"Baku Open 2023"-də 600-dən çox şahmatçı iştirak edəcək

post-img

Sabah Bakıda ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına start veriləcək.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək mötəbər turnir "Baku Crystal Hall"da olacaq.
 
Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə, festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. İştirakçılar sırasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FİDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandı. ABŞ təmsilçisi 2708 xalla yüksək FİDE reytinqinə sahibdir. 

Festivalda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edəcək. 

Beynəlxalq Şahmat Festivalı günlərində "Baku Crystal Hall"da həm də veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı təşkil olunacaq. 
Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində  hər yaş qrupunda (U08, U10, U12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.
Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi mayın 5-də keçiriləcək. 
Qeyd edək ki, “Nar” Beynəlxalq Şahmat Festivalının telekommunikasiya tərəfdaşı seçilib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman