Bir obyektdə iki elan: biri absurd, biri yalan...

post-img

Söhbət iri ticarət obyektlərindən gedir. Bəri başdan xatırladım ki, son illərdə istifadəyə verilmiş “müasir” supermarketlərin hamısında belədir. Qərəz, mənim kimi dəftər-qələmini, dərmanlarını və sənədlərini yüngül çiyin çantasında gəzdirən yaşlı adamlar da daxil olmaqla, hamıya deyirlər ki, mağazaya çanta ilə girmək olmaz... Xub. Görünür, nə zamansa, hansısa əliəyri adamların bəd əməlləri tacir qardaşlarımızın belə “ehtiyatlanmasına” səbəb olub. Neyləyə bilərik, qurunun oduna yaşın da yandığını az görməmişik. 

Sonuncu faktı yada salıram. Xırdalandakı “Bazarstor” mağazasının nəzarətçisinə dedim ki, mənim çantamda mühüm sənədlər var, o kamerada sənədlərin itməsindən qorxuram. Dedi: – Narahat olmayın, obyektdə videoçəkiliş aparılır. Çantamı giriş qapısının yanındakı saxlama kame­rasına qoyanda məlum oldu ki, kameraların heç birinin qıfı­lı, açarı yoxdur. Dedim, ay qardaş, bu kameraların heç biri bağlanmır axı. Dedi, müştərilər açarları oğurlayıb aparırlar deyə, qıfılları çıxartmışıq. Qəribədir, müştəri qıfılsız açarı aparıb neyləyəcək ki?

Hələ bu harasıdır, saxlama kameralarından yuxarıda elan asıblar: “İtən əşyalara görə mağaza məsuliyyət daşımır”. 

Bu nə absurd rəftardır? Mağazada videoçəkiliş aparılır­sa, əşyalar necə oğurlana bilər? Əşyalar oğurlanırsa, onda saxlama kameraları nə üçün qıfıllanmır? 

Bir sözlə, dövlət ölkə əhalisinin rifahını yaxşılaşdırmaq üçün təqaüd və əməkhaqlarını artıranda dərhal bütün mal­ların qiymətini nəzərdə tutulmuş artımın məbləğindən də çox artıran tacirlər ildən-ilə daha çox qazanırlar (Bunu heç kəs dana bilməz – İ.Q). Amma 15-20 saxlama kamerası üçün qıfıl almır, itən əşyalar üçünsə məsuliyyət daşımırlar. Absurddur, deyilmi? 

Biz birtəhər dözürük. Ancaq Bakıya sivil ölkələrdən gəlmiş turistlərə necə izah etmək olar ki, sənin qiymətli əşyalarının itməsinə mağaza cavabdeh deyil, get başının çarəsini qıl. 

Yeri gəlmişkən, ölkənin ən üzdə olan mətbuat təmsil­çilərindən birinin – Əməkdar jurnalistin çiyin çantası məhz paytaxtın ən nüfuzlu supermarketlərindən birində oğurlan­mışdı. Özü də, cəmi beş-altı dəqiqəyə. Orada da “video­çəkiliş aparılırdı”. Başqa bir soydaşımızın isə iki bağlama “pampers” olan sellafon zənbili məhz marketin saxlama kamerasından oğurlamış, videoya baxanda məlum olmuş­du ki, oğru 65-70 yaşlı bir ahıldır. Zərərdidə olan adam “ağsaqqal” soydaşımızı rüsvay eləmək istəməsə də, mən sosial şəbəkədə “Pampers yeyən ağsaqqal” sərlövhəli yazı paylaşmışdım. 

İndi bilmirəm, “açar oğurlayan” alıcı barədə yazım, yoxsa müştərilərin əsəbləri ilə oynayan boynuyoğunlar haqqında. 

Çox təəssüf ki, bunlar da əcnəbilərin “Gündən-günə gözəlləşən şəhər” adlandırdıqları paytaxtımızın reallıqları­dır. Bunun adını nə qoyaq?

 

İ. QAÇAYEV, “Xalq qəzeti”

Son xəbərlər