Sambo ilə uşaqlar ən tez 9 yaşdan məşğul ola bilərlər

post-img

Azyaşlının faciəvi ölümündə günahkar cəzasını almalıdır.

Son günlər samboçu Mehman Xəlilovun keçirdiyi məşqdə 7 yaşlı Fərid Bakarovun aldığı xəsarətlərdən faciəli şəkildə ölməsi faktı ölkə gündəmini zəbt edib.

Təbii ki, baş verən hadisələr birmənalı olaraq məşqçi məsuliyyətsizliyidir. Azyaşlının faciəvi ölümü ilə nəticələnən bu hadisədən hamı özü üçün, gələcək nəsil üçün nəticə çıxarmalıdır. 

Azərbaycan Sambo Federasiyasının yeniyetmələrdən ibarət baş məşqçisi, həyatının çox hissəsini məşqçiliyə sərf etmiş Yaqub Abdullayev bu gün ürək ağrısı ilə bütün cəmiyyəti sarsıdan hadisə ilə bağlı danışdı, suallarımızı cavablandırdı. 1995-ci ildən məşqçi kimi çalışan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, Əməkdar məşqçi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından çox məyus olduğunu bildirdi, onun ailəsinə hüznlə başsağlığı verdi. 

7 yaşlı uşaq döyüş növü ilə məşğul ola bilərmi? sualına Y.Abdullayev belə cavab verdi: “İdman növlərində seçmə prosesi var və müvafiq olaraq uşaqlar idman bölmələrinə cəlb olunurlar. Uşaqlar 5-6-7 yaşlarından gimnastika, akrobatika, üzgüçülük və bu kimi digər idman növləri ilə məşğul ola bilərlər. İlk illər uşaqlarda elastik hərəkətlərin icrasına üstünlük verilir. Məşqçi olaraq valideynlər mənə müraciət etdikdə, bir mütəxəssis kimi məsləhət görürəm ki, bu yaş qrupunda uşaqları akrobatika, gimnastika, üzgüçülüyə qoysunlar. Uşaqlarda dayaq-hərəkət sistemi formalaşdıqdan sonra digər idman növlərinə vermək olar”. 

Baş məşqçi qeyd etdi ki, sambo güləşinə uşaqlar yalnız 9-10 yaşdan cəlb olunmalıdır. İbtidai hazırlıq qrupunda birinci il 9, ikinci il isə 10-11 yaşlı uşaqlar məşğul ola bilərlər. Onlara, ilk illər baza texnikasının elementləri təlqin edilir.  Özünü mühafizə hərəkətləri, üzüüstə, yana, arxasıüstə yıxılmalar, duruşlar, ümumiyyətlə baş verə biləcək zədələrdən qorunmaq öyrədilir. Sonra onlara yerdəyişmələr, məsafələr, tutmalar, müxtəlif fiziki keyfiyyətlərin aşılanması, elastik hərəkətlər tətbiq olunur. Bu yaş qrupunda həddən artıq hərəkətlərin icrasına icazə verilmir. Artıq təlim prosesinin sonrakı illərində müəyyən fəndlər mənimsənilir. Ümumiyyətlə, bu yaş qruplarında müəyyən fəndlərin icrasına məhdudiyyət qoyulur. Çünki bu uşaqlarda baza texnikası formalaşmalı, fiziki keyfiyyətlər möhkəmlənməlidir. Onların sürəti, cəldliyi, elastikliyi kifayət qədər olmalı, akrobatik hərəkətlər öyrədilməlidir.

Yaqub müəllim onu da vurğuladı ki, məşqçilik çox ciddi və çətin peşədir. Hər idmançıdan məşqçi olmaz. Avropa, dünya, hətta Olimpiya çempionu olmaq yaxşı məşqçi olmaq demək deyil. Məşqçilər bu məsələlərə xüsusilə diqqət yetirməlidirlər. 

Əlbəttə, azyaşlının faciəvi ölümündə günahkar cəzasını almalıdır. Biz isə üstəlik, valideynləri, mətbuatı da diqqətli olmağa səsləyirik. Bu sahədə təbliğat, maarifləndirmə işləri genişləndirilməlidir. Uşaqlar bizim gələcəyimizdir. Öz gələcəyimizə biganə qalmayaq. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

İdman