Mariya Stadnik 9 qat Avropa çempionu oldu

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Qitə birinciliyində 50 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib – 14:4. 
Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik finala gedən yolda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. O, həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşıb və 9:4 hesabı ilə qalib gələrək növbəti dəfə qitə çempionu adını qazanıb.
55 kiloqram çəkidə çıxış edən həmyerlimiz Elnurə Məmmədova isə təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib – 13:3. O, dörddəbir finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib – 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Elnurə polşalı Katarjina Kravçiklə görüşdən də məğlub (0:9) ayrılaraq debüt etdiyi Avropa çempionatını 5-ci pillədə başa vurub.
Mübarizəyə dörddəbir finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı “tuş”la məğlub edib. Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib – 0:10. Alyona bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşib və 1:3 hesabıyla məğlub olub.
Çempionatın dördüncü günündə daha beş qadın güləşçimiz medallar uğrunda mübarizəyə qoşulub. Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskayadan (Şimali Makedoniya) üstün olub - 10:0. O, dörddəbir finalda İspaniya təmsilçisi Marina Floresi 12:5 hesabı ilə məğlub edib. Həmyerlimiz  yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenlə dueldən məğlub ayrılıb.  O, bürünc medal uğrunda türk Zeynep Yetgillə güləşəcək.
Mübarizəyə dörddəbir finaldan qoşulan daha bir güləşçimiz Jalə Əliyeva (57 kq) isə almaniyalı Elena Brüggerə 6:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabı ilə üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə ukraynalı Alina Akobyanı sınağa çəkəcək. 
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya məğlub olub. Mübarizəyə dörddəbir finaldan qoşulan digər təmsilçimiz Elis Manolova (65 kq) isə rumıniyalı İrina Rinqaci ilə görüşdə məğlub olub. Rəqib finala yüksəldiyi üçün E.Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Onu fransalı Kendra Daçerlə qarşılaşma gözləyir. Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməyib - 0:10.
Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri bu gün keçiriləcək.


Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”

İdman