Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatında Azərbaycan şahmatçıları uğurla çıxış edirlər.
Qitə çempionatının ötən 4 turunda ən yaxşı nəticə Eltac Səfərliyə məxsusdur (4 xal). O bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.Komanda üzvlərindən daha biri – Nicat Abasov da liderliyə çox yaxındır. O, ötən 4 turda 3,5 xal toplayıb. Digər şahmatçılarımızdan Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Namiq Quliyev, Vüqar Rəsulov, Misrətdin İsgəndərov, Xaqan Əhməd, Xəzər Babazadə, Read Səmədov 3, Vüqar Manafov 2,5 xal yığıblar.
Şahmat üzrə Azərbaycan yığmasının məşqçisi Fikrət Sideifzadə “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, ilk turlarda şahmatçılarımızın nəticələri qənaətbəxşdir: “Adətən əvvəlki turlarda xal yığmaq bir qədər rahat olur. Eltac Səfərli əvvəlki turları qələbə ilə başa vursa da, 5-ci turda təcrübəli israilli şahmatçısı Boris Gelfandla heç-heçə etdi. Beşinci turun oyunları davam edir. Eltac Səfərlinin və digər şahmatçılarımızın da uğurlu nəticələr əldə etmələri üçün şansları böyükdür. Yarışda güclü şahmatçılar iştirak edirlər. Onlardan Ukrayna təmsilçiləri Anton Korobov və Ruslan Ponomaryov, eləcə də iranlı Pərham Maqsudlunun adlarını çəkə bilərəm. Həmçinin ön sıralarda qərarlaşan erməni şahmatçılar da var. İnanırıq ki, zəka ustalarımız uğurla çıxış edəcəklər.
Onu da qeyd edim ki, qitə çempionatında ən yaxşı nəticə göstərən 23 şahmatçı bu il yayda Bakıda keçiriləcək dünya kubokuna vəsiqə qazanacaq”.
Qeyd edək ki, şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən yarış martın 13-də başa çatacaq.
Leyla QURBANOVA