Fransada yenə xalq küçələrə axışır. Hökumətin pensiya islahatlarına qarşı çıxan fransızlar Emmanuel Makronun nazirlərinə lənətlər yağdırırlar. Təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına etiraz edən fransızlar hökuməti “fasilə”yə göndərəcəklərini bildirirlər. İndi hamını bu sual maraqlandırır: Beçinci Respublikada küçə “diktaturası” qalib gələcək, yoxsa qanun dikraturası?
Fransada yenə qarışıqlıqdır. Fəhləsindən tutmuş deputatınadək hamı pensiya islahatını müzakirə edir. Cəmiyyət iki yerə bölünüb, bəziləri hökuməti lənətləyir, digərləri dəstəkləyir. Amma birincilərin sayı çoxdur. Dünənki mənzərə də belə deməyə əsas verir. Etirazçılar iqtisadiyyatın, demək olar ki, bütün sektorlarını əhatə edirlər. Tətillər səbəbindən qatarların və ictimai nəqliyyatın hərəkətinin ciddi şəkildə pozulduğu bildirilir. Parisin Şarl de Qoll, Orli və Bove hava limanlarının, eləcə də ölkənin ən böyük şəhərlərinin aeroportlarının uçuş sayını təqribən 30 faiz azaldacağı vurğulanır.
Energetika sektorunun əməkdaşları da etiraz edirlər. Bazar ertəsindən onlarla qaz sektorunun işçiləri də həmrəylik göstərirlər. Fransanın dörd LNG terminalından üçünün işçiləri bir həftəlik işə çıxmayacaqlarını bildirirlər. Ölkənin aparıcı həmkarlar ittifaqları da sərt bəyanatlar səsləndirirlər. Onlar hökumətin pensiya yaşını yüksəldəcək islahat layihəsini geri götürməyəcəyi təqdirdə “Fransa iqtisadiyyatını diz çökdürmək” üçün mümkün qədər geniş tədbirlər görəcəklərini diqqətə çatdırırlar. Fransa Kiçik və Orta Müəssisələr Konfederasiyasının (CPME) baş katibi Jean-Eud du Mesnil ötən bazar ertəsi günü bildirmişdi ki, ölkədə ümummilli tətilin bir günü ölkəyə 1,5 milyard avroya başa gələcək.
Belə güclü ictimai narazılıq və təzyiq altında fransalı deputatlar və senatorlar pensiya islahatlarını müzakirə edirlər. Qanun layihəsinin daxil olduğu martın 2-dən qızğın müzakirələr aparan fransalı qanunvericilər hamını razı salan formul tapmağa çalışırlar. Amma fransalı analitiklər bu məsələdə nikbin proqnozlar səsləndirmirlər. Hamını razı salmağın mümkün olmayacağını bildirən siyasi şərhçilər qarşıdakı günlərdə təzyiqin daha da artacağını düşünürlər. Bunu Parlamentin yuxarı palatasında da yaxşı bilirlər. Vaxtın onların xeyrinə işləmədiyini anlayan senatorlar qanun layihəsini qısa zaman ərzində qəbul etməyə çalışırlar. Martın 12-dək layihənin birinci oxunuşunu başa çatdırmalıdırlar. Fransa mətbuatı yazır ki, bunun üçün qanunvericilər axşam saatlarına qədər qanun layihəsinin hər bir bəndini müzakirə edirlər.
Amma müzakirə prosesinin istənilən sürətlə getmədiyi bildirilir. İndiyə qədər yalnız ictimai nəqliyyat işçilərinin, elektriklərin və qaz sənayesi işçilərinin deyil, həm də notariusların və ya Fransa Dövlət Bankının funksionerləri kimi uzun müddət imtiyazlarını qoruyan digər ixtisasların nümayəndələrinin xüsusi pensiya rejimlərinin tədricən ləğv edilməsini nəzərdə tutan maddə üzrə razılığının əldə olunduğu vurğulanır. Eyni zamanda, Senatın bəzi üzvləri bildirirlər ki, adi dövlət qulluqçuları ilə müqayisədə daha çox imtiyazları var və bu ədalətsizliyi ləğv etməyə çağırırlar. Amma senatorların imtiyazlarından imtina edib-etməyəcəkləri sual altındadır. Bu debatlar ictimaiyyət arasında o qədər narahatlıq doğurmur. Əsas diqqətin layihənin 7-ci maddəsində yazılanlara yönəldiyi bildirilir. Həmin maddədə təqaüd yaş həddinin 62-dən 64-ə qaldırılması təklif edilir. İctimai rəy göstərir ki, hökumətin bu təklifi vətəndaşların böyük əksəriyyətini qane etmir.
