət ehtimalı azdır. Üzvlüyə qəbul üçün meyarların müəyyənləşəcəyi gözlənilir. Xatırladaq ki, BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək. Tədbirdə üzv ölkələrin liderləri ilə yanaşı, 30-dan çox ölkənin nümayən­dələri qatılacaqlar.

Bəs BRİKS genişlənəcəyi təqdirdə yeni güc mərkəzinə çevrilə bilərmi? Eks­pertlərin fikrincə, bununla bağlı dəqiq proqnoz vermək çətindir və birliyin gələcə­yi iştirakçı olan ölkələrdəki müxtəlif siyasi və iqtisadi amillərdən əhəmiyyətli dərə­cədə asılıdır. Hazırda təşkilatda birləşən ölkələrin qarşısında tam başqa problem­lərin həlli missiyası dayanır. Məsələn, Ru­siya Ukraynadakı hərbi münaqişəyə gorə ciddi sanksiyalar altındadır, Çin Tayvan probleminə görə Qərb ölkəri ilə ciddi qar­şıdurmanın astanasındadır. Hindistan da Qərbə üz döndərmək gücünə malik deyil. Braziliya barədə də eyni sözləri demək olar. Təşkilata qoşulacaq ölkələrin də BRİKS-i qlobal güc mərkəzinə çevrilmə­sində oynacağı rol böyük olmayacaq. 

Əlbəttə, BRİKS dünyadakı proseslərə müəyyən təsir gücünə malik dövlətləri bir­ləşdirir, təşkilata qoşulacaq ölkələr quru­mun geosiyasi və geoiqtsadi çəkisini artı­racaq. Lakin G7 səviyyəsinə çatması üçün BRİKS ölkələrində siyasi və iqtisadi inkişaf vektorları və fəlsəfəsi üst-üstə düşməlidir. Hazırda sadaladığımız bu iki mühüm amil məsələsində birlikdə ortaq mövqe müşa­hidə olunmur. Qərblə ciddi qarşıdurmanın yaranacağı halında təşkilat sıralarında yer alacaq yeni üzvlərin BRİKS-in aparıcı ölkələrinin yanında dayanacaqları şübhə doğurur. 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Dünya