“Neytral zonanın sonuncu sakini”

post-img

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə “Azərbaycanfilm” kinostudiyası “START-2023” adlı film layihəsi müsabiqəsi elan edib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycan kinosunun 125 və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi çərçivəsində keçirilən müsabiqəyə 2022-ci ilin noyabrın 1-dən start verilmişdi. Sənəd qəbulu isə 2023-cü il yanvarın 31-dək davam edib. 
Müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya filmləri təqdim olunub. “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında Rövşən İskəndərovun “Özgə ağrı”, “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında Nurlan Həsənlinin “Erkən hisslər” və Tahir Tahiroviç (Əliyevin) “Neytral zonanın sonuncu sakini” filmləri, “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında Fuad Quliyevin “Balıq” və Firəngiz Bağırovanın “Sonuncu lələk” layihələri qalib elan olunub.
Qalib olan filmlər sırasında yer alan kinorejissor Tahir Əliyevin rejissor Ramil Ələkbərovla birgə ərsəyə gətirdiyi “Neytral zonanın sonuncu sakini” adlı ekran işində  90-cı illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində sərhəd zonasında yaşayan əhalinin keçirdiyi ağır, gərgin hisslər əks olunur.   
Qeyd edək ki, Tahir Əliyev “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, AzTV-nin “Xüsusi layihələr” departamentində rejissor kimi çalışıb. Bir çox kino festivallarının iştirakçısı və qalibidir. Kinemoatoqrafiya sahəsindəki uğurlarına görə “İlin ən yaxşı film rejissoru”, “Respublika Gənclər mükafatı” və digər fəxri adlara layiq görülüb.


Fidan HÜQUQQIZI, “Xalq qəzeti” 

Mədəniyyət