Küçənin nəbzini tutan həmkarlar ittifaqları Makron hökumətini divara dirəməyə çalışırlar. Etirazlar zamanı nəqliyyat işçiləri, müəllimlər, şəhər işçiləri işə çıxmırlar. Dəmiryolçuların həmkarlar ittifaqı qatarların hərəkətini dayandırır, bir çox xətlərdə isə reyslər tamamilə ləğv edilir. Bəzi metro xətləri bağlanır, digərləri isə yalnız pik saatlarda və azaldılmış rejimdə işləyir. Hava limanlarında da eyni vəziyyət müşahidə olunur. Həmkarlar ittifaqları on günlük tətillə və Parisi ən azı iki həftə sonu bağlamaqla hədələyir. Enerji sektorunun əməkdaşları da etiraz edirlər. Artıq onlar da enerji təchizatını kəsirlər və neftayırma zavodlarını bağlamaq və ya bloklamaqla süni şəkildə yanacaq çatışmazlığı yaratmaqla hədələyirlər. Fransızlar narahatlıqla təmizlik işçilərinin tətilini gözləyirlər. Çünki Paris kimi meqapolisdə zibil yeşiklərinin daşınmaması ciddi gigeyenik problemlər yaradacaq. Müəllimlər də məktəbləri bağlamağa hazırlaşırlar. Solların lideri və LFI (Tabe olmayan Fransa) partiyasının rəhbəri Jan-Lyuk Melenşon isə daha radikal çağırışlar edir. O, gəncləri bacardıqları qədər hər şeyi bloklamağa səsləyir.
Etirazçıların sayını nəzərə alan hakimiyyət orqanları da tətilçilərin hücumuna müqavimət göstərməyə hazırlaşırlar. Keçmiş tətillər zamanı Paris küçələrinin barrikadalara çevrildiyini hamı yaxşı xatırlayır. Buna görə də, Makron hökumətinin nümayəndələri hamını inandırmağa çalışırlar ki, tətilin ziyanı ilk növbədə fransızların özlərinə dəyəcək. Hakimiyyət nümayəndələri insanları inandırmağa çalışırlar ki, sıravi fransızlar metro və elektrik qatarlarından istifadə edirlər və nəqliyyatın dayanması ciddi problemlər yaradacaq. Yerli mətbuat yazır ki, hökumətin bildirdikləri ciddi nəticə vermir və etirazçıların sayına təsir göstərmir. Bununla belə, hakimiyyət geri çəkilmək istəmir. Fransanın Baş naziri Elizabet Born bildirir ki, pensiya yaşına yenidən baxılması imkanını müzakirə etmək niyyətində deyil: “Pensiya yaşı artıq müzakirə mövzusu ola bilməz. 64 yaşında pensiya – işəgötürənlər, həmkarlar ittifaqları və müxtəlif parlament qrupları ilə fikir mübadiləsindən sonra təklif etdiyimiz kompromisdir”.
Lakin əhalinin böyük əksəriyyəti pensiya islahatına qarşıdır. Son rəy sorğularına görə də, fransızların yalnız 32 faizi hökumətin islahatını dəstəkləyir. Digərləri hökumətin təşəbbüsünü rədd edirlər. Bununla belə, respondentlər küçə diktaturasının qanun diktaturasına qalib gələcəyinə inanmırlar. İslahatın rədd edilməsinə baxmayaraq, fransızların yalnız 34 faizi tətil və nümayişlərin qanun layihəsinin ləğvinə səbəb olacağına inanır. Bununla belə, mütəxəssislər düşünürlər ki, istənilən halda Makron hökumətini qarşıda çətin günlər gözləyir. Ən əsası, qanun layihəsinin qəbulu hökumətin reytinqinə mənfi təsir göstərəcək.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”