“Gimnastlarımızın potensialına güvənirik”

post-img

İyulun 28-də start götürəcək dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan XXXI Yay Universiadasına gimnastika üzrə Azərbaycan komandasının hazırlığı davam edir. Ötən universiadada yüksək nəticə əldə etmiş millimiz uğurları davam etdirmək əzmindədir.

İtaliyanın Neapol şəhərində keçirilmiş XXX Ümumdünya Yay Universiadasında əldə edilmiş 2 qızıl medaldan 1-nə qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə sahib olmuşdu. Bədii gimnastika üzrə yarışlarda təmsilçimiz
Zöhrə Ağamirova gürzlərlə və həmçinin çoxnövçülük proqramında 2 gümüş medal qazanıb. Bu qlobal yarışda qazanılmış 7 medaldan 3-ü məhz gimnastların payına düşür. Budəfəki universiada yarışlarına millimiz necə hazırlaşıb və onların potensialını necə qiymətləndirmək olar?
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə “Xalq qəzeti”nə müsahibəsində budəfəki universiada yarışlarında Azərbaycanın bədii gimnastika və kişi idman gimnastikası üzrə təmsil olunacağını bildirdi.

Qeyd etdi ki, bədii gimnastika yarışlarında fərdi proqramda komandamızın lideri Zöhrə Ağamirova və İlona Zeynalova iştirak edəcəklər. Eyni zamanda, bu növdə qrup hərəkətləri üzrə komandamız təmsil olunacaq. Kişi idman gimnastikası üzrə isə İvan Tixonov, Nikita
Simonov çıxış edəcəklər: “Bu növlərin hər ikisi Olimpiya idman növləridir. Cari il həm bədii, həm də kişi idman gimnastlarımız
üçün vacib illərdən biridir. Çünki dünya çempionatları Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Digər tərəfdən hər bir
yarış dünya çempionatına bir növ hazırlıq prosesidir ki, bu da Paris Olimpiadasına aparan yolda hazırlıq mərhələsi
hesab olunur”.

Baş katib gimnastlarımızdan yaxşı nəticələr gözlədiklərini bildirdi: “Gimnastlarımızdan Zöhrə Ağamirova ötən universiadanın ikiqat gümüş, eyni zamanda, son İslam Həmrəyliyi Oyunlarının həm qalib, həm mükafatçısıdır. Zöhrə, həm də Tokio Olimpiya Oyunlarının
iştirakçıdır. Azərbaycan bədii gimnastika məktəbinin ilk yetirməsi kimi olimpiadada ölkəmizi təmsil edib. Gimnastımızın son uğuru kimi Bakıda Avropa çempionatında bürünc medalını xüsusi qeyd etməliyəm. Zöhrə təcrübəli olsa da, İlona Zeynalova bir qədər gənc idmançıdır. Komanda hesabında Avropa çempionatının mükafatçısıdır.

Kişi gimnastlarımızdan Tokio Olimpiadasının iştirakçısı İvan Tixonov bir sıra beynəlxalq turnirlərdə mükafatlar əldə edib. Təcrübəli idmançıdır. Nikita Simonov isə builki dünya kuboku mərhələlərində uğurla çıxış edib. O, bu nüfuzlu yarışların iki mərhələsində
qızıl medal qazanıb. Dünya kubokunun mərhələ yarışlarında topladığı xallara əsasən, Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb”.

Nurlana Məmmədzadə gimnastların hazırlığının davam etdiyini bildirdi: “İdmançılarımızın potensialına güvənirik. İnanırıq ki, onların hər biri öz gücündən maksimum istifadə edəcək”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”

İdman