“Qaynana” musiqili komediyasının Özbəkistanda təqdimatı olub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Məcid Şamxalovun “Qaynana” musiqili komediyasının özbək dilində təqdimatı olub. 

Tamaşadan əvvəl teatrın direktoru, Özbəkistanın və Qazaxıstanın əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qaynana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasının mühüm hadisə kimi qarşılandığını vurğulayıb. Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirərib, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd edib. 

AMM-nin direktoru Samir Abbasov xalqlarımız arasında dostluq, qardaşlığın tarixi haqqında danışaraq ötən əsrin əvvəllərində azərbaycanlıların Türkistanın mədəni həyatında mühüm rol oynadıqlarını, Azərbaycan müəlliflərinin əsərlərinin Özbəkistan səhnəsində dəfələrlə nümayiş etdirildiyini bildirib. O bu ənənənin davamı kimi Azərbaycanda məşhur olan “Qayınana” əsərinin Özbəkistan səhnəsində tamaşaya qoyulmasına görə Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinə, teatrın kollektivinə təşəkkürünü bildirib.  

Sonra teatrın baş rejissoru Dastan Xaqverdiyevin quruluş verdiyi "Qaynana" tamaşası nümayiş etdirilib. 

Tamaşada Cənnət rolunu Özbəkistanın Əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə obrazlarını Gulasal Raxmanova, Ayaz rolunu Omon Yuldaşev, Sevda obrazını Arofat Erqaşova, İlqar rolunu Ravşan İbrahimov, Sədaqət obrazını Zilola Abdullayeva  canlandırıblar.

Tamaşanın musiqi tərtibatçısı Özbəkistanın Fəxri mədəniyyət xadimi Karima Uzakova, dirijoru  Akmal Turayevdir.  

Tamaşadakı musiqilər Azərbaycan dilində ifa olunub.

Musiqili komediyanın on gün nümayiş etdirilməsi nəzərdə tutulub.

Qulu Kəngərli 

Daşkənd

 





















Mədəniyyət