Özbəkistanda növbədənkənar prezident seçkilərində qələbə qazanmış Şavkat Mirziyoyev cümə günü parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Özbəkistan mediası xəbər verir ki, inauqurasiya mərasimində deputatlarla yanaşı, Mərkəzi Seçki Komissiyasının və hökumətin üzvləri, Konstitusiya Məhkəməsinin hakimləri, Daşkənddə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, yerli və xarici KİV nümayəndələri
iştirak ediblər.
Mərkəzi Seçki Komissiyasının sədri Şavkat Mirziyoyevə Özbəkistan Respublikası Prezidentinin vəsiqəsini təqdim edib. Sonra seçilmiş dövlət başçısı əlini eyni zamanda Konstitusiyanın və Quranın üzərinə qoyaraq xalqına sədaqətlə xidmət göstərəcəyinə, ölkə Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyinə, Özbəkistan Respublikasının Prezidentinə həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirəcəyinə
and içib.
Xatırladaq ki, Özbəkistanın hazırkı Prezidenti Şavkat Mirziyoyev iyulun 9-da keçirilən növbədənkənar seçkilərdə 87,05 faiz səs toplayaraq inamlı qələbə qazanıb. O, bundan əvvəl 2016- cı və 2021-ci illərdə dövlət başçısı seçilmişdi.