HANI?

post-img

Ellər dağa gedir, yaylağa çıxır,

Bəs mənim gülşənli yaylağım hanı?

Bir zaman döşündə at süzdürdüyüm,

Dərəli-təpəli oylağım hanı?

Göynərəm qəlbimi həsrət deşəndə,

Mərd gülməz qardaşı oda düşəndə.

Ürəyim qan olur yada düşəndə,

Aşıqlı, mağarlı o çağım hanı?

Ulu oğuzlardan yadigar qalan,

Dar gündə qolunu boynuma salan...

Tüstüsü gözümün məlhəmi olan

Dədə-baba yurdum, ocağım hanı?

Görəsən nə imiş taledən payım,

Tapdandı qismətim, hər haqqı sayım.

Hanı “Tərsə çayım”, “Əyricə” çayım,

Havam, suyum hanı, bulağım hanı?

Eldar, həsrət qaldım şah ocağına,

Anamın yanmayan son çırağına.

El gəlib çıxardı Göyçə dağına,

Hanı Göyçə adlı torpağım, hanı?

ALLAH AMANATI

Hicran günü əsib getdim,

Haqsızlıqdan bezib getdim.

Bulud, səndən küsüb getdim,

Yellər, Allah amanatı!

Belə uçuş, pərən olmaz,

Bu karvanı sürən olmaz,

Sizi mənsiz dərən olmaz,

Güllər, Allah amanatı!

Dalğaları incik düşən,

Qırçınları itkin düşən,

Sonaları perik düşən,

Göllər, Allah amanatı!

Dərdi qovdum dərd ölüncə,

Düşdüm qürbətdə bir küncə.

Bəlkə, gəldim, mən gəlincə,

Çöllər, Allah amanatı!

Od qılıncın sıyırdılar,

Məni sürgün buyurdular.

Ayrılmazdım, ayırdılar,

Yollar, Allah amanatı.

Min illərlə mənli olan,

Dağda-daşda cığır salan...

Soyadımla yaşa dolan,

İllər, Allah amanatı!

Tüstüm gedib, külüm qalıb,

Məndən ötrü zülüm qalıb,

Qəbir-qəbir elim qalıb,

Ellər, Allah amanatı!

 

Eldar İSMAYIL

Mədəniyyət