Türkiyə–Macarıstan: xüsusi münasibətlər

post-img

Ankara–Budapeşt tandemi Qərbdə qısqanclıq yaradır 

Ötən bazar günü Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştdə səfərdə olub və bu ölkənin milli bayramı ilə bağlı təşkil olunmuş bir çox mühüm tədbirlərdə iştirak edib. Dünya mediası bu hadisəni geniş işıqlandıraraq, son illər iki ölkə arasında xüsusi münasibət­lərin yarandığını qeyd edib. 

“The Deyli Newspaper” qəzeti yazır ki, Türkiyə və Macarıstan liderləri əvvəl­cə bağlı qapılar arxasında görüşərək bir çox aktual ikitərəfli məsələləri, elə­cə də regional və beynəlxalq problem­ləri müzakirə ediblər. 

Xatırladaq ki, Türkiyə–Macarıs­tan stateji əməkdaşlığı barədə sənəd 2013-cü ildə imzalanıb və o dövrdən iki ölkə arasında hərtərəfli əməkdaşlıq güclənib. R.T.Ərdoğan özünün “Teleq­ram” səhifəsində qeyd edib ki, Türkiyə ilə Macarıstan arasında 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar təşkil edib. Tərəflər bu göstəri­cinin yaxın iki-üç il ərzində 6 milyard dollara çatdırmaq əzmindədir. 

Türkiyə Prezidenti Budapeştdə Azərbaycan, Özbəkistan, Qırğzıstan, Bosniya-Herseqovina və Serbiya li­derləri ilə də görüşlər keçirib. Serbiya Prezidenti Aleksandr Vuçiç bəyan edib ki, cənab Ərdoğanla Budapeştdə baş tutan görüş Serbiya–Türkiyə münasi­bətlərinin möhkəmlənməsi prosesin­də növbəti addımdır”. Onun sözlərinə görə, Ərdoğanla ikitərəfli və regional aktual məsələlər ətrafında mühüm və açıq söhbət olub.

A.Vuçiç qeyd edib ki, ölkəsi üçün Ankara ilə mümkün olan ən yaxşı mü­nasibətləri saxlamaq vacibdir və bu görüş qarşılıqlı maraq doğuran bütün sahələrdə onsuz da yaxşı olan Serbi­ya–Türkiyə əməkdaşlığının gücləndiril­məsi istiqamətində növbəti addım idi.

Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təy­yarədə jurnalistlərə müsahibəsində deyib ki, İsveçin NATO-ya üzvlük pro­tokollarının Türkiyə Böyük Millət Məcli­sinə (TBMM) göndərilməsi və prosesin həlli bu ölkənin vədlərinə sadiq qalma­sından asılıdır.

Onun sözlərinə görə, bu məsələyə Türkiyə parlamenti qərar verəcək: “Məsələnin parlamentimizdə nə qədər müzakirə olunacağını bilmirik. İsveç hər şeydən əvvəl Stokholm küçələ­rinə nəzarət etməlidir. Əgər bunu et­məsələr, müqəddəs saydıqlarımıza hücum etsələr, onda inciməsinlər”.

Türkiyə liderini Macarıstan səfəri zamanı qardaş ölkənin xarici işlər nazi­ri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Askın Bak, sə­naye və texnologiyalar naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyasının Kom­munikasiya İdarəsinin rəhbəri Fəxrəd­din Altun və baş müşavir Akif Cağatay Kılıc müşayiət edib.

Yeri gəlmişkən, dünən Türkiyədə Prezident R.T.Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. “Haber Global” telekanalı xəbər verib ki, toplantıda daxili məsələlər, inflyasi­ya və xarici siyasətin prioritetləri müza­kirə olunub.

