“Titanik” 111 il sonra da can "alır"

post-img

“OceanGate” şirkəti itkin düşən “Titan” sualtı gəmisinin ekipaj üzvlərinin həlak olduğunu açıqlayıb

“OceanGate” sualtı gəmisinin operatoru bildirib ki, batmış “Titanik”ə enən “Titan” sualtı gəmisinin bütün ekipaj üzvləri həlak olublar. Turistlərin öldüyünü ABŞ Sahil Mühafizəsi də təsdiqləyib. Sualtı gəminin göyərtəsində şirkətin baş direktoru Stokton Raş, milyarder Hemiş Hardinq, iş adamı və milyarder Şahzadə Davud və onun oğlu Süleyman Davud, fransız Paul-Henri Nargeole olub. Atlantik okeanında itmiş “Titan” sualtı gəmisinə oksigen tədarükü iyunun 22-i cümə axşamı, Bakı vaxtı ilə saat 15:08-də başa çatıb.

Həmin gün axtarış-xilasetmə əməliyyatı zamanı batiskafın beş parçası aşkar edilib. ABŞ Sahil Mühafizəsi bildirib ki, sualtı gəmi partlayış nəticəsində sıradan çıxıb. Mütəxəssislərin fikrincə, belə bir ssenaridə ekipajın üzvləri ölümü ani olub. 

Xatırladaq ki, göyərtəsində beş turist olan "Titan" adlı sualtı gəmi iyunun 18-i günorta saatlarında Atlantik okeanında batan "Titanik" laynerinə ekskursiyaya çıxıb. Boston Sahil Mühafizəsinin məlumatına görə, sualtı gəmi dörd kilometr dərinliyə daldıqdan sonra 1 saat 45 dəqiqədən sonra onun əlaqə kəsilib. Batiskafdakı insanlar suyun altına endikləri andan 96 saatlıq oksigen ehtiyatına malik olublar. Sualtı qayıq yoxa çıxdıqdan dərhal sonra Atlantik okeanında axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Axtarış ABŞ-ın Atlantik okeanı sahilindəki Cape Cod şəhərindən təxminən 900 mil aralıda aparılıb. 

Batiskaf radarlardan itəndən bəri mütəxəssislər baş verənlərin səbəblərini təxmin etməyə çalışırlar. Müxtəlif versiyalara görə, bu, elektronikanın nasazlığı və ya cihazın əlçatmaz yerə buraxılması ilə güclü su axınına girməsi ola bilər. Britaniyanın istefada olan kontr-admiralı Kris Parri batiskafın “Titanik”in qalıqları arasında ilişib qala biləcəyinə inanırdı. Sabiq xilasedici kapitanı Şon Tortora jurnalistlərə müsahibəsində oksigenin cümə axşamı, iyunun 22-si Bakı vaxtı ilə saat 15:08-də bitməli olduğunu nəzərə alaraq, gəminin vaxtında tapılacağına şübhə etdiyini bildirmişdi.

Vəziyyətin müsbət nəticələnəcəyinə dair ümidlər oktyabrın 21-də, sonarla təchiz edilmiş Kanada P-3 təyyarəsi, mütəxəssislərin “Titan”ın ekipajından gəldiyinə ümid etdikləri fasilələrlə səs-küyü aşkar etdikdə ortaya çıxmışdı. Lakin mütəxəssislər bunun yalnız okean səsləri ola biləcəyini fərz etmişdilər. Xilasedicilərin qalıqlarına baxış keçirdikdən sonra ABŞ Sahil Mühafizəsi bildirib ki, qalıqlar sualtı gəminin partlayış nəticəsində sıradan çıxdığını göstərir. Ekipaj üzvlərinin qalıqlarının tapılacağına isə əminlik yoxdur. Florida Beynəlxalq Universitetinin professoru Eylin Mariya Martinin sözlərinə görə, sualtı qayığın korpusunun dağılması inanılmaz dərəcədə sürətlə baş verib. Ümumilikdə, prosesin millisaniyə ərzində baş verdiyi bildirilir: “Böyük ehtimalla, bütün bunlar insanların problem olduğunu dərk etmələrindən əvvəl baş verib. Son nəticədə, bu, ağrısız olub”.

Bəs itkin düşmüş “Titan”nı niyə xilas etmək mümkün olmadı? Ekspertlər bildirirlər ki, “Titan”da müvafiq mexanizmlər olmadığından insanların su altında başqa sualtı qayığa keçməsi mümkün deyil. Onlar aşkar edilsə belə, ekipaj üzvlərini xilas etmək üçün uzaqdan idarə edilən nəqliyyat vasitəsindən istifadə etməklə mürəkkəb əməliyyat həyata keçirmək lazım idi. Doğrudur, həmin nəqliyyat vasitənin köməyi ilə kabeli batiskafa bağlayıb su üzərinə çıxarmaq olardı. Ancaq bu əməliyyat üçün bir neçə saat vaxt tələb olunurdu ki, o da xilasedicilərdə yox idi. 

Sualtı qayığın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq olub. 58 yaşlı iş adamı beynəlxalq təyyarə sənayesində tanınmış sima sayılırdı. O, 2022-ci ildə  “Amazon” internet şirkətinin qurucusu Ceff Bezosun gəmisi ilə kosmosa uçmuşdu. “Titan”dakı digər zəngin işadamı Pakistanın ən varlı adamlarından biri, 48 yaşlı Şahzadə Davuddur. Sualtı qayıqda onun 19 yaşlı oğlu Süleyman Davud da olub. Süleymanın bibisi Azmeh Davud “NBC News”a açıqlamasında bildirib ki, Şahzadə Davud “Titanik” həvəskarı olsa da, oğlu Atlantik okeanının dibinə səyahət etməkdən qorxurmuş. Lakin səyahət Atalar Gününə təsadüf etdiyindən Süleyman atasını sevindirmək istəyib və buna görə sualtı səyahətə getməyə razılıq verib. 

Faciə ilə bağlı daha bir maraqlı fakt “OceanGate” şirkətinin sahibi Stokton Raşla bağlıdır. Belə ki, onun həyat yoldaşı Vendi Raş “Titanik” qurbanlarının nəslindəndir. Bu barədə “The New York Times” arxiv sənədlərinə istinadən xəbər verir. Sənədlərə görə, Vendi Raş pərakəndə satış maqnatı, “Macy's” univermağının ortaq sahibi Isidor Ştraus və onun həyat yoldaşı İda Ştrausun kötücəsidir. Onlar “Titanik” gəmisinin ən varlı sərnişinləri olublar.  Hər ikisi 1912-ci ildə laynerin qəzaya uğraması nəticəsində dünyalarını dəyişmişdilər.

S.ELAY,

“Xalq qəzeti”

Hadisə