“Xalq qəzeti” – MKTS: 5 – 2

post-img

Nəsimi Rayon İcra hakimiyyətinin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ərazidəki idarə və müəssisələr arasında təşkil etdiyi mini-futbol yarışlarının növbəti turu da ciddi rəqabət və prinsipial oyunlarla yadda qaldı. Bu, belə də olmalıdır. Çünki ümummilli liderimiz idmanın da daimi qayğıkeşi və himayədarı idi, gənclərin də. Dünən idman meydançasında üz-üzə gələn rəqiblər –  “Xalq qəzeti” və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatları Sahəsi məhz “Heydər Əliyev ili”nin tələblərinə uyğun mübarizə sərgilədilər. 
 “Xalq qəzeti” komandasının  meydanda son 2 qələbəsinin səbəbi  bu oyuna daha yaxşı hazırlaşması idi və ona görə də jurnalistlər daha yaxşı nəticə göstərdilər.  Ötən oyun haqqında hazırladığımız qəzet materialında yazmışdıq ki, komandamızın qələbəsini təmin edənlər arasında məsul katibin müavini  Qabil Əliyev də var idi.  Dünənki oyunda isə məsul katibin özü – İlqar Rüstəmov da  iştirak etdi və qələbəmizdə onun da özünəməxsus rolu oldu. 
Biz ona görə böyük hesabla qalib gələ bildik ki, hücumçularımız öz aralarında əlaqə yaradılmasına nail ola bilmişdilər. Məlum olduğu kimi, mini futbolda oyunçuların sayı böyük futboldakından azdır. Ona görə də cəmi 5 nəfərdən ibarət olan (qapıçı istisna olmaqla)  meydan oyunçuları arasında müdafiəni, yarımmüdafiəni və hücumu kimlərin təşkil etməsini müəyyənləşdirmək əsas vəzifələrdən biri idi. Komandamızın kapitanı Fikrət Əhmədov bu işin öhdəsindən bacarıqla gəlmişdi. 
Ancaq kimə hansı “nöqtədə” oynamaq tapşırılmasından asılı olmayaraq, oyunçularımız imkan yaranan kimi bütün “cəbhələrə” baş çəkir və qələbəyə öz töhfıələrini verirdilər. Hücumçularımız ­Rövşən Atakişiyev və Əvəz Rüstəmov gah rəqibin qapısı önündə olurdular, gah da öz qapımızın qorunmasına kömək edirdilər. Orta xətt oyunçularımız Fariz Ənsərov və Rüfət Abdullayev isə həm hücumçuların topla təmin olunmasının qayğısına qalırdılar, həm də müdafiəçilərimiz Fuad Cəfərli ilə Anar Məmmədovun köməyinə çatırdılar. Mən bütün bunları maraqla izlədim və təkcə nəticədən yox, oyundan da razı qaldım. Hakim də ədalətli idi.
Ancaq məmnun olmadığım bir məqam da var idi. Çünki təşkilatçılar komandalardakı oyunçuların sifariş siyahısının əvvəlcədən müəyyənləşdirilməsinin qayğısına qalmamışdılar. Bu münasibət isə hər yerdə keçərli olsa da, “Heydər Əliyev ili” kimi çox əlamətdar təntənə münasibətilə təşkil olunan yarışlarda keçərli olmamalıdır. Mənzil Kommunal Təsərrüfatları Sahəsi rayonun mühüm qurumlarından biridir və təbii ki, əməkdaşları da az deyil. Ona görə də şəffaflığı təmin etmək məqsədilə 6–7 nəfərlik komanda üzvlərinin sayını təşkilatçılara bir gün əvvəldən  təqdim etmək o qədər də çətin məsələ olmamalıdır. 
İnanırıq ki, növbəti yarışlarda komandaların meydana çıxacaq oyunçularının siyahısı oyundan əvvəl hazır olacaq və protokollar tərtib ediləcək.  


İttifaq MİRZƏBƏYLİ,  
“Xalq qəzeti”

Sosial həyat