Bildirilib ki, iclasda regional məsələlər barədə fikir mübadiləsi apa­rılıb. Rusiya–Ukrayna müharibəsi və “Taxıl sazişi”nin bərpası məsələsi, eyni zamanda, Şimali Kiprlə BMT sülh mis­siyası arasındakı gərginlik də müzakirə edilib. Toplantıdan sonra Ərdoğan jur­nalistlərə açıqlama verib. 

Türkiyə Prezidenti Budapeşt səfəri haqqında da danışıb və orada aparılan müzakirələrin faydalı olduğuna əminli­yini ifadə edib. 

Həmid VƏLİYEV,

BDU-nun “Beynəlxalq jurnalisti­ka” kafedrasının professoru

– Türkiyə–Macarıstan münasi­bətləri xüsusi münasibətlərdir. Yəni, dünyada xüsusi münasibətləri olan bir neçə dövlət var. Məsələn, Böyük Britaniya və Amerika Birləşmiş Ştat­larının münasibətləri xüsusi müna­sibətlərdir. Belə ki, bu ölkələr təkcə strateji baxımdan deyil, həm də milli maraqlar, etnik baxımdan bir-birinə çox yaxın dövlətlərdir. 

Fikir veribsinizsə, Amerikanın hər bir yeni prezidenti Böyük Britaniya­ya münasibətdə iki dövlət arasında xüsusi münasibətlərin olduğunu vur­ğulamağa çalışır. İki qardaş ölkə–Türkiyə–Azərbaycan münasibətləri də belədir. Türkiyənin xoşbəxtlikdən təkcə Azərbaycanla deyil, Orta Asi­yanın türk dövləltləri, eləcə də Ma­carıstanla xüsusi münasibətləri for­malaşıb. 

Qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Macarıstanın Baş naziri Viktor Orban arasında çox yaxın, şəxsi dostluq münasibətləri mövcuddur. Macarıstan Avropa İttifaqının və NA­TO-nun üzvüdür. Bununla bərabər, öz milli maraqlarına uyğun müstəqil siyasət xətti həyata keçirir. 

Macarıstan Türkiyənin Aİ üzvlü­yünə namizədliyini birmənalı şəkildə dəstəkləyir. NATO-nun genişlənməsi ilə bağlı məsələdə də Türkiyə–Ma­carıstan mövqeləri bir-birinə yaxınlı­ğı ilə seçilir. V.Orban dəfələrlə deyib ki, Türkiyə nə vaxt İsveçin alyansa üzv qəbul edilməsinə “yaşıl işıq” yandırsa, biz də “hə” deyəcəyik. 

Sirr deyil ki, bir sıra Avropa ölkələrinin liderləri Ankara–Buda­peşt yaxınlığına qısqanclıqla ya­naşır. Onlar bunun səbəbini bəzən başa düşmürlər. Səbəb isə odur ki, macarlar etnik cəhətdən türklərə çox yaxındırlar. Hunlar qədim türk qöv­müdür. Bundan başqa, V.Orban bö­yük siyasətçi olaraq R.T.Ərdoğanın şəxsiyyətinə dərin ehtiram bəsləyir. 

Ümid edirik ki, V.Orbanın Tür­kiyə Prezidentinə, bütövlükdə, türk dünyasına “isti” münasibəti Böyük Turançılıq ideyasının reallaşması­na, türk toplumları və xalqları sıx əlaqələrin genişlənməsinə də böyük fayda verir. 

Yeri gəlmişkən, həm türk, həm də macar mətbuatı liderlərin Buda­peştdə təşkil olunan görüşü, xüsu­silə türkdilli dövlətlərin rəhbərlərinin Macarıstana səfərini geniş işıqlandı­rırlar. 

Macarıstan mətbuatı dəfələrlə Türkiyənin daxili və xarici siyasəti­ni dəstəkləyən analitik yazılar dərc edib. Macarlar zəmanəmizin ən görkəmli dövlət xadimlərindən olan R.T.Ərdoğanın şəxsiyyətinə böyük maraq göstərirlər.

Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”



Dünya