Sovet qırıcısı MiQ-23 ABŞ-da hava şousunda qəzaya uğrayıb- VİDEO

post-img

ABŞ-ın Miçiqan ştatında hava şousunda sovet istehsalı olan MiQ-23 qırıcısı qəzaya uğrayıb. Pilot və ikinci ekipaj üzvü xilas olmağı bacarıb.

Qəza yerli vaxtla saat 16:00-da (Moskva vaxtı ilə 00:00) baş verib. Qırıcı Detroit yaxınlığındakı Bellevil şəhərində yaşayış kompleksinin dayanacağına çırpılıb. Detroit Beynəlxalq Hava Limanının saytında yer alan xəbərə görə, bir neçə avtomobilə ziyan dəyib. 

MiQ-23 dəyişən qanad həndəsəsinə malik çoxməqsədli qırıcıdır. 1969-cu ildə istifadəyə verilmiş, 1985-ci ildə kütləvi istehsal dayandırılmışdır. Təyyarələr Əfqanıstan, Əlcəzair, Anqola, Bolqarıstan, Kuba, Çexoslovakiya, Almaniya, Misir, Liviya, Macarıstan, İraq, Hindistan, Şimali Koreya, Efiopiya, Cənubi Yəmən, Polşa, Suriya və Vyetnama ixrac edilib.

Pilot və ikinci ekipaj üzvü ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib. Onlar ciddi xəsarət almayıblar. Başqa heç kim zərər görməyib.

ABŞ Federal Aviasiya Administrasiyası araşdırma aparır. Qəzanın mümkün səbəbləri barədə hələlik məlumat verilmir.

S.ELAY,

"Xalq qəzeti"


Hadisə