Beynəlxalq Qırmızı Xaç Komitəsi Naxçıvanın blokadasına niyə göz yumur?

post-img

Qərbi Azərbaycan İcması bugünlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə ünvanladığı müraciətində Ermənistanın “humanitar böhran” şousuna alət olmuş bu qurumu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırıb.

Sənəddə bildirilir ki, 1987–1991-ci il­lərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991–1994-cüillərdə Azərbaycan ərazilərinin 20 fa­izinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlə­rindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır.

Müraciətdə daha sonra bildirilib: “Ermənistanın bu blokadanı tətbiq et­məkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısın­da muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib. Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlı­ğı ilə üzləşmişdi”.

Müraciətdə Ermənis­tanın beynəlxalq hüquq­da, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas his­səsi və onun Naxçıvan Muxtar Res­publikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığı vurğulanır və Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu ədalətsizliyə öz mü­nasibətini bildirməsinə çağırış səslə­nir: “Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdə­liyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik. Bey­nəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Res­publikası arasında təhlükəsiz gediş-gə­lişin həyata keçirilməsini təmin etməyə çağırırıq”.

“Xalq qəzeti”

Siyasət