Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa yenidən beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzinə gəlib. Bu dəfə Azərbaycanın qədim şəhəri 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə ev sahibliyi edib.
Ötən həftə Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı beynəlxalq velosiped yarışının sonuncu mərhələsinin marşrutu Şuşa şəhəri idi. Doğma şəhərimizin yoxuşlu, enişli, dolanbac yolları ilə irəliləyən dünya velosiped ailəsinin üzvləri “Zəfər yolu”nda yarışmaq şərəfinə nail oldular. Şuşanın hünər meydanı yenə də dostluq, birlik və ədaləti özündə təcəssüm etdirən idman mübarizəsinə qucaq açıb. Minillər boyu Vətənimizin hər guşəsində bütün millətlərin, xalqların nümayəndələri dostluq və birlik şəraitində yaşayıblar və bu, bu gün də davam edir. Şuşanın düşmən tapdağından azad edildiyi üç ilə yaxın müddət ərzində doğma şəhərimiz dünyanın gözü qarşısında nəinki dirçəlir, hətta dünyanın tərəqqisinə öz töhfələrini verir. Bu gün beynəlxalq idman təşkilatları gözəl Şuşamızda ədalət naminə öz mübarizələrini davam etdirməkdən çox məmnundurlar.
İyunun 12-də startı verilən qadın basketbolçular arasında dünya qadın seriyasının Şuşa mərhələsində Azərbaycan millisi və “Neftçi” (Azərbaycan) komandası doğma azarkeşlərin dəstəyi ilə yüksək zirvəyə qalxacaqlarına ümid edirdilər. A qrupunda yer alan “Neftçi” klubu Rumıniya yığması ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun Azərbaycan təmsilçisinin 20:11 hesablı qələbəsi ilə yekunlaşması onun iddiasının əsaslı olduğunu bildirirdi. Bakı klubu ikinci matçında Türkiyə yığmasına 21:7 hesabla qalib gəlib. Sonrakı mərhələdə turnirin açılış oyununda Türkiyə seçməsini 17:9, Rumıniyanı 21:15 hesabla məğlub edən və yarışın güclülərindən hesab olunan Almaniya yığması komandamıza rəqib olub.
Dünya üçüncüsü olan Almaniya yığması 2023-cü il mövsümünün ilk titulunu qazanmağı qarşıya məqsəd qoymuşdu. Şuşaya 22-23 yaş arası gənc bir komanda ilə gələn yığma həm də yeni istedadları üzə çıxarmaq istəyi var idi. Şuşada yalnız boyu 1,88 metr olan 22 yaşlı istedad Mari Rayhart iştirak edirdi. Son qarşılaşmasında Almaniya yığmasını 16:14 hesabla üstələyən “Neftçi” qrupda birinci yeri tutaraq yarımfinala adlamağa müvəffəq oldu.
B qrupunda yer alan Azərbaycan millisi əvvəl Macarıstana, sonra isə Yaponiyanın G FLOU klubuna 21:6 hesabla məğlub olub. Qrupdakı sonuncu matçda Niderland yığmasına qarşı mübarizə aparan millimiz rəqibə 9:21 hesabı ilə uduzub.
Avropanın nəhənglərindən olan Niderland da B qrupunda qalib gəlmək üçün mübarizə aparıb. Narıncı rəngli qadın oyunçular Niderlandın qrup mərhələsindən çıxa bilmədiyi dünya kubokundan sonra Şuşada güclərini sınadılar. Elə ilk oyunda Niderland yığması inamlı oyunu ilə fərqləndi. Yaponiyanın G FLOU klubu ilə qarşılaşma Avropa təmsilçisinin 15:9 hesablı qələbəsi ilə başa çatdı. Növbəti oyunda Niderland yığması Macarıstana 20:14 hesabı ilə qalib gəlib.
B qrupunun nəticələrindən sonra Niderland seçməsi də yarımfinala adlayıb.
Turnirin ikinci günündə Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib. Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin komandası qalib gəlib.
Gənclər və idman naziri Fərid Qayıbov da qarşılaşmada iştirak edib
Yarışın ikinci gününə dörddəbir final yarışları ilə start verilib. Macarıstan millisi dörddəbir finalda Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyərək yarımfinalda “Neftçi” komandasına rəqib olub. Yaponiyanın G FLOU klubuna 22:16 hesabla qalib gələn Almaniya seçməsi isə Niderlandla gücünü yoxlamalı olub. Turnirə uğurla start verən “Neftçi” klubunun oyunu bu dəfə də üstün olub. Macarıstan yığması ilə üz-üzə gələn komandamız gərgin mübarizənin yekununda rəqibinə 15-14 hesabı ilə qalib gələrək finala çıxıb.
Yarımfinalda Almaniya millisinə 21:10 hesabı ilə qalib gələn Niderland yığması həlledici oyunda "Neftçi"yə rəqib olub. Bütün mərhələlərdə rəqib tanımayan Bakı təmsilçisi Niderland yığmasını məğlubiyyətə uğradıb yarışın baş mükafatına layiq görülüb.
Bakının “Neftçi” klubunun oyunçusu Derris Karter turnirin ən yaxşı oyunçusu seçilib.
Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparıblar.
Beləliklə, Şuşada daha bir beynəlxalq idman tədbiri uğurla başa çatdı.
Leyla QURBANOVA, “Xalq qəzeti”


